“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və “Heritage Travel” turizm şirkətinin birgə layihəsi olan “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turları çərçivəsində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində yerləşən Cavanşir qalasına səfər təşkil olunub.
“Cavanşir qalası” istirahət mərkəzinə qədər avtobusla gedən tur iştirakçıları sonra “Niva” markalı avtomobillərlə Ağçayı keçərək qalanın ətəyinə çatıblar.
Abidənin tədqiqatçısı, professor Qafar Cəbiyev bildirib ki, Ağçayın sağ sahilində yerləşən Cavanşir qalasına şimal, qərb və şərq tərəfdən daxil olmaq təbii cəhətdən qeyri-mümkündür. Qalaya yalnız cənub tərəfdən daxil olmağa imkan var. Bu səbəbdən tikilinin cənub divarlarının möhtəşəmliyinə xüsusi diqqət yetirilib.
Mədəni irs turu barədə məlumat verən “Miras” İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli qeyd edib ki, Cavanşir qalası təbii-ekzotik baxımdan çox əlverişli bir məkanda yerləşir. Qalanın içərisi və ətraf ərazilər sıx meşəlikdir və hər tərəfində çay, şəlalə və bulaqlar var. Bu isə abidənin turizm baxımından cəlbediciliyini şərtləndirən amillərdir. Mədəni irs turlarının əhəmiyyətini vurğulayan F. Xəlilli bu cür təbliğat işlərini davam etdirəcəklərini bildirib.
Ceyhun