Milli xalçaçılıq sənətimizin iki nümunəsi uzun ayrılıqdan sonra Amerikadan vətənə döndü
İyunun 18-də Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində əlamətdar bir gün yaşandı. Həmin gün milli xalçaçılıq sənətimizin iki nümunəsi uzun illərin ayrılığından sonra uzaq Amerikadan doğma yurda geri döndü. Şərq Xalçası və Tekstili üzrə Çikaqo Cəmiyyətinin (ABŞ) üzvü mərhum Qrover Şiltsin kolleksiyasından iki qədim Azərbaycan xalçası onun həyat yoldaşı Beverli Şilts tərəfindən muzeyə hədiyyə edildi.
Mərasimdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev nazir Əbülfəs Qarayevin təşəkkür məktubunu xanım Beverli Şiltsə təqdim edərək belə bir gün münasibətilə bütün sənətsevərləri təbrik etdi. Bildirdi ki, Azərbaycan xalqının əsrlər boyu yaratdığı maddi-mənəvi sərvətlər, o cümlədən xalça sənəti nümunələri dünyanın bir çox məşhur muzeylərində, şəxsi kolleksiya və qalereyalarda saxlanılır: “Bu gün həmin kolleksiyalardan birində qorunan iki sənət nümunəmiz Azərbaycana hədiyyə edilir. Bu mühüm bir hadisədir. XVII və XIX əsrə aid xalça nümunələrimizin öz muzeyimizə qayıtması hamımızı sevindirir”.
Tədbirdə çıxış edən xalçaçı rəssam Eldar Mikayılzadə, Alberto Boralevi və digərləri xanım Beverli Şiltsə öz minnətdarlıqlarını ifadə etdilər. Xanım Şilts isə bütün çətinliklərə baxmayaraq, bu xalçaların Azərbaycana gətirilməsinə nail olduğuna görə məmnunluq duyduğunu vurğuladı: “Mərhum həyat yoldaşımın kolleksiyasında 200-dən artıq xalça var və onların əksəriyyəti Cənubi Qafqaza aid olan sənət nümunələridir”.
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva çıxışında qeyd etdi ki, “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” 7 dekabr 2004-cü il tarixli qanun və həmin qanunun tətbiqi haqqında ölkə Prezidentinin 7 fevral 2005-ci il tarixli fərmanına uyğun olaraq muzey Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə xarici ölkələrin muzeylərində saxlanılan nadir Azərbaycan xalçalarının ölkəyə qaytarılması ilə bağlı müvafiq iş aparır. Bildirildi ki, “Əjdahalı” (Qarabağ xalçası, XVII əsrin sonu) və “Səlyan Xilə” (Şirvan, XIX əsr) xalçalarının muzeyə təqdim olunması bu yöndə aparılan təbliğat işinin nəticəsidir.
Qeyd olundu ki, Q.Şilts Çikaqo simfonik orkestrində çalışmış, ingilis qoboyunda ifa etmişdir. O, Şərq mədəniyyətinin və incəsənətinin vurğunu olmuş, Azərbaycan xalçalarını xüsusilə həvəslə toplamışdır: “Onun kolleksiyasından Qarabağın “Əjdahalı” xalçasının Azərbaycana hədiyyə olunması bu kompozisiyalı xalçanın və həmçinin onun çeşnisi əsasında toxunmuş digər xalçaların Azərbaycan xalçası kimi təsdiqini tapmasında mühüm rol oynayacaq və bu hadisə Azərbaycan xalça sənəti tarixinin mühüm səhifələrindən birinin bərpa edilməsinə səbəb olacaq”.
Tədbirin beynəlxalq aləmdə xüsusi rezonans doğurması məqsədilə muzey tərəfindən ABŞ, Almaniya, İtaliya, Rumıniya - ümumilikdə 15 xarici ölkə nümayəndələri mərasimdə iştirak üçün ölkəmizə dəvət olunub. İCOC (Şərq Xalçaları üzrə Konfrans) Akademik komitəsinin sədri Alberto Boralevinin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə İCOC-un üzvləri, “Carpet XL” jurnalının redaktoru Tim Steynert, xalça kolleksiyaçıları daxildir.
Təqdimat mərasimində XIX-XX əsrə aid Azərbaycan xalça məktəblərində toxunan “Əjdahalı” xalça nümunələri nümayiş olundu. Həmçinin kolleksiyaçı Koos de Conqun xalça məmulatları haqqında yazdığı “Əjdaha və at” kitabının təqdimatı keçirildi və nəşr muzeyə hədiyyə edildi.
Xalça turu
Qeyd edək ki, əlamətdar hadisə münasibətilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin, “Azərbaycan xalçaçıları” İctimai Birliyinin və İCOC-un üzvü Stefano İoneskonun təşkilatçılığı ilə 17-23 iyun tarixində qonaqlar üçün “Xalça turu” təşkil edilib. Turun məsləhətçisi A.Boralevidir. Turun proqramına Bakıda AMEA Milli Azərbaycan Tarixi Muzeyi, İçərişəhər, Qız qalası, “Şirvanşahlar” saray kompleksi və digər tarixi məkanları ziyarət, xalça toxunması prosesi ilə tanışlıq, “Azərxalça” elmi-istehsalat birliyində və xalçaçı rəssam Eldar Mikayılzadənin emalatxanasında xalçaçı rəssamlarla görüş, habelə, Lahıc, Şəki, Şamaxı, Naxçıvan bölgələrinə səfərlər, yerli sənətkarlarla görüşlər daxildir. Turun son günü nümayəndə heyəti Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin möhtəşəm yeni kompleksi ilə tanış olacaqlar.
Lalə Azəri