“Dəmir qapı” Dərbənd
   
   Qədim yurdumuzun bol sərvətlər yetirən torpaqları - yaşıl yarpaq meşələri, dürrü-zərəfşan bağları, saçaq-saçaq sarı sünbül zəmiləri tarixən yadelli işğalçıların hədəfində olub. Vətənimizin sinəsi hərb meydanına çevrilib. Qəhrəman babalar qəsbkarları dəf etmək üçün qalalar tikib və bürclər ucaldıb. Dərbənd qalası məhz bu məqsədlə tikilən möhtəşəm tarixi memarlıq abidəmizdir.
   
   Qədim yurd yerlərimizdən olan Dərbənd Böyük Qafqaz dağlarının şərq ətəklərində və Xəzərin qərb sahilində salınıb. Çox əlverişli təbii-coğrafi şəraitə, iqtisadi və strateji mövqeyə malik olub. Qafqaz dağları ilə Xəzər dənizi arasındakı keçidə “Dərbənd keçidi” deyilib. Ulu babaların “Dəmir qapı” adlandırdığı bu qalanın şöhrəti uzaq-uzaq ellərə yayılıb. Qədim yunan və Roma mənbələri onu “Kaspi qapıları” və “Alban qapıları”, alban və gürcü mənbələri “Çola qapısı”, “Hun keçidi”, “Dəniz qapıları”, ərəb mənbələri isə “Bab əl-əbvab”, yəni “Qapılar qapısı” adlandırıb.
   Aparılmış arxeoloji tədqiqatlardan aydın olub ki, 5 min il bundan əvvəl Dərbəndin ərazisində əsasən oturaq həyat tərzi keçirən əhali yaşayıb. Bu torpaqlarda məskən salan ulu babalarımız Dərbənd keçidini daim nəzarətdə saxlayıb. Şimaldan Azərbaycana və başqa cənub ölkələrinə hücum edən tayfalar bu keçiddə dayanıblar. Onların hücumlarının qarşısını almaq üçün keçid boyu gözətçi məntəqələri və başqa müdafiə qurğuları tikilib.
   Mənbələrdə göstərilir ki, Dərbənd müdafiə kompleksi əsasən şimal və cənub darvazalarından, Dağbarı və qaladan ibarətdir. Bu tikili kompleksi heyrət doğuracaq qədər əzəmətlidir. Narınqala adlanan hissə yüksəklikdə qərar tutaraq daha əzəmətli, daha cazibədar görkəmə malikdir. Qala divarlarının qalınlığı 3,5 metr, hündürlüyü 20-25 metrə qədərdir. Möhtəşəm sədlərin tikintisi VI əsrdə başa çatıb.
   Dərbənd qalası ilkin orta əsr Azərbaycan istehkam tikintisinin şah əsəridir. İnşaat texnikasının yüksək səviyyəsinə, memarlıq xüsusiyyətlərinə görə şəhərsalma sənətimizin tarixi nümunəsidir. Artıq V əsrdə Dərbənd iqtisadi və siyasi cəhətdən Qafqazın Şərqində olan mühüm şəhərlərdən biri idi. Eyni zamanda Sasani canişinlərinin (mərzban) inzibati mərkəzi olub. Araşdırmalardan məlum olur ki, Sasani hökmdarı II Yəzdəgird zamanında (438-455) Dərbənd qalasından dənizə qədər çiy kərpicdən qala divarları ucaldılır. Dərbəndin daş divarı I Xosrov Ənuşirəvanın dövründə (531-579) tikilməyə başlayır. Dağlar boyu qərb istiqamətində 40 km-dək uzanan sədd inşa edilib. Bu sədd dənizdən başlayaraq, Qafqaz sıra dağlarının düşmən üçün keçilməz çıxıntılarınadək qırılmaz müdafiə xətti idi. Ərəb mənbələrinin verdiyi məlumata görə, divarlar dənizin içərilərinədək gedib çıxıb. I Xosrov Ənuşirəvanın zamanında şəhərə saxsı borular vasitəsilə dağ bulaqlarından su gətirilir. İranın mərkəzi şəhərlərindən Dərbəndə üç min ailə köçürülür.
   VI əsrdə Sasanilər dövlətinin şimal sərhədindəki ən mühüm strateji məntəqələri Dərbənd və Dər-i alan (Alan qapısı) keçidləri olub. Bu müddətdə Şirvan ərazisində müdafiə məqsədilə daha möhtəşəm istehkamlar tikirlər. Nəhəng sərhəd istehkamlarının tikintisi əsasən Qafqaz Albaniyasının ən varlı vilayəti olan Şirvanın böyük maliyyə vəsaiti və insan qüvvəsi hesabına aparılıb. VII əsr alban tarixçisi Musa Kalankatlı “Böyük Çoğa (Dərbənd) şəhərinin əzəmətli divarlarından, fars hökmdarlarının Qafqaz dağları ilə Şərq dənizi arasındakı keçidi tutmaq məqsədilə möhkəm istehkamlar tikmək üçün memarlar toplamasından” bəhs edir. Əl-İdrisi əl-İstəxridən və İbn Havqəldən iqtibasla liman şəhəri Dərbəndi belə təsvir edir: “Limanın girəcəyində onu hər iki tərəfdən qapayan bənd kimi iki bina tikilib. Dərbəndin divarları çox möhkəm daşdan, çiy kərpic və gildəndir... Orada kətan parçadan paltarlar tikilir”. XIII əsrin əvvəlinə aid “Əcaib əd-Dünya” əsərində Dərbənd malları arasında rus tacirlərinin şimaldan gətirdikləri qiymətli “qunduz, samur, sincab xəzlərinin, qul və gözəl cariyələrin” adları çəkilir. Belə qənaətə gəlmək olur ki, XI-XIII əslərdə Dərbənddə fəal şəhər həyatı olub, sənətkarlıq və ticarət inkişaf edib.
   Onu da qeyd edək ki, şəhər Şimali Azərbaycan xanlıqlarından olan Dərbənd xanlığının mərkəzi olub. 1796-cı ildə Rusiya tərəfindən işğal edilib. Ölkədə tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən, 1840-cı ildə Dərbənd qəzası yaradılır. 1846-cı ildə isə Dərbənd quberniya olur. 1860-cı ildə Dərbənd quberniyası ləğv olunur və tərkibindəki Quba qəzası Bakı quberniyasına verilir. Qalan ərazidə Dağıstan dairəsi yaradılır. 1920-ci il martın 25-də XI bolşevik ordusu şəhəri ələ keçirir, Dərbənddə sovet hakimiyyəti elan olunur. Dərbənd şəhəri 1921-ci ildə yaradılan Rusiya Federasiyasının Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edilir. Beləliklə, tarixi yurd yerlərimizdən biri sərhədlərimizdən kənarda qalır...
   
   Savalan Fərəcov