Ölkə başçısının sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin (1882-1941) anadan olmasının 130 illiyi geniş qeyd olunur. Bu il həm də ədibin Bakıdakı ev-muzeyinin yaradılmasından 30 il keçir...
   Hüseyn Cavidin zəngin yaradıcılığı, parlaq istedadı və nakam taleyi həmişə böyük maraq doğurub. Mütəfəkkir ədibin və əzizlərinin vaxtilə nəfəsinin, bir-birindən nigaran ruhlarının dolaşdığı bu ocaqdan zəngin təəssüratla ayrılacağıma əvvəlcədən əmin idim...

   
   Muzeyin tarixi
   
   Muzey 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qəbul etdiyi «Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında» qərara əsasən yaradılıb. Lakin muzeyin tam fəaliyyətə başlaması, eləcə də məkanla bağlı məsələlərin (ilkin olaraq muzeyə beş otaq ayrılmışdı) həlli sonrakı illərə uzanıb. 1995-ci ilin 10 iyununda Azərbaycan Prezidenti Heydər Əliyevin yanında keçirilən müşavirədən sonra bütün problemlər həllini tapır, bununla bağlı Nazirlər Kabinetinin müvafiq qərarı verilir. Ev-muzey 245 kvadratmetr sahəni əhatə edir və onun 130 kvadratmetrində ekspozisiya yerləşir.
   
   Bən fəqət hüsni-xuda şairiyəm,
   Yerə enməm də səma şairiyəm…
   
   Cavid ocağına gələnləri qapıda bu sözlər qarşılayır. Ədib bu evdə 17 il yaşayıb. Elə girişdəcə Cavidlər dünyasının ruhunu hiss edirsən...
   Muzeyin ekspozisiyası dörd otaqda yerləşib. Yeri gəlmişkən, bu il muzeydə bir sıra yenidənqurma işləri görülüb, ekspozisiyada müasir dövrlə səsləşən tərtibat işləri aparılıb. Muzeydə birinci otaq şairin yaradıcılığını əks etdirir. Ortada Cavidin Naxçıvandakı məqbərəsində ucaldılmış mərmər heykəlinin (müəllif Xalq rəssamı Ömər Eldarov) gipsdən olan variantı yer alıb. Heykəllə üzbəüz divar üzərindəki lövhədə dramaturqun məşhur pyeslərinin adları maraqlı bir kompozisiyada təqdim olunur. Xalq sənətkarı Seyfəddin Məmmədvəliyevin müəllifi olduğu dekorativ-tətbiqi sənət əsərində qoz ağacından qabartma və oyma üsulu ilə ədibin “Ana”, “Maral”, “Şeyx Sənan”, “Şeyda”, “Uçurum”, “İblis”, “Azər”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Knyaz”, “Səyavuş”, “Xəyyam”, “Telli saz” əsərlərinin adları yazılıb.
   Divar boyu fotolar, on illər ərzində Azərbaycan səhnəsinin ən müxtəlif aktyor nəsillərinin ifasında səhnələrimizdə görünmüş Cavid qəhrəmanlarını əks etdirən şəkillər təsvir olunur. Ədibin 20-30-cu illərdə Bakı teatrlarında oynanılmış tamaşalarının afişaları da buradadır. Dəhlizdə sıralanmış vitrinlərdə Cavidin ötən əsrin ilk onilliklərində ərəb və latın qrafikası ilə nəşr edilmiş “Bahar şəbnəmləri”, “Keçmiş günlər”, ”İblis”, \"Şeyx Sənan\", \"Uçurum\", \"Topal Teymur\" və sair əsərləri ilə yanaşı, əsrin ikinci yarısında işıq üzü görmüş müxtəlif dillərdə kitabları, həyatı və yaradıcılığı ilə bağlı Azərbaycan və əcnəbi müəlliflərin əsərləri düzülüb.
   
   Tikiş maşını ağır illərdə ailənin “çörək ağacı” olub
   
   Muzeyə səyahətim xatirə otağına keçidlə davam edir. Bu otaq əsasən şairin bioqrafiyasını və sənət taleyini əks etdirir. Ona görə də tərtibat nöqteyi-nəzərindən burada 20-30-cu illər bütün qabarıqlığı ilə sezilməkdədir. Şkafın içərisində Cavidə və Müşkinaz xanıma məxsus olmuş bir sıra əşyalar düzülüb. Eksponatlar arasında Müşkinaz xanımın iki üzüyü, əl işləri - toxumaları, Hüseyn Cavidə məxsus əşyalar - cib dəftərləri, eynək qabı və s. var.
   Şkafın yanındakı tikiş maşını ağır illərdə ailənin “çörək ağacı” olub. Cavidin həbsindən sonra xanımı 1938-ci ilin aprelində Klara Setkin adına sənaye kooperativ şirkətinə işə düzəlmiş və burada 10 ilə yaxın çalışmalı olmuşdu. Ən adi iş üçün qapılar «xalq düşmənləri»nin üzünə bağlı olduğu vaxtda bu iş Müşkinaz xanım və qızı üçün dolanışıq mənbəyi idi.
   
