Gənc və istedadlı tədqiqatçı İlqar Əliyevin “Sirr və açar” kitabı iki abidə barədə orijinal tədqiqat əsəri kimi qiymətlidir. Kitab dünya memarlıq şedevrlərindən olan Qız qalası ilə Nizami Gəncəvinin “Leyli və Məcnun” poetik abidəsi arasındakı bağlılığı inandırıcı əlaqələr, dəlillər və faktlarla sübut edir.
   Yeddi il ərzində araya-ərsəyə gətirilən bu maraqlı kitabın mahiyyətini açmaq üçün müəlliflə görüşüb “Sirr və açar”ın sirrini açmağa çalışdıq.
   
   Kitabın mahiyyəti
   
   - Bu kitabda sirr Qız qalası, açar Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasıdır. Əsrlərdir ki, Qız qalasının sirri “Leyli və Məcnun”da gizlənir. Sual olunur, söz dünyasının sultanı Nizami Gəncəvi bir əfsanə əsasında əsər yazardımı? Hər bir əfsanənin, mifin, rəvayətin arxasında tarixi bir hadisə dayanır. Dünya ədəbiyyatında Şekspirin “Romeo və Cületta”sını bir qədər tarixə əsaslandığı üçün Nizaminin “Leyli və Məcnun”undan daha üstün sayanlar da var. Ancaq bu kitabın mahiyyəti ondan ibarətdir ki, “Leyli və Məcnun” əfsanə əsasında yazılmayıb. Nizami Gəncəvi həmin ərəb əfsanəsinin güzgüsündə Azərbaycanda baş vermiş hadisəni gizlədib.
   Ədəbiyyatşünaslarımız da zaman-zaman bu əfsanənin arxasında sirr gizləndiyini qeyd ediblər. AMEA-nin müxbir üzvü, professor Teymur Kərimli kitab haqqında yazır: “İlk baxışdan belə görünə bilər ki, Qız qalası memarlıq abidəsi ilə “Leyli və Məcnun” poetik abidəsi arasında heç bir bağlılıq ola bilməz. Ancaq “Sirr və açar” kitabını oxuduqca bu əlaqənin varlığına şübhə yeri qalmır”.
   Bu hadisə XII əsrdə baş verdiyindən dövrün reallığını nəzərə alan Nizami, əlbəttə ki, bunu birbaşa açıqlaya bilməzdi. Şirvanşah Axsitan da kitabın mahiyyətinin sirr olmasını istəmişdi. Nizami “Leyli və Məcnun” əsərinin sonunda belə yazır:
   
   Nizami! Allaha şükür edək biz,
   Mükəmməl qurtardı bu hekayəmiz.
   Bağlılar açarı olsun bu dastan,
   Oxuyub ağ günə çatsın hər insan.

   
   Göründüyü kimi, bu dastan gizli bir sirrin açarıdır. Bundan əlavə, kitabın sonunda Nizami Axsitana müraciətində bildirir ki, şair bu dastanı bir “gərdəyə” salaraq, onun həqiqi mahiyyətini “pərdə arxasına” salmışdı ki, sifarişçi Axsitandan başqa digərləri onun mahiyyətini bilməsin. Çünki həm Qız qalasını tikdirən, həm də “Leyli və Məcnun”u sifariş verən Şirvanşah Axsitan olmuşdur.
   
   O taxtda bir qoca baş söykəyərək,
   Durmuşdu onların qulluğunda tək.
   Qoca, aşiqlərin başına hər an
   Şabaş dağıdırdı asimanlardan.
   
   Bu qoca həyatının ahıl çağında tənha qalmış Şirvanşah Axsitanın özüdür. Qocanın aşiqlərin başına dağıtdığı “şabaş”, Qız qalasının tikilməsinə, “Leyli və Məcnun” əsərinin yazılmasına sərf etdiyi pullara işarədir.
   
   Sirrin sirri
   
   Tarixdən məlumdur ki, Şirvanşah Axsitanın Məhəmməd adlı oğlunun tərbiyəçisi Azərbaycan şairi Xaqani Şirvani olmuşdur. Eşq və məhəbbətə böyük dəyər verən Xaqaninin təlimi Axsitanın övladının tərbiyəsində həlledici rol oynayır. Axsitanın oğlu - Məhəmməd öz qohumu, dərs yoldaşı, Bakı valisinin qızı Leyliyə aşiq olur. Ancaq qızı ona vermirlər. Leyli uzun çəkən ayrılığa dözməyib zəhər qatılmış süd içərək özünə qəsd edir. Nizami bu müsibəti belə ifadə edir:
   
   Ana! Mən ahuya əlacın varmı?
   Südlə zəhər içdim, dərman olarmı?
   
