“Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”
   
   Tarixin sirli qapısı olan abidələr xalqın uzun illər keçdiyi yolunu, yaşam tərzini, mədəniyyətini özündə əbədiləşdirmiş bir xatirədir. Azərbaycan qədim tarixi, əlverişli coğrafi mövqeyi, zəngin mədəni irsi olan ölkədir. İlk növbədə paytaxtımızın tarixi mədəniyyət abidələrindən söz açmaq istərdim.
   
   Tarixi yaşadan tikililər
   
   Bakının mərkəzində, Xəzərin sahilində İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu yerləşir. Mənə məkanın dar, ensiz küçələrində gəzib-dolaşmaq xüsusi zövq verir. Bu qədim şəhərdə bir sıra tarixi-memarlıq abidələri yerləşir. Bu yaxınlarda Azərbaycanın memarlıq incilərindən olan Şirvanşahlar sarayına baş çəkdim. XV əsrin əvvəllərində salınmış bu tarixi memarlıq kompleksinə saray, divanxana (XV əsr), Şirvanşahlar türbəsi (1435-1436-cı illər), Minarəli saray məscidi (1441-1442), Murad darvazası, 1438-ci ildə inşa edilmiş, şah ailəsinə məxsus hamam, XV əsrə aid Seyid Yəhya Bakuvi türbəsi daxildir.
   Kompleksdə bəzək sahəsində ən maraqlı, gözəl abidə divanxana və Şirvanşahlar türbəsidir. Kompleksin tikintisi 1441-ci ilə, Şərq divanxanasının tikintisi isə 1558-ci ilə, memar Əmirşaha aid olduğu qeyd edilir. Onu da deyək ki, Şirvanşahlar sarayı Yaxın Şərqin ən görkəmli abidələrindən biridir. İçərişəhərdə Şirvanşahların ən möhkəm qalalarından biri olan Qız qalası VII-XII əsrlərə aiddir. Hündürlüyü 28 metr olan qalanın yarısından aşağı divarın qalınlığı 5 metr, yuxarı hissəsinin qalınlığı isə 4 metrdir. Dənizkənarı parkın yaxınlığında yerləşən bu əzəmətli tarixi mədəniyyət abidəsi 1964-cü ildən muzey kimi fəaliyyətə başlamış, 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına salınmışdır. Paytaxtımızın digər mühüm tarixi məkanı Atəşgah məbədi Suraxanı qəsəbəsində yerləşir. Məbədin ilk tikilisi 1713-cü ilə aiddir. Mərkəzi məbəd səcdəgahı isə 1810-cu ildə tacir Kançanaqaranın vəsaiti ilə tikilmişdir. Suraxanı Atəşgahı məbəd, hücrələr və zəvvarlar üçün tikilən otaqlardan ibarətdir.
   Mərdəkan qalası da tarixi abidədir. Dördkünc formada olan qala XIV əsrin ortalarında Şirvanşah Mənuçöhrün oğlu Şirvanşah Axsitan tərəfindən tikilmişdir. Axsitanın düşmən üzərindəki qələbəsi şərəfinə ucaldılan qaladan feodalların sığınacağı və gözətçi məntəqəsi kimi istifadə edilmişdir.
   Paytaxtın Əmircan (qədim adı Xilə) kəndində də dini-memarlıq abidələri var. Nizamətdin məscidi (Moltan piri) XIV əsrə aiddir. Kənddə XIV əsrə aid Göyçək piri və Əmir Həc mavzoleyi də tarixi abidə kimi mühafizə olunur.
