Əsəd Cahangirin “Namaz” poeması haqqında
  
   Ateizmin dövlət ideologiyası səviyyəsinə qaldırıldığı sovet rejiminin süqutu Azərbaycan insanını yenidən öz minillik dini inanclarına qaytarıb. Bunun bədii ədəbiyyatda ən bariz nümunələrindən biri Əsəd Cahangirin “Namaz” poemasıdır. Poema ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii nəşri olan “Azərbaycan” dərgisində dərc edilib (2007, № 9), sonra ingilis, türk, rus dillərinə çevrilmiş, müxtəlif İnternet saytlarına yerləşdirilmişdir. XIII əsr böyük İslam mütəfəkkiri və şairi, mövləviyyə sufi ordeninin banisi Cəlaləddin Ruminin 800 illiyinə ithaf olunmuş poema YUNESKO-nun 2007-ci ildə təşkil etdiyi Beynəlxalq Rumi müsabiqəsində birincilik qazanmışdır.
  
   Min beş yüz misradan artıq poemanın kompozisiyası namazın icra olunması ardıcıllığı üzərində qurulub - qiyam, rüku, səcdə, dua. Namazın bu əsas hissələrinə uyğun olaraq poema da dörd hissədən ibarətdir: “Qiyam - insanın həndəsəsi”; “Rüku - vəhşinin xəttü-xalı”; “Səcdə - ağacın imanı”; “Dua- daşın sevgisi”. Beləliklə, namazın hər hissəsi poemanın müəllifi tərəfindən varlığın bu və ya digər hissəsinə analoji olaraq dərk olunur. Və poemanın fəsilləri ilkin müəllif ideyasını özündə qabarıq əks etdirir - insanından tutmuş daşınacan bütün varlıq Yaradana ibadətdədir.
   Şair İslam ayininə kosmik-metafizik anlam verir. Kainat nəhəng bir məsciddir. Kainat məscidinin ay-ulduzu olduğu kimi, minarəsi də var. Süd yolu kəhkəşanıdır. Bu nəhəng məscidin qübbəsi fəzalar, döşəməsinə sərilən yaşıl xalılar isə çəmənliklərdir. Əgər belə demək olarsa, poema üçün əvvəldən axıracan bir pannamazizm səciyyəvidir. Hamı və hər şey aramsız bir ibadətdədir, heç nə namazdan kənarda deyil. Hər şey namazdan keçir və namaz hər şeydən keçir. Çünki Yaradanın dünyaya verdiyi quruluş belədir. Gündə beş dəfə icra olunan namaz isə bu kosmik namazın insani forması, ritual şəklidir.
   Gündəlik namazı icra etməkdə əsas məqsəd də məhz namazın kosmik-metafizik miqyasını dərk etməkdir. Lakin bu, son məqsəd olmayıb özünüdərkə aparan yolun ancaq başlanğıcıdır. Amma özünüdərk də son məqsəd deyil. Əsas məqsəd özünüdərk vasitəsilə Allahın birliyini və onun yaratdığı dünyanın vəhdətini dərk etməkdir. Allah birdir və yaradılışın bütün hissələrində Yaradanın əlamətləri var. Bütün varlıq çevrələri vahid bir nöqtənin ətrafında dövr edir. Buradan da poema müəllifinin son və başlıca qayəsi doğur: ilahi birliyə, dostluğa, sülhə, barışa çağırış! “Namaz” sevgi və vəhdət haqqında poemadır. Və dini, irqi, milli, etnik, hərbi, siyasi, sosial konfliktlərin kəsilmək bilmədiyi çağdaş dövrdə bu ideya olduqca aktual səslənir.
   Dini-mistik, fəlsəfi-sufiyanə ruhun konkret reallıqla sintezi poemanın əsas üslubi keyfiyyətidir. Poemanın süjeti qəhrəmanın bir rükət namazından ibarətdir. Lakin bu bir rükət namaz prosesində o həm özünü, həm təbiəti, həm Adəmdən bu günə qədərki tarixi, həm bu gün baş verən ictimai-siyasi olayları dərk edir və bütün bunların cəmi onu haqqın dərkinə yaxınlaşdırır. SSRİ-nin süqutu, 1988-1992-ci illər Bakı meydan hərəkatı, Qarabağ müharibəsi, Buş administrasiyasının İraqda törətdiyi vəhşiliklər kimi qlobal siyasi hadisələr də, çağdaş insanın ağır sosial problemləri də, mənəvi-əxlaqi aşınmalar da bu idrak prosesində özünün bədii əksini tapır. Ə.Cahangir hadisələrə və faktlara elə bir vəhdət nöqtəsindən baxır ki, Allah və insan, din və dünya, mistika və gerçəklik, tarix və müasirlik, insanın virtual könül aləmi və vizual reallıq burada bir-birinə qaynayıb qovuşur və vahid tamın ayrılmaz tərkib hissələrinə çevrilirlər.
   “Namaz” müasir intellektual poemanın bariz nümunəsidir. Bu, təkcə qoyulan problemin metafizik mahiyyəti, poemanın ruhunu saran fəlsəfilik, psixologizmlə bağlı deyil. Müəllif qədim hind, Misir, yunan, türk mifologiyasına, Tövrat, İncil, Quran kimi səmavi kitablara, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” kimi milli eposlara, xalq nağıllarına, antik yunan filosofu Platondan tutmuş XX əsr alman filosofu Haydeggerə qədər dünya mifoloji, dini, fəlsəfi fikir tarixinə birbaşa və ardıcıl müraciətlər eləyir.
   Bütün bunlarla yanaşı, poemanın dili son dərəcə sadə və xəlqidir. Müəllifin uğuru ondadır ki, o, ən fundamental problemlərdən nənələrimizin, babalarımızın dili ilə danışa bilir. Dilin sadəliyi və xəlqiliyi təhkiyəyə bir axıcılıq, rəvanlıq gətirir, min beş yüz misralıq poemanı birnəfəsə, yorulmadan oxumağa imkan verir.
   Orijinal epitet, metafora, təşbeh, simvol, bədii sual və xitablardan istifadə poema müəllifinin əsas bədii-estetik uğurlarındandır. Poemanın çox az misrası ola bilər ki, orada kəşf səviyyəsində olan bu və ya digər bədii təsvir vasitəsindən istifadə olunmasın.
   “Namaz” vəhy və ilham arasında olan bir duyğudan, özəl bir təbdən doğulmuş poemadır. Poema bədii və dini mətn ritmini məharətlə özündə birləşdirir. Təkcə elə bu cəhətinə görə “Namaz” poemasını Azərbaycan poeziyasında maraqlı bir hadisə, mühüm bir yenilik kimi qarşılamaq olar. Ümumiyyətlə götürəndə isə, “Namaz” Məhəmməd Füzulinin “Leyli və Məcnun”undan sonra Azərbaycan ədəbiyyatında növbəti sufiyanə poemadır.
  
   Sabutay