   “Turandan muğayat olun”
   
   Ev-muzeydə otaqlardan biri Hüseyn Cavidin və ailəsinin sovet rejimi tərəfindən məruz qaldıqları müsibətlərə həsr edilib. Açıq qapıdan qarşı divardakı rəsm əsəri görünür. Xalq rəssamı Oqtay Sadıqzadənin çəkdiyi «Qara yazı» adlı tabloda 1937-ci il repressiya qurbanlarından bir neçəsi təsvir edilib.
   Kitab dolabı... Buraya Cavidə məxsus kitablar, səhifələrində Cavidin qeydləri olan əsərlər yığılıb. Dramaturqun yazı masası... Üzərində yarımçıq əlyazmaları, mürəkkəbqabısı, qələmi... Cavidin bu otaqdan, bu evdən ayrıldığı son günün son işarələri... Divar saatının altında «Xəyyam» əsərindən yazılan misralar isə sanki Cavid faciəsini pıçıldayır:
   
   Hey fələk keçdi zaman dalğa kibi,
   Öylə bir dalğa ki, qorxunc, əsəbi.
   
   Ev-muzeydəki ən böyük otaqda Hüseyn Cavidin və onun bəstəkar, şair, rəssam oğlu Ərtoğrulun ədəbiyyat və sənətdə qazandıqları sayğı və zəfərləri nümayiş etdirir. Muzeyin elmi fondundan əlavə, öz videotekası və fonotekası var. Otağın girəcəyində sağ tərəfdə piano qoyulub. Vaxtilə bu pianoda həm Ərtoğrul Cavid, həm də onun müəllimləri Üzeyir Hacıbəyli, Bülbül ifa ediblər.
   Cavid 1941-ci ildə Sibirdən yolladığı son məktubunda “Turandan muğayat olun” yazmışdı. Tale elə gətirdi ki, Cavidlərin hamısından, onların nigaran xatirələrindən muğayat olmaq yükünü bütün ömrü boyu zərif çiyinlərində evin sonbeşiyi Turan Cavid daşıyası oldu. O, Cavidin, qardaşı Ərtoğrulun əsərlərini, əzizləri ilə bağlı hər bir yadigarı göz bəbəyi kimi hifz edərək bu günə çatdırıb, onillərlə sürən arzulardan, ümidlərdən sonra yenidən burada - öz evlərində toplayıb.
   
   Muzey həm də elmi-tədqiqat müəssisəsidir
   
   Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının sözlərinə görə, Cavid ocağı bu gün də elmi-tədqiqat müəssisəsi, ədibin yaradıcılığı ilə məşğul olanları bir araya toplamaq üçün əlaqələndirmə mərkəzi kimi də fəaliyyət göstərir: “Dünyanın müxtəlif ölkələrindən, respublikamızın bütün bölgələrindən Cavidlə bağlı maraqlananların əksəriyyəti bizə müraciət edir”.
   Cavidin 130 illik yubileyinin geniş qeyd olunduğunu deyən direktor bu münasibətlə muzeyin bir sıra tədbirlər təşkil etdiyini, müxtəlif layihələr həyata keçirdiyini deyir: “Oktyabr ayında “Hüseyn Cavidin yaradıcılığı çağdaş təfəkkür işığında” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirdə dünyanın bir çox ölkələrindən cavidşünaslar iştirak edəcək. Özbəkistan, Türkiyə, Almaniya, Finlandiya, ABŞ-dan qonaqlarımız olacaq. Artıq onlar məqalələrini təqdim ediblər. Biz konfrans materiallarını toplu halında çap edəcəyik”.
   Yubileylə bağlı muzeyin daha bir layihəsi “Cavidşünaslıq” toplusudur. Ədibin sağlığından bu günə qədər dövri mətbuatda həyatı, fəaliyyəti, yaradıcılığı haqqında nə qədər məqalə çıxıbsa, hamısı toplanaraq yenidən 10 cilddə təqdim olunacaq: “Bu, 1912-ci ildən başlamış 1990-cı ilə qədər böyük bir dövrü əhatə edir. Layihənin maraqlı tərəfi odur ki, cavidşünaslar, tədqiqatçılar arxivlərdə hansısa qəzeti axtarmalı olmayacaqlar. Yeni nəşr mükəmməl bir arxiv kimi onlara xidmət edəcək. Bundan əlavə, biz Cavidin biblioqrafiyası və veblioqrafiyasını hazırlamışıq. Siz bilirsiniz ki, Turan xanımın Cavidin ədəbi irsinin təbliğində çox böyük xidmətləri olub. Bununla bağlı “Turan Cavidin ömür salnaməsi” adlı kitab hazırlayırıq. Kitabda onun həyatı, elmi-bədii fəaliyyəti əksini tapacaq”.
   Qeyd edək ki, bu il Özbəkistanda və Türkiyədə ədibin yubileyi geniş qeyd olunub. Həmin tədbirlərdə muzey də yaxından iştirak edib. Bundan əlavə, Türkiyədə yaradılacaq “Türk Dünyası Şairlər Otağı” adlı muzeydə 40 böyük ədibin sırasında Hüseyn Cavidin irsi də təbliğ olunacaq. Bu layihəyə Hüseyn Cavidin ev-muzeyi tərəfindən lazımi köməkliklər göstərilir. 

   Ceyhun Zərbəliyev