   Bu xəbəri eşidən Məhəmməd də başını daşa çırparaq özünü öldürür. Nizami dastanda yazır:
   
   Boyadı qumları o göz yaşına,
   Çırpdı öz başını çölün daşına.
   
   Məhəmmədin 17 yaşında dünyasını dəyişdiyini Xaqani Şirvani də öz məktubunda qeyd etmişdir. Məhəmmədi Bakıda, Leylinin məzarında basdırırlar:
   
   Daxmanın yanını açıb, müxtəsər,
   Leylinin yanında dəfn eylədilər.
   Tikdilər ordaca bir daş məqbərə.
   
   Haşiyə: İndi Qız qalasının yerləşdiyi yer XII əsrdə qəbiristanlıq olmuşdur. Leylini həmin qəbiristanlıqda basdırırlar. Maraqlısı budur ki, həmin qəbir bu gün Qız qalasının içində yox, Şirvanşahlar sarayı ərazisindəki “Şah məscidi”nin girişində ayaqaltı pillə kimi durur. Çünki adət və ənənələri pozmuş sevgililərin qəbrinin səcdəgaha çevrilməsi o dövrün “başbilənləri”ni narahat etmiş, bu hadisənin gənclərin təlim-tərbiyəsinə pis təsir edəcəyindən ehtiyat edərək belə bir qərar vermişlər. Nizami yazırdı:
   
   O müqəddəs qəbri öpərdi yellər,
   Onu ziyarətə gələrdi ellər.
   
   Şirvanşah Axsitan oğlunun məhəbbətini, yenilməz iradəsini və oğlunun bu məhəbbətinə sadiq qalan sevgilisinin xatirəsini əbədiləşdirmək məqsədilə uyuduqları qəbrin üzərində məqbərə ucaltmağı qərara alır. Bu iki aşiqin qəbrinə tikilən “daş məqbərə” - Qız qalası kimi əbədiləşir.
   
   Zaman dolaşdıqca hər iki qəbrə,
   Tikdilər ordaca bir daş məqbərə.
   
   1314-cü ildə Arif Ərdəbili yazırdı: “Bakı qəbiristanlığında bir məqbərə vardı ki, onu görən valeh və heyran olur. Uzaqdan, dağın arxasından baş qaldırmış parlaq bir günəş kimi görünür. Divandezdən xara daşları daşıyıb, təpənin başında o binanı tikmişlər. Elə bir məqbərə düzəltmişlər ki, hələ fələk mislini görməmişdir”.
   