   Bakının çoxsaylı turist cəlb edən tarixi məkanlarından biri də “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğudur. Məhəmmədi kəndinin qərb hissəsində, Bakı şəhər mərkəzindən 27 km aralıda yerləşir. Azərbaycan Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə ərazi tarix-mədəniyyət və təbiət qoruğu elan edilmişdir. Əraziyə Qurd yuvası, min yaşı olan iki qəbiristanlıq və qədim məscid, Qotur su bulağı, Əli daşı, Kardaşı, Qırməki vadisi və Yanardağ aiddir.
   Azərbaycanın ən qədim tarixi abidələrindən biri də dünyada qayaüstü təsvirlərlə tanınan Qobustandır. Bakıdan 56 kilometr aralıda yerləşir. Qobustanda Böyükdaş, Kiçikdaş, Cingirdağ, Sonqardağ və Şıxqaya dağlarında daş dövrünün və Azərbaycan xalqının ulu keçmişinə aid olan çoxlu qayaüstü təsvir, düşərgə, yaşayış məskəni, qəbir abidələri və s. var.
   İndi də bölgələrimizə nəzər salaq. Möminəxatun türbəsi məşhur Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biridir. 1186-cı ildə Naxçıvan şəhərinin qərb hissəsində tikilmişdir. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz arvadı Möminə xatunun qəbri üzərində məqbərə yaradılmasına qərar vermiş, onun tikintisini oğlu Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır. Abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılmışdır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”. Möminəxatun türbəsi həmin Atabəylər memarlıq kompleksindən dövrümüzə qədər gəlib çatmış yeganə abidədir. Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi xalq arasında Atababa türbəsi və ya Atababa günbəzi də adlanır. 8 əsrdən çox yaşı olan türbə XX əsrin ortalarında bərpa edilmişdir. Abidə yeraltı sərdabədən və yerüstü qülləvarı hissədən ibarətdir. Türbənin üzərindəki kitabədə abidənin hicri 557-ci ilin (miladi 1161-1162) şəvval ayında tikildiyi bildirilir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə “Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin memarının adı qeyd olunmuşdur. Türbənin səthlərindən yuxarı hissə qurşaq şəklində ayrılmış və burada kitabə yerləşdirilmişdir. Qurşaqda kufi xətlə Qurandan ayələr yazılmışdır.
   Şəki Xan Sarayı - dillər əzbəri olan bu abidə dünya abidələri siyahısına daxil edilmişdir. Saray ikimərtəbəli olub, altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Hazırda muzey kimi fəaliyyət göstərir. Saray Məhəmməd Həsən xan tərəfindən 1789-1797-ci illərdə tikdirilmişdir. İnşası memar Hacı Zeynalabdin Şiraziyə aiddir.
   
