Pakistanda böyük oxucu auditoriyasına malik ingilisdilli "Diplomatic Star" jurnalında tanınmış jurnalist Amir Mahmud Battinin "Nizami Gəncəvi-870" adlı məqaləsi dərc edilib. Məqaləni oxuculara təqdim edirik.
   
   Böyük Azərbaycan şairi və filosofu Nizami Gəncəvi (əsl adı Məhəmməd İlyas Yusif oğlu: 1141-1209) Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə anadan olub və bütün ömrü boyu bu şəhərdə yaşayıb. Şair hələ yeniyetmə ikən valideynləri vəfat edib. İlyası əmisi böyüdüb. O, mədrəsədə təhsil alıb və orta əsrlər elmlərinə mükəmməl şəkildə özü yiyələnib. Nizami Gəncəvi öz yaradıcılığına lirik poema ilə başlayıb. O, məşhur qəzəl və qəsidələrin müəllifidir.
   Nizami ağıllı və mülayim təbiətli, saray həyatının cazibəsindən uzaq qaçan şair olub. Onun lirikası yüksək peşəkarlığı, məhəbbətə dünyəvi münasibəti və insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Nizami Gəncəvi dünya ədəbiyyatına beş poemadan ibarət məsnəvi formasında yazılmış «Xəmsə»si ilə daxil olub: «Sirlər xəzinəsi», «Xosrov və Şirin», «Leyli və Məcnun», «Yeddi gözəl» və «İsgəndərnamə».
   Nizami Gəncəvinin ilkin Şərq İntibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapıb. «Sirlər xəzinəsi»ni daha çox fəlsəfi məsələlərə həsr edib. «Xosrov və Şirin» əsəri isə Xosrov şahla şahzadə Şirin və memar Fərhad arasında məhəbbət üçbucağıdır.
   «İsgəndərnamə» poeması və ya böyük İsgəndərin (Aleksandrın) kitabı həmçinin “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən ibarətdir. Birinci hissədə böyük İsgəndər dünyanın fatehi kimi təsvir edilir, ikinci hissədə isə onun portreti peyğəmbər və filosof kimi göstərilir. Onun daxili dünyasına səyahətdə sufi alleqoriyaları, panteizm özünü göstərir.
   Nizaminin «Yeddi gözəl» poeması onun şah əsəri kimi qiymətləndirilir. Belə ki, Avropa incəsənətinə nüfuz edən «Yeddi gözəl» hökmdar Bəhram Gurun yeddi xanımı haqqında romantik hekayədir. Sonralar isə poemada təsvir olunan personajlar Avropada Şiller və Puççini (“Turandot” operası) tərəfindən prototip kimi istifadə olundu. Ümumilikdə, Nizaminin poeziyası sonradan türk, fars, cığatay və hind dillərində epik poeziya üçün nümunəvi bir istiqamət oldu.
   Lakin Nizaminin üçüncü poeması olan «Leyli və Məcnun» daha çox sevilir. Məşhur sevgi hekayəsi olan «Leyli və Məcnun»un çılğınlığı Şekspirin «Romeo və Cülyetta»sı kimi Avropa Renessans ədəbiyyatına keçib.
   Məcnun (əsl adı Qeysdir) bədəvi şairidir və öz tayfasından olan Leyli Əl-Əmiriyə aşiq olur. O, Leyliyə olan sevgisi haqqında şeirlər qoşur və bu şeirlərdə tez-tez onun adını çəkir. Qeys Leyli ilə evlənmək istəyində olduğunu bildirəndə qızın atası tərəfindən rədd edilir. Sonra Leyli başqa bir kişiyə ərə verilir. Qeys bu evlilik barədə eşidəndə o, tayfa düşərgəsindən qaçır və səhrada sərsəri həyat keçirməyə başlayır. Şeirlərini söyləyir, bəzən də onları çubuqla qumun üzərinə yazırdı.
   
   Hər əsən meh,
   Sənin ətrini mənə gətirir;
   Hər oxuyan quş,
   Sənin adını mənə söyləyir;
   Hər gördüyüm yuxu,
   Sənin üzünü mənə gətirir;
   Sənin sifətindəki hər baxış,
   Məndə öz izini buraxıb.
   Mən səninəm, mən səninəm,
   Yaxın, yoxsa uzaq;
   Sənin kədərin mənimdir,
   hamısı mənimdir,
   Harada olursansa ol.
   
