Miniatür sənəti tarixinə səyahət
   
   Miniatür sənəti müsəlman Şərq xalqlarının çoxəsrlik incəsənət tarixinin ən maraqlı səhifələrindən biridir. Bu sənətin Azərbaycanda da zəngin tarixi var. Orta əsrlərdə sənətkarlarımız bədii təxəyyüllərinin zənginliyi ilə bu gün də hər kəsi heyran qoyan, xalqımızın incəsənətinin qədimliyini, özünəməxsusluğunu sübut edən nümunələr yaradıblar.
   
   Təsviri sənətin bir növü kimi miniatür sənətkarlığı əsasən kitab illüstrasiyaları formasında, bilavasitə klassik Şərq poeziyasının təsiri altında inkişaf edib. Orta Şərq miniatür sənətinin ilk nümunələri Azərbaycanın Təbriz, Marağa kimi şəhərlərində yaranıb. Bu barədə yazılı mənbələrə müraciət etdiyimiz zaman bir çox müəlliflərin araşdırmaları və tarixi faktlarla rastlaşırıq.
   XIV əsrdən etibarən bu sənət müstəqil bədii məktəb kimi formalaşmağa başlayıb və həmin dövrün rəssamları Əhməd Musa, Şəmsəddin tərəfindən çəkilmiş miniatürlər hazırda dünyanın bir çox muzeylərində qorunub saxlanılır. Əssar Təbrizinin “Mehr və Müştəri” əsərinə çəkilmiş illüstrasiya Təbriz məktəbinin mükəmməl nümunəsidir. XV əsrin əvvəllərində Azərbaycan miniatür sənəti daha da təkmilləşir. Həmin dövrdə Təbriz məktəbinin təsiri ilə Şamaxı və Bakıda da miniatür sənəti inkişaf etməyə başlayır. Bununla belə, Təbriz miniatür məktəbinin inkişaf zirvəsi XVI əsrin ortalarına təsadüf edir.
   Səfəvilər dövlətinin yaranması ilə bağlı Azərbaycanın paytaxtı Təbriz şəhəri yenidən yaxın və orta Şərqdə mədəniyyətin, estetik fikrin, bədii yaradıcılığın mərkəzinə çevrilir. Təbrizdə Şah İsmayıl və Təhmasibin saray kitabxanasında böyük ustad Sultan Məhəmmədin rəhbərliyi ilə Müzəffər Əli, Mirzə Əli Təbrizi kimi yerli rəssamlarla yanaşı, Kəmaləddin Behzad, Ağamirək İsfahani kimi görkəmli sənətkarlar fəaliyyət göstərirdilər. Həmin dövrlə əlaqədar İlqar Fəhminin “Miniatür sənəti tarixindən bəzi cizgilər” başlıqlı silsilə yazılarında belə bir cümlələrə rast gəlirik: “Taxta çıxandan sonra Şah İsmayıl özünə ustad bildiyi Hüseyn Bayqara kimi şairləri, rəssamları, xalçaçıları, xəttatları sarayına toplamışdı. Təbriz sarayında yeni kitablar hazırlanır, gözəl miniatürlər çəkilir, əvəzsiz xalçalar toxunur, qiymətli şeirlər yazılırdı. Hətta Təbriz civarında müsəvvirlərin (rəssamların), xəttatların və kitab cildçilərinin yaşadığı ayrıca məhəllə də salınmışdı. Kəmaləddin Behzad Təbrizə gələndə Səfəvi dövləti öz çiçəklənmə dövrünü yaşamaqda idi və ruhdan düşmüş Behzad burada sanki ikinci vətənini tapmış oldu, yenə də böyük səylə öz sənətini inkişaf etdirməyə başladı.
   Bu günə kimi də Avropa və rus tarixçiləri Təbriz miniatür məktəbinin banisi kimi heratlı Kəmaləddin Behzadı görürlər. Halbuki uzun illər Behzadın himayədarı olan Herat hökmdarı Sultan Hüseyn Bayqara, onun vəziri, məşhur şair Mir Əlişir Nəvai bütün varlıqlarını Heratın çiçəklənməsinə həsr etmişdilər. Gözəl saraylar, kaşanələr tikdirmiş, usta sənətkarları Herata dəvət edib, bu şəhəri Türk-İslam mədəniyyətinin mərkəzinə çevirmişdilər. Behzad Heratda saray kitabxanasının rəisi idi. Herata basqın edib şəhərləri, kəndləri viran qoyan özbək hökmdarı Şeybani xan 1510-cu ildə Mərv yaxınlığında Şah İsmayıla məğlub oldu. Bundan sonra Kəmaləddin Behzad şagirdləri ilə birlikdə Təbrizə, Səfəvi şahının yanına gəldi və onu yenicə yaranmış kitabxanaya başçı təyin etdilər“.