   Dekorativ-tətbiqi sənət irsimiz
   
   Mədəni irsimizin zəngin bir sahəsi olan xalq sənəti əsrlər öncə yaranaraq müasir dövrədək gəlib çatmışdır. Döymə sənəti və zərgərlik, metal üzərində işləmələr, xalçaçılıq, bədii tikmə, dulusçuluq qədim sənət növləridir. Dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılıq qədim tarixə malikdir. İkili funksiyanı özündə daşıyan xalça həm bəzək, həm də məişət əşyasıdır.
   Azərbaycanda xalçaçılığın qədim sənət növü olmasını sübut edən dəlillər var. 1945-1950-ci illərdə Mingəçevirdə aparılan arxeoloji qazıntılar nəticəsində qəbirlərin birində keçə, çürümüş palaz və xalça parçaları tapılmışdır. Xalçaçılıq Azərbaycanın mədəni irsinin, xalq yaradıcılığının bir nümunəsidir. Azərbaycanda xalça toxuculuğu tunc dövründə meydana gəlib. İlkin inkişaf dövründə xalça çox sadə və naxışsız olub, cecim və palazlar şəklində, ikinci dövrdə kilim, üçüncü dövrdə şedde, verni, sumax, zili, dördüncü dövrdə isə xovlu toxunuşda meydana gəlməsi ilə inkişaf mərhələsinə çatıb. Xalçalar toxunduqları yerə görə təsnif olunur. Xalçalarımızın naxışlarını əsasən bitki, heyvan, quş, ulduz, paxlava, üçbucaq, dördbucaq, beşbucaq, altıbucaq, səkkizbucaqlı həndəsi formaların təsviri təşkil edir. Bu gün Azərbaycan xalçaları dünyanın ən məşhur muzeylərini və şəxsi kolleksiyaları bəzəyir.
   Mədəni irsimizin köklü nümunəsi olan bədii tikmə uzun zaman, yüksək zəhmət, incə və zərif duyğuların təzahürüdür. Bədii tikmə sənəti mənə çox tanışdır. Orta məktəb illərində əmək təlimi keçirilən zaman qızların əl işlərini bədii tikmələr təşkil edirdi. Parça üzərində hər bir şagirdin zövqünə uyğun şəkil olurdu. İlk əvvəl şəklin kənarları, daha sonra isə içərisi doldurulurdu. Əl işlərinin rəngarəng saplarla tikilməsi ona yüksək çalar verir və göz oxşayırdı. Dekorativ-tətbiqi incəsənətdə daha çox işlədilən cüt quş təsvirləri bədii tikmələrdə də öz əksini tapmışdır. Quşlar bəzən bir-birini sevən, yaxud bir-birindən küsmüş şəkildə təsvir olunur. Hər iki motiv sevgi və ayrılığın simvolu kimi izah olunur. Azərbaycan bədii tikmələrində ən çox qızılgül, nərgiz, qərənfil, lalə, meyvə ağaclarının yarpaqları - nar, heyva, alça çiçəkləri, sünbül, həndəsi naxışlardan düz və sınıq xətlər, ziqzaqlar, üçbucaqlar, dördbucaqlar, altı və səkkizguşəli ulduzlar, romblar, günəş, ay təsvirlərindən istifadə olunur. Bədii tikmələrimiz tikiliş qaydalarına, kompozisiyasına görə bir neçə növə ayrılır: təkəlduz tikmə, güləbətin tikmə, pilə tikmə, cülmə tikmə, muncuqlu tikmə, zərənduz tikmə.
   Qədim ənənələrə bağlı olan metal və zərgərlik sənəti nəsillərdən nəsillərə keçərək günümüzə gəlib çıxıb. Döymə, basma, xarə, xatəmkarlıq, minasazlıq metal və zərgərlik nümunələrinin düzəldilmə üsullarıdır. Azərbaycanda dulusçuluq, yəni keramika sənətinin yaranmasını neolit (yeni daş) dövrünə aid edirlər. Keramik qablar ilkin olaraq kündələrin torpaqdan əl ilə yoğurulması üsulu ilə, daha sonralar isə fırlanan çarxlı avadanlıq vasitəsilə hazırlanmışdır. Azərbaycanda qədim keramika sənətinin erkən orta əsrlərdə uğur qazanmasının sirri onun şirə mayesi ilə bəzədilməsi idi. Şirə anqoblu qabların rənginin getməməsi, davamlı olmasını təmin edirdi. Dulusçular saxsı qabların üzərində müxtəlif təsvirlər verərək onları bənövşəyi, qəhvəyi, qırmızı, ağ, yaşıl rənglərlə boyayaraq sonda çox ecazkar görüntü verən minayı texnikaya nail olurdular. Keramikadan danışdıqca düşünürük ki, bu saxsı qablar fırlanan çarxlı avadanlıq vasitəsilə asanlıqla başa gəlir. Əslində isə onun qeyri-adi görünüşə çatması sənətkardan səbir, uzun zaman, yaradıcılıq tələb edir. Mədəni irsimizin yadigarı olan dulusçuluq sənətinin bizdən sonra da irs qoyub getməsi üçün peşə məktəblərində bu sənətin geniş tədris olunması lazımdır. Bu nadir sənət növünün sirləri, incəlikləri, texnologiyası gənc nəslə öyrədilməlidir.
   Dünyaya göz açdığım bu torpağın tarixindən, keçmişindən, mədəniyyətindən azacıq da olsa söz açmaq mənə xoş təsir bağışladı. Fəxrlə deyə bilərəm ki, Azərbaycan Şərq mədəniyyətinin beşiyidir.
   
   Kəmalə Süleymanova
   
   Məqalə Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur.