Mədəni irs və tarix-mədəniyyət qoruqları
   
   
   Yurdumuzun ərazisində yerləşən qalalar istifadə məqsədi və quruluşu baxımından fərqlənir. Bunlardan bəziləri müdafiə məqsədi daşısa da, digərləri hücum zamanı dayaq məntəqəsi rolunu oynayırdılar. Onlardan biri də Şimali Azərbaycanın Rusiya imperiyası tərəfindən işğal olunmasından sonra yerli xalqların azadlıq mübarizəsini yatırtmaq, işğalçılıq siyasətini həyata keçirmək məqsədilə tikilən Zaqatala qalasıdır.
   
   Zaqatala sözünün yaranmasına dair bir neçə rəvayət var. Bunlardan birinə görə Zaqatala adı Sakatala “Sak düzü” sözünün dəyişilmiş formasıdır. Eramızdan əvvəl VII əsrin əvvəlində Ön Asiyadan gələn Sak tayfaları qədim Azərbaycan dövləti olan Albaniyanın ərazisində məskən salmışdılar və bu ərazi Kür çayının sağ sahilindən Qafqaz dağının ətəklərinə qədər uzanırdı. Zaqatala da Qafqaz Albaniyasının qərbində yerləşib. İkinci rəvayətə görə, isə qədim zamanlarda bu ərazi sıx meşələrlə örtülübmüş və Zəkəriyyə adlı bir şəxs meşəni qıraraq tala açıb və özünə ev tikib. Həmin ərazini yerli əhali Zəkəri tala (Zəkəriyyənin düzü) adlandırıb. Sonralar Zəkəri tala adlı kənd yaranır və zaman keçdikcə bu ad dəyişərək Zaqatala oldu.
   Zaqatala Azərbaycanın şimal-qərbində, Bakı şəhərindən 450 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub yamaclarında Qanıx-Əyriçay vadisində yerləşir. Rayonun ərazisi 1348 kv. km olub dağlıq və düzənlik sahədən ibarətdir. Əhalisi 123 min nəfərdir. Zaqatala şimaldan Rusiya, cənubdan Gürcüstan ilə, şərqdən Azərbaycanın Qax rayonu, qərbdən Balakən rayonu ilə həmsərhəddir. Zaqatala şəhəri dəniz səviyyəsindən 535 m hündürlükdə yerləşir. Azərbaycanın bu bölgəsi özünün qədim tarixi, mədəniyyəti, etnoqrafiyası ilə xeyli maraq doğurur. Ancaq bölgədə daha maraqlı hadisələr XIX əsrin əvvəllərinə təsadüf edir.
   Keçmiş Car-Balakən ərazisi hərbi-strateji cəhətdən çox əlverişli idi. Belə ki, Azərbaycanın şərqinə - Şəki, Şamaxı, Bakı istiqamətində və Dağıstana gedən yollar buradan keçirdi. Əlverişli mövqeyi ilə Zaqatala hələ qədim zamanlarda xarici qəsbkarların diqqətini cəlb etmişdir. Car-Balakən camaatlığı Rusiyaya birləşdirildikdən sonra (1804-cü il ) onun hərbi-strateji əhəmiyyətini nəzərə alan çar hökuməti Zaqatala şəhərinin günbatan hissəsində qala tikdirmək qərarına gəlmişdi.
   Zaqatala qalası Zaqafqaziyada olan rus qoşunlarının komandanı general İvan Paskeviçin əmri ilə tikilmişdir. Qalanın tikilməsi üçün yer şəxsən onun tərəfindən seçilmiş və burada yaşayan əhali başqa yerə köçürülmüşdür. Qalanı tikdirməkdə çar hökuməti iki məqsəd güdürdü. Qala rus işğalçılarına qarşı gələcəkdə yerli əhalinin qaldıracağı qiyam və üsyanların yatırılmasında dayaq məntəqəsi rolunu oynamalı, Dağıstanı cənubdan tutmaq üçün istifadə edilməli idi.
