Qədim musiqi alətlərimiz
Azərbaycanın ən qədim musiqi alətlərindən biri də kamançadır. Muğamlarımızın ifası zamanı trioya (tar, kamança, qaval) daxil olan kamança xalq çalğı alətlərinin kamanlı-simlilər qrupunun ən parlaq nümayəndəsidir. İncə, məlahətli, melodik səsə malik olan bu alət əsrlərdir ki, insanları valeh edir.
Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında kamançanı belə təsvir edir:
Kaman Musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı,
Bu keyfi-işrəti çox alqışladı.
Bu qədim alət barədə orta əsr klassiklərinin əsərlərində də geniş məlumat verilir. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin \"Musiqi məclisi\" əsərində bərbət, dəf və kamança alətləri təsvir edilir, Əbdülqadir Marağayi əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamança haqqında da məlumat verir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edirdi.
Kamançanın çanağının üzü - membranı balıq dərisindən, ya da qaramal ciyərinin pərdəsindən çəkilir, qolu pərdəsizdir. Simləri kaman vasitəsilə səsləndirilir. Kaman - uclarına bir çəngə at tükü bağlanmış yayşəkilli ağac çubuqdur. Alətin ümumi uzunluğu 650-900 sm olur. Son dərəcə təsirli tembri olan kamançada lirik musiqinin ifası xüsusilə gözəl təsir bağışlayır. Həm solo, həm də ansambl tərkibində musiqi aləti kimi istifadə olunur.
Hələ keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlum idi. Milli Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraq doğurur. Burada görkəmli bəstəkar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir.
Kamançanın müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişafı ilə bağlıdır.
Kamançada səslənən musiqi güclü müalicəvi təsirə malikdir. O, əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, qəm-qüssəni aradan götürür. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət hisslər yaradır. Kamançanın ecazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğu əks olunur. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs edən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527) əsərində qeyd edir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır.
Böyük şair Bəxtiyar Vahabzadə isə kamanın simlər üstdə gəzişməsini təbiət və cəmiyyətin ən kövrək yaşantıları ilə əlaqələndirirdi:
O enən, o qalxan səslər, avazlar
Yazbaşı dağların selidir bəlkə?
Kamanın bağrında ağaran tozlar
Yanan arzuların külüdür bəlkə?..
Müasir dövrümüzdə Xalq artisti Habil Əliyev nəinki Azərbaycanda, bütün Şərq dünyasında ən məşhur kaman ustası kimi milli musiqi alətimizin şöhrətini bütün dünyaya yaymaqdadır.
Təranə Vahid