“Letterpress” nəşriyyatında “Şuşa musiqi beşiyidir” kitabı işıq üzü görüb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunan kitabın müəllifi Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov, məsləhətçisi “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdur.
Kitab ulu öndər Heydər Əliyevin “Şuşa Azərbaycanın demək olar ki, böyük bir tarixi abidəsi, eyni zamanda əgər bunu şeirlə desək, incisidir” sözləri ilə açılır.
“Şuşanın musiqi ənənələri indi də yaşayır - Şuşa Uşaq İncəsənət Məktəbi - 80” adlı giriş sözündə müəllif bu qocaman sənət ocağının tarixindən və bu günündən bəhs edir. Kitabda zəngin tarixi abidələri, özünəməxsus ədəbiyyatı və musiqi mədəniyyəti olan Şuşa musiqiçiləri yad edilir, “Qafqazın konservatoriyası”nın musiqi ənənələri, Şuşa musiqi məktəbinin yetirmələri haqqında ətraflı məlumat verilir.
Nəşrdə Şuşanın tarixi və musiqi mühiti barədə tarixi faktlar da yer alıb. Kitabda oxuyuruq: “Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin idi. Ümumiyyətlə, şəhərdə 549 qədim bina, ümumi uzunluğu 1203 metr daş döşənmiş küçələr, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları mövcud idi. O cümlədən 248 mühüm sənət və tarixi abidə, dövlət xadimlərinin və başqa tanınmış şəxslərin evləri olmuşdur... Şəhər XIX əsrin sonu, XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilmişdir və Şuşa musiqisi Azərbaycan musiqisinin əsasını təşkil edirdi. İstedadlı musiqi tədqiqatçısı Firudin Şuşinskinin təbirincə desək, “İtaliya vokal məktəbi musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni mövqe tutur”.
Kitabda Şuşanın görkəmli musiqiçiləri, mədəniyyət və incəsənət xadimləri - şair, filoloq, rəssam, xəttat və musiqiçi Mir Möhsün Nəvvab, məşhur tarzən, “tarın atası” hesab edilən Mirzə Sadıq Əsəd oğlu, tarzən Ağa Mirzə Ələsgər, Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri Cabbar Qaryağdıoğlu, professional Azərbaycan musiqisinin və milli operamızın banisi, bəstəkar, musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki Üzeyir Hacıbəyli, məşhur xanəndələr Keçəçi oğlu Məhəmməd, Zabul Qasım, Məcid Behbudov, İslam Abdullayev, Hacı Hüsü, Seyid Şuşinski, Xan Şuşinski və başqalarının həyat və yaradıcılığından söz açılır. Tarzən, bəstəkar, dirijor Məşədi Cəmil Əmirov, bəstəkar Zülfüqar Hacıbəyov, böyük opera müğənnisi, Azərbaycan professional vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı, SSRİ Xalq artisti Bülbül, bəstəkar, dirijor, SSRİ Xalq artisti Niyazi, bəstəkar, dirijor, musiqişünas, Xalq artisti Əfrasiyab Bədəlbəyli, müğənni, SSRİ Xalq artisti Rəşid Behbudov, görkəmli bəstəkarlar Fikrət Əmirov, Soltan Hacıbəyov, Ələsgər Süleymanov, Nazim Əliverdibəyov, Vasif Adıgözəlov, Polad Bülbüloğlu, pianoçu, SSRİ Xalq artisti Fərhad Bədəlbəyli və başqa istedadlı musiqiçilər barədə məlumat verilir.
Kitabın “Şuşada fəaliyyət göstərən qədim musiqi məktəbləri haqqında” bölümü Azərbaycanda açılan ilk dövlət uşaq musiqi məktəbinin - bugünkü Şuşa Uşaq İncəsənət Məktəbinin 80 illik yubileyinə həsr olunub. Kitabda oxuyuruq: “Şuşada musiqi məktəbinin yaradılması hələ XIX əsrin ortalarına təsadüf edir. O zamanlar Şuşada mütərəqqi fikirli insanların yaşaması müxtəlif musiqi qruplarının formalaşması üçün şərait yaratmışdır. Tarixdən göründüyü kimi Şuşada ilk musiqi məktəbi Xarrat Qulu Məmməd oğlu tərəfindən açılmışdır. O, bu məktəbdə özünün düzəltdiyi müxtəlif musiqi alətlərində uşaqlara ifa etməyi öyrədirdi. Şuşanın görkəmli xanəndələrinin əksəriyyəti bu məktəbin yetirmələridirlər”.
Şuşa musiqinin beşiyi missiyasını layiqincə davam etdirir: “XIX əsrin 80-ci illərində musiqi və muğam aşiqi olan Kor Xəlifə Şuşada yeni musiqi məktəbi yaratmışdır. O, Xarrat Quludan fərqli olaraq şagirdlərinə muğam oxumağı, tar və kamança çalmağı öyrədirdi. Sonralar “Kor Xəlifə”nin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdır. Xarrat Qulunun ölümündən sonra XIX əsrin 90-cı illərində Şuşa musiqi məktəbini Azərbaycanın görkəmli alimi, musiqi nəzəriyyəçisi Mir Möhsün Nəvvabın təşəbbüsü ilə Şuşada yeni musiqi məktəbi açılır. Bu məktəbdə musiqi ifaçılığı ilə yanaşı, vokal sənəti də öyrədilir”.
Kitabda ardıcıllıqla Şuşada fəaliyyət göstərən musiqi məktəbləri haqqında tarixi faktlarla dolğun məlumat verilir.
Nəşrdə tanınmış musiqiçilərin Şuşada ilk açılan dövlət uşaq musiqi məktəbinin 80 illik yubileyi münasibətilə təbrikləri də yer alıb. Şuşa musiqi məktəblərinin, müəllimlərin fotoşəkilləri tarixi anların qiymətli yadigarları kimi maraq doğurur.
Təranə Vahid