   Artıq 1830-cu ildə Zaqatala qalasının divarları hazır idi. Üçbucaq şəklində olan qalanın iki tərəfi şərq və qərbdən sıldırımdır. Şimal tərəfdən isə yer səviyyəsindədir. Mühafizə məqsədilə hasarın çöl tərəfindən eni 10, dərinliyi 5 metr olan xəndək qazılmışdı. Sahəsi 11,5 hektardır, divarların uzunluğu 3000 metr, hündürlüyü 3-5 metrdir. Qalanın 3 böyük qapısı var.
   Şərq qapısı “Zabit qapısı” adlanır. Bu qapıdan rus ordusunun komandir heyəti istifadə edirdi. Qapı Zaqatala şəhərinə açılır.
   Şimal qapısı “Əsgər qapısı” adlanır. Əsgərlər təlim keçmək üçün bu qapıdan Qala düzünə çıxırmışlar.
   Şimal-qərb qapısı isə “Nəqliyyat qapısı” adlanır. Qalaya qoşun üçün lazım olan ərzaq, silah, hərbi sursat bu qapıdan daşınırdı.
   Qalada daimi olaraq 2500, bəzən isə vəziyyət hərbi xarakter aldığı zaman 8-10 minə qədər əsgər yerləşdirilmişdi.
   Zaqatala qalası XIX əsrin əvvəllərində tikilsə də, köhnə sistemli qaladır. Qalanın şimal-qərb bürcü müşahidə bürcü olmuşdur. Bürc ikimərtəbəli olub üstünə çıxmaq üçün torpaq yol salınmışdır. Onun altında və divar boyu içəri tərəfdən dustaqları saxlamaq üçün kameralar, karserlər və həbsxanalar tikilmişdir.
   Orta əsr qalalarında olduğu kimi, mühasirədən çıxmaq üçün qalanın altından yeraltı iki yol çəkilmişdir. Yeraltı yollar qalanın altı ilə iki istiqamətdə - qala ərazisindəki kilsənin yanından şəhərə doğru və şimala - Qala düzü istiqamətinə gedir.
   Müxtəlif vaxtlarda böyük hərbi qüvvələr qalanı mühasirədə saxlasalar da, onu ələ keçirə bilməmişlər. 1830-cu il Zaqatala üsyanına kömək məqsədilə Dağıstanın imamı Həmzət bəy 2000 nəfərlik qoşunla qala üzərinə hücuma keçdi. Məğlubiyyətə uğrayan çar qoşunları hələ tikintisi tam başa çatmayan qala divarları arxasında müdafiəyə çəkilərək kömək üçün yeni qüvvələr gözlədilər. Qalanı hücumla ala bilməyəcəyini yəqin edən Həmzət bəy onu mühasirədə saxlamalı oldu. Ancaq tezliklə 4500 nəfərlik rus qoşunu mühasirədə qalanların köməyinə gəldi. Böyük qüvvə üstünlüyünə malik olan rus qoşunları üsyanı amansızcasına yatırdılar.
   Şeyx Şamil hərəkatı dövründə (1834-1859) qala rus ordusunun düşərgəsi və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə Şamil 15 minlik qoşunla Cara gəldi. Onun məqsədi Zaqatala qalasını tutub vilayətdəki rus qoşununu məhv etmək idi. Lakin qalanı tutmaq bu məşhur sərkərdəyə də nəsib olmadı.
   Dekabristlər üsyanının (1825) bir sıra görkəmli nümayəndələri də Qafqazda xidmət keçmiş rus qoşunun tərkibində Zaqatala qalasında olmuşlar. Rusiya Dövlət Arxivindən alınmış məlumatlara əsasən dekabristlərdən iki nəfəri - Z.Q.Çernışev və A.Ş.Qanqlebov Zaqatalada xüsusi xidmət keçmişlər. Arxiv materiallarında göstərilir ki, Çernışevin Sibir sürgünü başa çatdıqdan sonra Nijeqorodsk Draqun polkunun sıravi əsgəri kimi hərbi xidmətə başlamış, 1828-1829-cu illər Rusiya-Osmanlı müharibəsində iştirak etmiş, döyüşdə ağır yaralanmış və Zaqatala hospitalında müalicə olunmuşdur.
