Kol-kos basmış səhralıqda tozu dumana çevirən külək bir qızın harayını ətrafa yayır: “Sum, qayıt!”. İllər, qərinələr ötür. Əfsanəvi gözəlin sevgi harayı bu torpağa əzəli və əbədi bir ad verir: Sumqayıt!
Sumqayıtda yerləşən qədim tunc dövrünün yadigarı - nekropol bu yerlərdə həqiqətən də qədim insanların məskən saldığını sübut edir və ölkə əhəmiyyətli arxeoloji abidə hesab olunur. Min illər boyunca insanları qoynuna alıb coşqun Xəzərin səsi ilə layla çalan Corat Sumqayıtın memarlıq nümunələri siyahısında birincilər sırasındadır. Bu sözün tarixi mənbələrdə etimoloji baxımdan bir neçə mənası mövcuddur. Bəzi mənbələrdə Coratın “cürət” sözündən yarandığını, burada yerləşən qalanın “Cürət qalası” kimi tarixə düşdüyü ehtimal edilir. Bu qalanın Simu və yaxud Simurq qəhrəman tərəfindən mühafizə olunması haqqında rəvayətlər də çoxdur.
Tarixi mənbələr Coratda yeddi karvansaranın mövcud olduğunu göstərir: Hacı Əmrulla bəy, Hacı Güləhməd, Hacı Hümbət, Kərbəlayı Baladayı, Hacı Zair, Sahibcan və Hacı Kiçikbəy karvansaraları. Məşhur fransız yazıçısı Aleksandr Düma 1858-ci ildə Qafqaza səyahət edərkən, özünün yol qeydlərində bu sətirləri yazmışdır: “Dənizdən iki km aralıda azərbaycanlıların çadır düşərgəsi yerləşirdi. Düşərgə artıq xarabazarlığa çevrilmiş karvansaranın yanında, düzənliyin ortasında salınmışdı. İlk olaraq karvansara haqqında məlumat toplamağa çalışdıq. Məlum oldu ki, bu karvansaranı Şah Abbas tikdirib...” Yazıçının yol qeydləri əsasında tərtib olunmuş “Qafqaza səyahət” kitabında karvansaranın xarabalıqları yanında su ovdanının da varlığı diqqətdən yayınmır. Xanım Əlabbasqızının müəllifi olduğu “Corat. Tarixin bir parçası” kitabında da bu fikrə rast gəlinir: “Şah Abbas su ovdanları da tikdiribmiş. Bu gün onlardan biri “Superfosfat” zavodunun arxasında qalmaqdadır...”
Coratda inşa edilmiş dörd məsciddən ikisi bu günümüzə gəlib çıxmış, digər ikisi 1937-ci ildə dağıdılmışdır. Sakinlər arasında qadın məscidi kimi tanınan məscidlərdən biri Hacı Kiçikbəyin adı ilə bağlıdır. Bu və Hacı Hümbət məscidi kimi tanınan ibadət evi 30-cu illərin “qurbanı”na çevrilmişdir. Cümə və Gülxatın məscidlərinin özünəməxsus memarlığı var. X əsrdə Hacı Əli adlı bir şəxs tərəfindən inşa olunan Cümə məscidi 2004-cü ildə əsaslı təmir olunduqdan sonra bu gün Coratın gözəl memarlıq nümunəsi kimi göz oxşayır.
Qəsəbədə yerləşən Hacı Məcid hamamı isə XVI əsrin memarlıq nümunəsidir. Kükürdlü suyu ilə məşhur olan hamam hazırda yeraltı abidə kimi qorunub saxlanılır. Corat sakini Hacı Əmrulla bəyin sifarişi ilə tikilən ikinci hamamın tarixi isə XVII əsrdən hesablanır. Günbəzşəkilli olan bu hamam da dövlət tərəfindən mühafizə edilir.
Hacı Zeynalabdin Tağıyevin maliyyəsi və şəxsi təşəbbüsü ilə 1903-cü ildən tikintisinə başlanan Şollar su kəmərinin bir hissəsi bir zamanlar Nasoslu - indiki Tağıyev qəsəbəsindən keçib. Üzərində 1916-cı il tarixi göstərilən, Şərq memarlığının təcəssümü olan su qurğusu da tarixi abidə kimi mühafizə olunmaqdadır.
Sumqayıtdakı dənizkənarı parka şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə 1978-ci ildə böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin adı verilmişdir. Həmin ildə parkda ucaldılan, V.Nəzirov və A.Quliyevin müəllifi olduğu “Göyərçin” abidəsi Sumqayıtın simvoluna çevrilmişdir.
Sumqayıtın memarlıq abidələri arasında N.Nərimanov adına mədəniyyət evi (1954), S.Vurğun adına mədəniyyət sarayı diqqəti cəlb edir. Sumqayıtda bir çox görkəmli şəxsiyyətlərin xatirəsi əbədiləşdirilib. C.Cabbarlının, M.Müşfiqin, C.Məmmədquluzadənin büstləri, S.Vurğun, C.Cabbarlının qorelyefləri şəhərə əlavə gözəllik qatır.
Gənclik, gözəllik timsalı Sumqayıtın həm də qəhrəmanlıq, şücaət rəmzi olduğunu buradakı abidələr də nümayiş etdirir. Böyük Vətən müharibəsində həlak olanların əziz xatirəsinə həsr olunmuş monument, bu savaşda Sumqayıtın itirdiyi igid oğulların ruhuna ehtiramının carçısı, vətənpərvərlik nişanəsidir. 20 Yanvar şəhidlərinin şərəfinə ucaldılmış monumentə, Qarabağ işğalının acı nəticələrini yaşadan “Ulduzlar” abidəsinə, Tağıyev qəsəbəsində 32 şəhidə həsr olunmuş abidə-kompleksə tamaşa edərkən Azərbaycanın qəhrəmanlıq dastanını vərəqləmiş oluruq. Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Zülfü Hacıyevin, Mətləb Quliyevin büstləri bu dastanın unudulmaz səhifələridir.
Tağıyev qəsəbəsindəki “Kitabi-Dədə Qorqud” dastanının 1300 illiyinə həsr olunmuş abidə, dahi mütəfəkkir Nizaminin, ulu Nəsiminin abidələri isə Azərbaycanın ədəbiyyat tarixini mərhələ-mərhələ əks etdirir. Ölməz Üzeyir bəyin adını daşıyan küçədə yaşıllıqlar arasında onun abidə-kompleksi böyük bəstəkarın 125 illiyinə sumqayıtlıların töhfəsidir.
Dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin Sumqayıta verdiyi ictimai-siyasi qiyməti, dəyəri heç vaxt unutmayan şəhər sakinləri onun xatirəsini daim əziz tuturlar. Tağıyev qəsəbəsində gözoxşayan Heydər bulağı, şəhərin 3-cü mikrorayonunda əzəməti ilə seçilən Heydər Əliyevin abidəsi buna əyani sübutdur.
Sənurə Lazımova,
Sumqayıtın Tarixi Muzeyinin elmi katibi