   Azərbaycan miniatür sənəti XVI əsrin 30-40-cı illərində özünün yüksəliş zirvəsinə çatana qədər uzun və mürəkkəb bir inkişaf yolu keçmişdir. Məlumdur ki, hələ XIV əsrin əvvəllərində Təbrizdə əlyazma kitablar hazırlayan və bədii emalatxanaları olan şah kitabxanası fəaliyyət göstərirdi. Baha və çox böyük zəhmətlə başa gələn əlyazma kitablar Şərqdə yüksək qiymətləndirilirdi. Kitabxanada birinci dərəcəli xəttatlar, miniatürçü rəssam-müsəvvirlər, müzəhhiblər və kitab sənətinin digər ustaları fəaliyyət göstərirdi. Onlar hər cür zəruri ləvazimat - rənglər, dəri, təbəqə qızıl, gümüş və s. ilə təmin olunurdular. Sənətkarlar əsasən dini məzmunlu ədəbiyyatın üzünü köçürür, zəngin tərtibat verir, ədəbi-bədii və tarixi əsərlərə miniatür illüstrasiyalar çəkirdilər. Bədii obrazlar aləmi, Şərq poeziyasının incə dili və ahəngdarlığı, musiqililiyi rəssamlara yüksək poetikləşdirilmiş əsərlər vasitələri yaratmağa imkan verirdi.
   Şərq xalqlarının miniatür rəssamlığı öz xüsusiyyətləri ilə fərqlənməklə yanaşı, həm də mövzu ümumiliyi və ortaq yönlərə də malik idi. Azərbaycan miniatür məktəbinin erkən nümunələri sayılan “Vərqa və Gülşa”, Rəşidəddinin tarixi əsəri olan “Cami ət-təvarix”dəki illüstrasiyalar Təbrizdə güclü rəssamlıq məktəbinin olmasını sübut etməklə bərabər, eyni zamanda bu miniatürlərin zəngin ənənə əsasında yarandığını göstərir. Buradan da belə qənaətə gəlmək olar ki, Azərbaycan miniatür sənəti daha qədim tarixə malikdir. Təbriz məktəbinin formalaşmasında, yerli ənənələrlə yanaşı, digər məktəblərin də Ərəb Mesopotamiyası, Bağdad, Şərqi Türküstanın təsiri hiss olunur.
   Bu yerdə yenə İ.Fəhminin araşdırmasına nəzər salırıq. O qeyd edir: “Belə demək olarsa, orta əsrlər Şərq miniatür sənətinin əlifbasını uyğur rəssamları yaratmışlar. Məhz bu səbəbdən həmin dövrlərdə müsəlman rəssamlarının əsərlərində qədim Çin rəssamlarının çox güclü təsiri hiss olunur. Müsəlman rəssamları da çin rəssamları kimi solğun rənglərdən istifadə edir, kağızın bir hissəsini boş saxlayır, əsas təsvir olunan bir-iki obyekti diqqətə çəkirdilər. Uyğurlar Çinin şimalında yaşadıqlarından Çin mədəniyyəti ilə sıx ünsiyyətdə idilər və Çinin rəssamlıq sənətinə də çox böyük ustalıqla yiyələnmişdilər. Hülakü xan Şərq torpaqlarına qədəm qoyduqdan sonra məhz uyğur rəssamlarının köməyi ilə müsəlmanlar rəngkarlıq sənəti ilə tanış olmağa başladılar”.
   Buna sübut olaraq “Vərqa və Gülşa” miniatürlərində Bağdad məktəbinin boyakarlıq üslubunun təsirini, “Mənafi-əl-heyvan” əlyazmasındakı iri planlı heyvan və quş təsvirlərində isə Çin-Uyğur incəsənətinin qrafik üsullarına rast gəlirik.
   1330-1340-cı illərin böyük “Şahnamə”sinin illüstrasiyaları təkcə Azərbaycan miniatürlərinin deyil, bütün Yaxın Şərq rəssamlığının inkişafında yeni mərhələnin başlanğıcı hesab olunur. Bu nadir əlyazmanın Avropa muzeylərində saxlanılan miniatürləri Şərq rəssamlığının şah əsərləri kimi təqdim olunur. Təbriz məktəbi heç vaxt belə güclü olmamış və qəhrəmanların emosional ifadəliyi belə qüdrətli təsvir edilməmişdir. Həmin əsər psixoloji cəhətdən yüksək qiymətləndirilərək ifadəlli kompozisiyasına görə “ehtiraslı miniatürlər” qrupuna daxil edilib. XV əsr miniatürlərinə nümunə olaraq Nizaminin “Xosrov və Şirin”, XV əsrin sonu XVI əsrin əvvəllərinə aid “Xəmsə” miniatürlərini göstərə bilərik.
   Bu əsərlərin miniatürləri kompozisiya quruluşu, obrazların həlli, koloriti və ifaçılıq üsuluna görə müəyyən fərqli xüsusiyyətlərə malik olmaqla yanaşı, ümumilikdə birləşərək Azərbaycan miniatür sənətində yeni, keyfiyyətli yaradıcılıq istiqaməti təşkil edir. XIV əsrdən fərqli olaraq, yeni yaranan əsərlərdə boyakarlıq üsulunu sərbəst qrafik üsul (rəng yaxıları) əvəzlədi, zərif, ifadəli təsvir vasitələri üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan miniatür sənəti Yaxın və Orta Şərq xalqlarının sənət tarixinin ən maraqlı səhifələrindən birini təşkil edir.
   
   Lalə Azəri