   1863-cü il Zaqatala üsyanı zamanı keçmiş çar zabiti Hacı Murtuzun başçılığı altında dəstələr Zaqatala qalası üzərinə hücuma keçdi. Şiddətli top atəşləri onları pərən-pərən saldı. Çarizmin müstəmləkəçilik siyasətinə qarşı başlanmış daha bir azadlıq mübarizəsi yatırıldı. Üsyanın başçıları hesab olunan 18 nəfər dar ağacından asıldı.
   1864-cü ildə Dağıstan Rusiyaya birləşdirildikdən sonra Zaqatala qalası öz əvvəlki hərbi əhəmiyyətini itirmişdi. Lakin belə bir qalanın Rusiyanın mərkəzindən çox uzaqlarda, ucqar bir yerdə olması imperator II Nikolayın yadından çıxmamışdı: 1905-ci il inqilabı çaxnaşmaları Rusiyanın hər tərəfini bürüdüyü zaman bu qalanın mövcud olması təzədən yada düşmüşdü. Qara dəniz, Baltik dənizi, Sakit okean hərbi donanmalarında inqilabi çıxışları ilə çarizmi hədələyən matrosları susdurmaq mütləqiyyət üçün mühüm bir məsələ idi. Rusiyanın mərkəzlərindən bu xətanı tezliklə uzaqlaşdırmaq, onun fəhlə rayonlarına yoluxa bilməsi təhlükəsini aradan qaldırmaq üçün təcilli tədbirlər görmək lazım gəlirdi. 1905-ci ilin yayında “Potyomkin” zirehli gəmisinin qırmızı bayraq qaldıraraq, inqilabçı matrosların əlinə keçməsi çarizmə böyük zərbə idi.
   1905-1907-ci illər inqilabından sonra inqilab ruhunu Rusiya mərkəzindən uzaqlaşdırmaq və matrosların qəlbindən çıxarmaq üçün imperator Zaqatala qalasını münasib bildi. Matrosların inqilabi ruhunu boğmaq öz qəddarlığı ilə məşhur olan kapitan Dobrovolskiyə tapşırıldı. İnqilabçı matrosların Zaqatalaya sürgün edilməsi Zaqatala qalasının adını bir daha tarixə yazdı. Qalada 201-ci Lebedinski ehtiyat polkunun II batalyonu yerləşdirilmişdi. Dobrovolskiyə podpolkovnik rütbəsi və külli-ixtiyar verildi. Dobrovolski imperatorun qarşısında diz çöküb and içdi ki, bütün qüvvəsini sərf edərək matroslarda inqilab adına nə varsa, hamısını son zərrəsinə qədər vurub çıxaracaq, onları imperiya qarşısında müti bir qul kimi diz çökdürəcəkdir.
   Dobrovolskinin batalyonu yarısı piyada əsgərlərdən, yarısı da əyninə boz əsgər şineli geydirilmiş Qara dəniz matroslarından ibarət idi. Sayı 400-ə çatan matroslara silah etibar edilmirdi. Onları daim nəzarət altında saxlayır, incidirdilər. Batalyonda inqilabi əhval-ruhiyyə hökm sürməkdə idi. Matroslar batalyon komandiri Dobrovolskiyə xüsusilə nifrət edirdilər. Batalyonda yaradılmış inqilabi özək Dobrovolskinin öldürülməsi haqda qərar çıxarır. Bunu matros Kuk etməli idi. Ancaq satqınlıq nəticəsində o, ələ keçdi. Bu işi matros Stepan Demeşko başa çatdırdı. O, 1907-ci il iyulun 10-da axşam batalyon rotalarından birini yoxlayıb evə qayıdan Dobrovolskini qalanın zabit qapısından bir qədər aralıda güllə ilə vurub öldürdü. Hərbi məhkəmənin hökmü ilə S.Demeşko 1907-ci il sentyabrin 7-də güllələndi. Matrosların hamısı başqa batalyonlara, əsas etibarı ilə Kromsk və Şatsk polkunun batalyonlarına göndərilir. 201-ci Lebedinski polkunun II batalyonu və 1910-1911-ci illərdə sürgün olunan matroslardan yaradılmış bütün xüsusi hərbi hissələr ləğv edilir.
