AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarovun rəhbərliyi ilə qədim Şabran şəhər yerində aparılan qazıntı-ekspedisiya işləri başa çatıb.
   Qazıntı zamanı şəhərin XV-XVII əsrlərə aid olan mədəni təbəqəsi tədqiq edilmişdir. Məlum olmuşdur ki, bütün qazıntı sahəsinin yer səthindən 70-90 sm dərinlikdə olan hissəsində ağır yanıq izləri var. Belə ki, tədqiq olunan sahədə möhkəm yanıq izləri, kül və komin qatı özünü büruzə vermişdir.
   Aparılan müşahidələrə əsasən belə qənaətə gəlinmişdir ki, bu dağıntılar Səfəvilər dövlətində XVII əsrin əvvəlində daxili müharibənin nəticəsi idi. Məhz bu hadisələrin nəticəsində Şabran şəhəri tam dağılmış, əhali buranı tərk etmişdir.
   Tədqiq olunmuş qazıntı sahəsində XV-XVII əsrlərə aid olan 6 təndir, 3 ocaq, balaca hovuz, evlərin özülləri, dağılmış divarlar, emalatxanalar, təsərrüfat tikililəri və bu dövrə aid maddi-mədəni qalıqlar aşkar edilmişdir. Məlum olur ki, buradakı ailələr təndir çörəyi istehsalı ilə həm özlərinin tələbatını ödəmiş, həm də onun satışı ilə məşğul olmuşlar. Tapılan qalıqların içərisində müxtəlif şirəli-şirəsiz qabların fraqmentləri, dəmir alətlərin qalıqları, mis pullar, şüşə məmulatları və s. arxeofaktlara rast gəlinmişdir.
   Qazıntı işləri göstərir ki, bu dövrdə Şabranda dolğun həyat olub və şəhər tarixi ticarət yolunun üstündə olduğundan Səfəvilər dövlətinin Rusiya, Şərqi və Qərbi Avropa ilə əlaqələrində mühüm rol oynamışdır. Arxeoloji qazıntı işləri növbəti ildən yenidən davam etdiriləcək.
   
   Elnur Şahbazov,
   “Şabran” Dövlət Tarix və Mədəniyyət Qoruğunun kiçik elmi işçisi