   Leyli öz həyat yoldaşı ilə indiki İraqa köçür və orada xəstələnərək vəfat edir.
   Sonralar Qeysi Leylinin qəbri yanında ölü olaraq tapırlar. O, qəbrin yanındakı qaya üzərindən üç beyti daşla oyaraq yazmışdı. «Leyli və Məcnun» özünün bütün mistik və dünyəvi formaları ilə sevgini fəlsəfi və dramatik tədqiq etməklə Osmanlı şairləri üçün xüsusi ilham mənbəyi oldu.
   Bu il Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının ilk dəfə tamaşaya qoyulmasının 104 illik yubileyi tamam oldu. Əsərin ilk tamaşası 25 yanvar 1908-ci ildə Bakıda Tağıyev Teatrında səhnələşdirilib və bu, müsəlman dünyasında yaradılan ilk opera oldu.
   İnsanın daxili dünyasının, onun hislərinin təsviri, əsas qəhrəmanların xarakter formalarının dinamik inkişafı ilə birlikdə düşüncələri Nizami ədəbi məktəbinin tərkib hissəsidir. Nizami Gəncəvinin poemaları daha çox sevgi mövzusu ilə zəngindir və bu da Şərq ədəbiyyatında geniş yayılıb. Nizami Şərq xalqlarının ədəbiyyatına çox yüksək insan idealları və yeni peşəkar nailiyyətlər gətirib və ədəbiyyatda yeni istiqamət açıb. O, həmişə ədəbiyyatı real həyatla bağlamağa can atıb.
   Bəşəriyyətin böyük şairi olmaqla o, insanları alicənablığa, ləyaqətə səsləyirdi. Dünya filosoflarının ideyaları və mədəni irsi Nizami tərəfindən insanların arzuladıqları mükəmməl gerçək həyat modeli kimi məharətlə təqdim edilib. Nizami Şərq ədəbiyyatında ilk şairdir ki, qadını yüksək insani keyfiyyətlərə malik varlıq kimi təsvir edib: cəsur, mərd, əxlaqlı. O sübut edir ki, qadınlar həyatın müxtəlif sahələrində kişilərlə bərabər şərtlərlə aktiv fəaliyyət göstərə bilərlər.
   Nizami Şərq ədəbiyyatında ilk dəfə zəhməti, əməyi tərənnüm edib və bu qənaətə gəlir ki, insanı digər canlılardan fərqləndirən də budur.
   Nizami öz dövrünün böyük vətənpərvəri olub. Hər bir əsərində o, hadisələri öz xalqının böyük keçmişi ilə əlaqələndirməyə çalışırdı. Azərbaycanın ecazkar təbiəti şair tərəfindən sevgi ilə təsvir edilib. Azərbaycanın şifahi ədəbiyyatı - əfsanələr, nağıllar və atalar sözləri Nizami yaradıcılığında geniş və məharətlə istifadə olunub. Və öz növbəsində sehrli poeziya Azərbaycan folkloruna da əhəmiyyətli təsir edib. Nizami Gəncəvinin nadir əlyazmaları Paris, London, Moskva, Qahirə, İstanbul, Sankt-Peterburq, Bakı, Daşkənd, Tehran, Dehli və digər şəhərlərin məşhur kitabxana, fond və muzeylərində dəyərli incilər kimi qorunub saxlanılır. Şairin əsərləri bir çox dillərə tərcümə edilib.
   Nizaminin poeziyası Şərq incəsənətinin inkişafında əvəzedilməz rol oynayıb. Avropanın Nizami Gəncəvi irsinə marağı XVII əsərin sonlarından yarandı: əsərləri ingilis, alman, fransız, italyan, ispan, yapon və digər dünya dillərinə tərcümə edildi, həyatı və yaradıcılığı araşdırıldı. Nizaminin irsi Azərbaycan xalqı tərəfindən hər zaman sevilib. Bakıda Ədəbiyyat İnstitutu, Ədəbiyyat Muzeyi, metro stansiyası və paytaxtın baş küçələrindən biri Azərbaycanın böyük oğlunun adını daşıyır. Paytaxtın mərkəzində Nizami Gəncəvinin heykəli ucalır. Şairin məqbərəsi öz doğma şəhəri olan Gəncədədir. Üzəri şairin poemasından olan misralarla bəzədilən bu məqbərəni dünyanın hər yerindən minlərlə turist ziyarət etməkdədir.
   
   Mehparə