   Memarlıq peyğəmbəri
   
   Şirvanşah Axsitan Qız qalasını ucaltmağı memar Davud oğlu Məsuda həvalə edir. O dövrdə İslam dini canlıların heykəlini ucaltmağı qadağan etdiyindən, memar Məsud iki sevgilini - kişi və onun qabırğasından yaranan qadının möcüzəvi şəkildə memarlıq həllini verir, Şirvanşah Axsitanın sifarişini “memarlıq peyğəmbəri” səviyyəsində yerinə yetirir.
   Qız qalasının quruluşu ilə insan onurğasının quruluşunun müqayisəli təhlilində bütün detalların üst-üstə düşməsi artıq bir faktdır.
   Dahi memar Qurani-Kərimin 8. əl-Ənfal surəsinin 28-ci ayəsinə uyğun olaraq, Qız qalasını 28 metr hündürlüyündə, 8 mərtəbəli ucaldır.
   Qız qalası iki hissədən, silindrik və ona bitişik əyri çıxıntılı tikilidən ibarətdir. Qalanın bir hissəsinə “insan onurğası” görkəmi verilməsi məqsədilə o, konusvari silindrik formada ucaldılıb. Silindr üzərindəki 31 ədəd çıxıntılı zolaqlar insan onurğasındakı fəqərələrin sayıdır.
   Məqbərə iki sevgiliyə həsr olunduğundan kişi beli və ona bitişik sol əyri qabırğa şəklində (kişi və qadın) ucaldılıb.
   Azərbaycan Tibb Universitetinin fiziologiya kafedrasının dosenti Rəşid Mahmudov yazır: “Müəllif İlqar Əliyevin “Sirr və açar” adlı kitabında təqdim etdiyi Qız qalasının formasının, xarici və daxili quruluşunun memarlıq göstəricilərinin insan onurğası və döş qəfəsinin forma, quruluş və sayları ilə tamamilə uyğunluq təşkil etdiyini təsdiqləyirəm”.
   İslam qanunlarına əsasən Qız qalasının üzü qibləyə doğru tikilib.
   Qız qalasının birinci yarusu ilə ikinci yarusu arasında pillələr quraşdırılmayıb. Onun cənub-qərb tərəfindən təqribən 14 metr hündürlükdə, qala üzərində yeganə yazı olan daş kitabə həkk olunub. XII əsrə aid edilən kufi xətti ilə yazılmış bu kitabə cəmi dörd sözdən ibarətdir: “Qübbə. Məsud ibn Davud”. Üzərindən yüz illər keçəndən sonra rus tarixçisi, professor Xanikov və görkəmli Azərbaycan tarixçisi, akademik Sara Aşurbəyli “qübbə” sözünün mənasını birləşmə, qovuşma, göylərdə ruhların qovuşması kimi açıblar.
   Moskva Beynəlxalq Memarlıq Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, Əməkdar memar Əlibəy Novruzi “Sirr və açar” kitabı barədə yazır: “Əfsuslar olsun ki, bu vaxta qədər Qız qalasına qoşulan əfsanələrdən başqa, bu qədər dəqiq tədqiqat işləri aparılmamışdır. İlqar Əliyevin bu istiqamətdə apardığı tədqiqatlar təqdirəlayiqdir. Maraqlıdır ki, müəllif “Məhəbbət abidəsi”nin konstruktiv quruluşunun insanın onurğa sütunu və qabırğa sümüklərinin formasından götürüldüyünü bildirir. Burada həqiqətə uyğunluq var”.
   
   Gizli kod və açar
   
   Bu dövrdə olduğu kimi, o dövrdə də Qız qalasının müəmmalı görünüşü, onun ucaldılma səbəbləri hamı kimi Nizamini də maraqlandırır. Nizami bu tikilinin mahiyyətində Axsitanın bir sirr gizlətdiyini başa düşür. O, Şirvanşaha müraciət edərək sirr yaratmağın yalnız Allaha məxsus olduğunu bildirir. Qız qalasının nə qədər möhkəm, nə qədər əzəmətli ucaldılmasına baxmayaraq, əvvəl-axır ya zəlzələ, ya selin dağıdacağını deyir. Axsitana müraciət edərək oğlunun yüksək məhəbbətini gizli saxlamayıb gələcək nəsillərə çatdırmaq üçün dastan yaradılmasını məsləhət bilir.
   O dövrün şəriət qanunlarını və türk dövrü ilə ayaqlaşmayan ərəb adətlərini pozmuş oğluna verdiyi yüksək qiymətə görə nəslinin şan-şöhrətinə xələl gələcəyindən ehtiyat edən geniş dünyagörüşlü Şirvanşah dastanın mahiyyətinin vaxtından əvvəl açılacağından ehtiyat edərək Nizamidən xahiş edir ki, əsəri ərəb və fars inciləri ilə bəzəyərək hadisənin türk diyarında deyil, Ərəbistanda baş vermiş rəvayət kimi qələmə alsın. Nizami bu sifarişin öhdəsindən dahiliklə gəlir. “Leyli və Məcnun” dastanını kodlaşdırır.
   Və üstündən əsrlər keçəndən sonra bu sirri açmaq üçün Yaradan mədəniyyət sahəsində tədqiqatlar aparıb uğurlu layihələrə imza atan azərbaycanlı gənci - İlqar Əliyevi seçdi. İlqar Əliyev iki möhtəşəm sənət abidəsi arasındakı bağlılığı “Sirr və açar” kitabında açdı. Bu kitab Azərbaycan nizamişünaslığında, mədəniyyət və ədəbiyyat tariximizdə orijinal araşdırma kimi dəyərləndirildi.
   Əlbəttə ki, bir yazıda tarixi faktlarla, müqayisəli təhlillərlə, məntiqi dəlillərlə zəngin olan kitabı əhatə etmək mümkünsüzdür.
   “Sirr və açar”ın sirrini öyrənmək üçün bu kitabı oxumağa dəyər.
   
   Təranə Vahid