Mədəni irs seminarı
   
   Martın 13-də Mədəniyyət və Turizm Nazirliyi və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Qobustan Milli Tarix-Bədii Qoruğunda “Folklorumuz və Qobustan” mövzusunda mədəni irs seminarı keçirilib. 
   Azərbaycan folklorunda ilaxır çərşənbə və Novruz ənənələrinin araşdırılması və təbliğinə həsr olunmuş seminarda nazirliyin Mədəni irs şöbəsinin Mədəni sərvətlər (qoruqlar) sektorunun müdiri Könül Cəfərova, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Məlahət Fərəcova, AMEA Folklor İnstitutunun əməkdaşı, sənətşünaslıq doktoru Nailə Rəhimbəyli, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlilli və başqaları çıxış ediblər.
   Seminarda “Miras” İctimai Birliyinin və “Aktiv Media”nın birgə istehsalı olan və Azərbaycanın türk obalarının ilaxır çərşənbələrindən bəhs edən “Tərəkəmə çərşənbəsi” filmi nümayiş olunub. “Miras” musiqi qrupunun muğam ifaçıları Novruz ab-havası canlandıran muğam parçaları ifa ediblər.
   Sonda iştirakçılar Qobustan abidələri ilə tanış olublar.