Muzey işinin sistemli, elmi səpkidə aparılmasında, digər sahələr kimi, muzey pedaqogikasının da rolu əhəmiyyətlidir. Muzey pedaqogikası iki elmin - pedaqogika ilə muzeyşünaslığın sintezindən yaranan ictimai, elmi-ixtisas fənni olaraq, muzeylər vasitəsilə aparılan təlim-tərbiyə işlərinin məzmununu, prinsiplərini öyrənir, bu sahəyə aid iş üsullarını sistemləşdirir. Odur ki, muzey pedaqogikasının estetik tərbiyədə rolunu nəzərə almaq vacibdir.
   
   Hər bir muzey özünəməxsus mühitə malik olmaqla, müvafiq istiqamətdə fəaliyyət göstərir. Azərbaycan İstiqlal Muzeyi də öz profilinə müvafiq olaraq tarixi dövrlərə həsr edilmiş mövzulara üstünlük verir. Hərbi-vətənpərvərliyə, qəhrəmanlığa, mənəvi-estetik tərbiyənin ayrı-ayrı sahələrinə həsr edilmiş mövzular muzeyimizdə keçirilən tədbirlərin əsas məzmununu təşkil edir. 2006-cı ildən muzeydə müxtəlif yaş qrupundan olan gəncləri əhatə edən təhsil proqramları tətbiq edilir. Məsələn, kollektivimiz tərəfindən ən kiçik yaşlılar üçün sadə təhsil proqramları işlənilib. Proqrama kiçik yaşlıların Dövlət bayrağımızı, Qobustan qayaüstü təsvirlərini çəkmək, “Molla Nəsrəddin” jurnalında satirik şəkillərə uyğun sitatlar seçmək kimi tapşırıqlar daxil edilir. Böyük yaş kateqoriyasından olan məktəblilər üçün işlənmiş proqramda muzeyin ekspozisiyasına əsaslanan suallar tərtib edilir və ekskursiya prosesində onlar bu sualları cavablandırırlar. Onlarla muzeyin profilinə uyğun sorğular, testlər keçirilir, bu da gənclərin müxtəlif tarixi problemlərə münasibətini müəyyən etməyə imkan verir.
   Muzeydə “20 Yanvar”, “Xocalı soyqırımı”, “31 Mart - Azərbaycanlıların Soyqırımı Günü”, “28 May - Respublika Günü”, “15 İyun - Milli Qurtuluş Günü” və s. tarixi hadisələrə həsr olunmuş tədbirlər təşkil etməklə yanaşı, əməkdaşlarımız həmin tarixi günlərdə təhsil ocaqlarında səyyar sərgilər keçirir, mühazirələr oxuyurlar.
   Muzeyin əsas vəzifələrindən biri maarifləndirmə olduğundan kollektivimiz müxtəlif yaşa mənsub insanlara tarixi hadisələrin mahiyyətini, mədəniyyətin, incəsənətin dərk edilməsini aşılamağı pedaqoji qanunauyğunluqlara əsaslanaraq həyata keçirməyə çalışırlar. Qeyd edək ki, bu məsələ UNESCO yanında Beynəlxalq Muzey Şurasının - İCOM-un tövsiyələrində də əksini tapıb və muzeyin təhsil bölümündə ştatda muzey profili üzrə elmi mütəxəssisin fəaliyyət göstərməsinin vacibliyi xüsusi qeyd edilib. Odur ki, muzeyimizdə iş proqramı hazırlanarkən təhsil məsələsinə diqqət yetiririk. Muzey təhsili vasitələri arasında əsas məsələlərdən biri də muzey işçilərinin nitq mədəniyyətinin, onlarda şifahi nitqin inkişafının artırılmasıdır. Yeri gəlmişkən, ölkə Prezidentinin bu günlərdə imzaladığı “Dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda hər bir sahədə dilimizin daxili imkanlarından istifadə olunaraq yeni islahatların yaradılması, həmçinin şifahi nitq mədəniyyətinə diqqət yetirilməsi qeyd olunur.
   İstiqlal Muzeyində ölkəmizin tarixinin müxtəlif mövzuları üzrə açıq dərslər (“Mərdlik dərsləri”) keçirilir. 1918-ci ilin mart soyqırımı mövzusu üzrə keçirilən dərslərdə orta məktəb və liseylərin şagirdləri, hərbi məktəblərin kursantları iştirak ediblər. Bu dərslərin təsir səviyyəsini müəyyənləşdirmək məqsədilə iştirakçılar arasında test keçirdik və testin nəticələrinə görə fərqlənənlər fəxri fərman və mükafatlarla təltif olundular.
   Təcrübə göstərir ki, televiziya və radio şirkətlərinin müvafiq redaksiyaları tərəfindən muzeyin fondlarından, sərgi salonlarından verilişlərin təşkili əhali arasında muzeyin nüfuz dairəsini artırır. Bununla yanaşı, hər bir muzeyin öz profili üzrə marağa səbəb ola bilən eksponatlar dəsti və silsilə mövzularda albom-plakatların hazırlanması əhali arasında estetik tərbiyənin təsir dairəsini genişləndirməyə xidmət edir.
   
   Nigar Qazızadə,
   Azərbaycan İstiqlal Muzeyinin elmi katibi