Yanvarın 15-də Azərbaycan kino tarixinin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Aydın Kazımzadənin 85 yaşı tamam olur. Bu münasibətlə yanvarın 14-də Dövlət Film Fondunda yubilyarın iştirakı ilə tədbir keçirilib.
Gecədə əvvəlcə tanınmış kino tədqiqatçısının həyat və fəaliyyətini özündə əks etdirən fotosərginin açılışı olub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi adından yubilyarı təbrik edən nazir müavini Səadət Yusifova milli kino tarixinin araşdırılmasında Aydın Kazımzadənin xidmətlərindən bəhs edib, onun dövlət tərəfindən bir çox mükafatlarla təltif olunduğunu vurğulayıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi Xalq artisti Şəfiqə Məmmədova, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Azər Quliyev yubilyara təbriklərini çatdırıblar.
Tədbirin aparıcısı, Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Aydın Kazımzadənin çoxşaxəli fəaliyyətindən danışaraq onun milli kinonun təbliğatı ilə bağlı xüsusi xidmətlərinin olduğunu deyib. Bildirib ki, o, 1990-cı illərin ortalarında milli kino muzeyinin ikinci dəfə formalaşmasında böyük zəhmət çəkib.
Xalq yazıçısı Natiq Rəsulzadə, Xalq artistləri Rafiq Əzimov, Həmidə Ömərova, Xalq rəssamı Arif Hüseynov, professor Abbasqulu Nəcəfzadə, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Cahangir Zeynallı, Əməkdar jurnalist Etibar Babayev, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy yubilyarın araşdırmalarından danışıb, təbrik ediblər.
Aydın Kazımzadə tədbirin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Azərbaycan Dövlət Film Fonduna təşəkkürünü bildirib.