   1917-ci ilin sosialist inqilabından sonra çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtmalı oldular. Müsavat hakimiyyəti zamanı Zaqatala qalasında Əhməd bəy Dibirovun komandan olduğu piyada polku yerləşdirilmişdi.
   1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, ölkədə sovet hakimiyyəti quruldu. Sovet hakimiyyətinin ilk günlərindən Zaqatala qalası qəza inqilab komitəsinin qərargahına çevrildi. Z.Balaxlinski, F.Kutsin, S.Qocayev, M.Qocayev və başqa inqilabçılar rayondakı inqilabi mübarizəyə məhz buradan rəhbərlik edirdilər. Bolşeviklər köhnə nə varsa hamısını dağıtmağa, düşmən hesab etdikləri siyasi rəqiblərini, ziyalıları, din xadimlərini, Azərbaycan ordusunun yüksək rütbəli hərbçilərini həbs etməyə başladılar. Kommunist məmurların bu özbaşınalığı xalqın sovet rejimindən narazılığını getdikcə artırırdı. Ona qarşı müqavimət hərəkatı getdikcə güclənirdi. Sovet rejiminə qarşı ən güclü silahlı çıxışlardan biri 1920-ci ilin iyununda Zaqatalada oldu. Üsyana Xalq Cümhuriyyətinin tanınmış xadimlərindən biri, peşəkar hərbçi Əhməd bəy Dibirov və bölgənin nüfuzlu şəxsiyyətlərindən olan Molla Hafiz Əfəndi başçılıq edirdilər. Üsyan amansızlıqla yatırıldı. Lakin zaqatalalılar silahı yerə qoymadılar. 1930-cu ilin birinci yarısında Şəki-Zaqatalada yenidən kəndli üsyanı oldu. Üsyançılar iki gün bölgəni əllərində saxladılar. Üsyana Əhməd bəy Dibirov rəhbərlik edirdi. Üsyan yatırıldıqdan sonra Əhməd bəy mühakimə olundu. Məhkəmədə ona edam qərarı oxundu.
   1932-ci ildə banditizmə qarşı mübarizə aparan çekistlərin Dövlət Siyasi İdarəsi burada yerləşirdi. Sonralar qala ərazisində azyaşlıların islah olunması üçün təcridxana, tütün kombinatı, rayon mərkəzi xəstəxanası, 1967-ci ildən diyarşünaslıq muzeyi, mebel fabriki, 1№-li internat məktəbi, “Gənc Texniklər Stansiyası” fəaliyyət göstərmişdir.
   Müstəqillik elan olunduqdan sonra Daxili Qoşunların N saylı hərbi hissəsi qalada yerləşirdi. Hazırda Zaqatala Rayon Mədəniyyət və Turizm Şöbəsi, Zaqatala Dövlət Rəsm Qalereyası, Mədəniyyət evi burada yerləşir. Zaqatala qalasında “Yenilməz batalyon”, “Cavad xan” filmləri çəkilib.
   Azərbaycan SSR Nazirlər Sovetinin 24 yanvar 1984-cü il tarixli, 22 saylı qərarına əsasən Zaqatala qalası tarix-mədəniyyət qoruğu elan olunmuşdur.
   Tarixin səhifələrinə şahidlik etmiş hər bir abidə, mədəniyyət nümunəsi bizi keçmişlə bağlayan teldir. Babalarımızdan ərməğan qalmış hətta daş parçası olsa belə irsimizin daşıyıcısıdır. Bunu düzgün təbliğ edərək təfəkkür xəzinəmizi zənginləşdirmək bizim üzərimizə düşür. Zaqatalanın onlarla tarixi abidəsi var ki, heç biri lazımınca tədqiq olunmayıb. Ancaq Azərbaycanın bu dilbər guşəsi həm özünün təbiəti, həm də tarixi ilə mühüm əhəmiyyət kəsb edir. Ona görə də bu tarixi irs öyrənilməli və gələcək nəsillərə çatdırılmalıdır.
   
   Sevinc Məmmədova,
   Zaqatala Tarix-Mədəniyyət Qoruğunun baş fond mühafizi
   
   Yazı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi “Mədəni irs və tarix-mədəniyyət qoruqları” mövzusunda müsabiqəyə təqdim olunur.