Xurşidbanu Natəvan - 180
Görkəmli şairə, parlaq bədii istedad sahibi Xurşidbanu Natəvanın mədəniyyət tariximizdə layiqli yeri var. Klassik ədəbi ənənələrimizi yaşadan yüksək humanizm ideyaları, dərin lirizm ifadə edən yaradıcılığı sayəsində Natəvan dövrün mədəni mühitinin formalaşmasına mühüm təsir göstərmiş, dolğun ictimai fəaliyyəti ilə şöhrət qazanmışdır. Şairənin təşkil etdiyi “Məclisi-üns” ədəbi cəmiyyətində tanınmış şairlər toplanardı. O, istedadlı gəncləri də məclisə dəvət edir, onların yetişməsinə öz töhfəsini əsirgəmirdi.
Xalqın sevə-sevə “Xan qızı” deyə müraciət etdiyi Xurşidbanu Natəvan geniş istedada sahib bir şəxsiyyət olub. Çoxşaxəli yaradıcılığına nəzər saldıqda onu şairliklə yanaşı, eyni zamanda rəssam, tikmə ustası, xalçaçı simasında da görürük. Xan qızının Milli Azərbaycan Tarixi Muzeyində qorunan əl işləri onun incə zövqə, yüksək sənətkarlıq qabiliyyətinə malik olmasına əyani sübutdur. Qeyd edək ki, Natəvanın 180 illik yubileyi ilə əlaqədar muzeyin hazırladığı bukletdə şairənin əl işləri - tikmə və rəsmləri haqqında məlumatlar verilib.
1886-cı ildə “Gül dəftəri” adlı albomunda Natəvan qrafika üsulunda çəkdiyi müxtəlif gül və təbiət mənzərələri ilə yanaşı, Bakının görüntüsünü, ev, körpü və s. təsvirləri yerləşdirmişdir. Albomun üz qabığına ipək saplar və muncuqlarla tikdiyi nəbati təsvirlər onun bədii dəyərini daha da artırır.
Natəvanın tikmə nümunələri muzeyin etnoqrafiya fondunda mühafizə edilir. Güləbətin sapla tikdiyi yaxalıq, başmaq, öz dövrü üçün yeni olan “xaç” tikmə üsulu ilə bəzədiyi xurcun, qazantutan onun bu sənət sahəsindəki yüksək istedadından soraq verir. Tarixdən bizə məlumdur ki, hətta məşhur fransız yazıçısı Aleksandr Düma da Natəvanın bu istedadına valeh olmuşdur. Şairə 1858-ci ildə həyat yoldaşı Xasay Usmiyevlə bərabər Aleksandr Düma ilə Bakıda görüşərkən başqa hədiyyələrlə yanaşı, ona öz əlilə tikdiyi pul kisəsini də vermişdir. Hədiyyənin zərifliyinə və yüksək sənətkarlıqla işlənməsinə heyran qalan Düma onu “ən gözəl hədiyyə” adlandırmışdır.
Muzeydəki materiallar Xurşidbanu Natəvanı dövrünün bacarıqlı modelyeri kimi də bizə tanıdır. Fondda saxlanılan Avropasayağı üslubda köynəyi şairə vaxtilə öz əlləri ilə tikərək əmisi qızı Münəvvər xanıma hədiyyə edibmiş. Əlbəttə ki, bu, Natəvanın yeganə əl işi deyil. Geyimin tikiş texnologiyası müəllifin ustalığından, yüksək zövqə malik olmasından xəbər verir. Buna sübut kimi Xan qızının fotoşəkillərini nümunə çəkə bilərik. Belə ki, şəxsi geyimləri və fotoşəkillərindən onun yüksək zövq sahibi olduğu nəzərə çarpır.
Həmçinin qeyd etmək lazımdır ki, muzeydə qorunan onlarla nimtənə biçim və tikiş üsuluna aid materiallar içərisində Natəvana məxsus olanlar digər nümunələrdən fərqlənir. Şairənin rəssamlıq qabiliyyəti bu əl işlərində də özünü göstərir. Xara parçadan tikilmiş nimtənənin yaxası zanbaq, qolları yelpazə biçimlidir. Nimtənənin astarının parçanın yerliyinin rənginə uyğun seçilməsi geyimin estetik gözəlliyini daha da artırır. Burada saxlanılan arxalıqlarda dövrünə görə qeyri-adi biçim üsulunun olduğunu görürük. Bu gözəl qabiliyyəti ilə Xurşidbanu Natəvan Azərbaycan maddi mədəniyyətinə böyük töhfələr vermiş, geyim mədəniyyətimizə yeniliklər gətirmişdir.
Xalçaçılıq sahəsində də özünü sınayan şairə Azərbaycanın dünyaya səs salan ənənəvi el sənətində özünəxas izlər qoymuşdur. Onun xalçalarının beynəlxalq sərgilərdə iştirak etməsi haqqında da bəzi məlumatlar vardır. Muzeydə qorunan xurcun, quranqabı, bəzəkli başmaq, yaxalıq, tənbəki kisəsi, süfrə, məfrəş və s. şairədən bizə qalan dəyərli yadigarlardır.
Natəvanın dövrümüzə gəlib çatmış müxtəlif xarakterli əsərlərinin araşdırılması onun maddi və mənəvi mədəniyyət tariximizə verdiyi töhfələri bir daha təsdiq edir. Bu dəyərli məlumatları əldə etməkdə göstərdikləri köməyə görə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarına təşəkkürümü bildirirəm.
Lalə Azəri