Qədim mədəniyyət tariximizdən


Azərbaycanın qədim və zəngin tarixinin, yaşı əsrlər və minilliklərlə ölçülən maddi mədəniyyət nümunələrinin öyrənilməsində arxeoloji tədqiqatların böyük rolu var. “Qədim mədəniyyət tariximizdən” rubrikasında bu dəfə “Boyalı qablar mədəniyyəti”ndən bəhs olunacaq.

1896, 1904 və 1926-cı illərdə Naxçıvanın Qızılvəng (Qızılburun) adlanan ərazisində daş qutu qəbir abidələrin tədqiqi zamanı həndəsi naxışlarla, insan, heyvan, quş rəsmləri, müxtəlif piktoqrafik işarələrlə bəzədilmiş və yüksək sənətkarlıqla hazırlanmış boyalı qablar aşkarlanıb. Tədqiqatçılar əldə olunmuş arxeoloji nümunələri işlənmə texnikasına, xarakterinə görə elmi ədəbiyyatlarda “Boyalı qablar mədəniyyəti” kimi qəbul ediblər. Sonrakı araşdırmalar zamanı Naxçıvanın digər ərazilərində də eyni, yaxud oxşar məzmunda saxsı nümunələrinə rast gəlindiyindən bu mədəniyyəti Naxçıvan mədəniyyəti də adlandırıblar. Bu irsin tədqiq olunmasında tarixçi alimlərdən Osman Həbibullayev, Ələsgər Ələkbərov, Vəli Əliyev və başqalarının böyük rolu olub.

Dövrləşmə

Arxeoloqlar bu mədəniyyəti xronoloji olaraq dörd dövrə ayırırlar. Əgər e.ə. XX-XVII əsrləri əhatə edən I mərhələ üçün qara və boz rəngli, qismən cilalı, cızma, çərtmə, basma və yapma naxışlı sadə saxsı nümunələr səciyyəvidirsə, e.ə. XVII-XV əsrləri əhatə edən II mərhələ üçün mürəkkəb həndəsi motivlər, insan, heyvan və quş rəsmləri ilə zövqlə naxışlanmış, polixrom qablar xarakterikdir. İkinci mərhələni əks etdirən qabların üzəri əsasən açıq-çəhrayı və sarı rənglə örtülmüş, tünd qırmızı, qəhvəyi, qara və ağ rənglərlə bəzədilib. III dövrə (e.ə. XIV-XI əsrlər) aid olan nisbətən səliqəsiz naxışlanmış çaydan, vaza, qədəh, küpə tipli polixrom boyalı qablar aiddir. IV mərhələyə (e.ə. X-VII əsrlər) aid qablar əvvəlki mərhələnin materiallarından fərqlənmir, lakin daha kobud və bəsit naxışlanıb.

Urmiya gölü və Şərqi Anadoluya qədər uzanan mədəni irs

Tanınmış arxeoloq, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev deyir ki, Naxçıvanda əsasən iki mədəniyyət mövcud olub: boyalı qablar mədəniyyəti və Xocalı-Gədəbəy mədəniyyəti. “Boyalı qablar mədəniyyəti” eramızdan əvvəl III minilliyin sonlarından başlayaraq II minilliyin ortalarına, hətta I minilliyin əvvəllərinə qədər də gəlib çıxır. Bu mədəni proses Cənubi Azərbaycanda Urmiya gölünə və Şərqi Anadoluya qədər böyük bir ərazini əhatə edib, Şimali Azərbaycanda bir o qədər geniş yayılmayıb.
Alim deyir ki, dövrün xarakterik cəhəti qabların müxtəlif rənglərlə-xüsusilə qara və qırmızı rənglərlə boyanması, naxışlanmasıdır. Tədqiqatlar göstərir ki, bu mədəniyyətin Naxçıvan ərazisində formalaşması oturaq həyatın möhkəmlənməsi, şəhər dövlətlərin formalaşması ilə bağlı olub: “Orta Tunc dövrünə aid qala tipli abidələrlə bağlı belə fikirlər var ki, bu tip yaşayış yerləri ilk dəfə olaraq məhz Naxçıvan ərazisində aşkar olunub. Alimlərin qarşısında duran vəzifə Naxçıvan abidələrinin gələcək tədqiqi zamanı bu abidələrin varlığını radiokarbon analizlərindən istifadə etməklə təsdiq etməkdir. Qala tipli yaşayış yerləri göstərir ki, o dövrlərdə Naxçıvanda güclü tayfa ittifaqları formalaşıb və ətraf ərazilərə nəzarət etmək imkanları olub”.

Qabların boyanması mədəniyyət nümunəsi kimi

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Toğrul Xəlilov deyir ki, antik dövrlərdə də qabların boyanmasından istifadə olunub... Amma “Boyalı qablar dövrü”ndə artıq bu özünü bir mədəniyyət nümunəsi olaraq göstərib. Həmin dövrlərdə metallurgiya inkişaf etmiş, daş işləmə və təsviri sənət xüsusilə geniş yayılmışdı. Bu dövrdə qayaüstü təsvirlər də geniş yayılmışdı. Son dövrlərdə II Kültəpə qədim yaşayış yerində aparılan tədqiqatlar sübut edir ki, Naxçıvandakı bu abidə ən böyük sənətkarlıq mərkəzlərindən biri olub. Burada aşkarlanan küpələrin içində boya izlərinə rast gəlinirdi”.
T.Xəlilovun sözlərinə görə, müasir dövrdə aparılan arxeoloji qazıntılar zamanı bu mədəniyyətin izlərinə hələ də rast gəlinir: “Dünya miqyasında ən böyük abidələrdən hesab olunan I Kültəpə abidəsində Eneolit dövründən başlayaraq Dəmir dövrünə qədər bütün təbəqələr aydın şəkildə müşahidə olunur. II Kültəpə isə şəhərsalma mədəniyyətini öyrənmək üçün dəyərli abidədir”.

II Kültəpənin boyalı qabları

Böyük bir tarixi mərhələni əks etdirən “Boyalı qablar mədəniyyəti” üçün erkən şəhər mədəniyyəti (Kültəpə, Qədim Naxçıvan, Oğlanqala, Qazançı qalası, Govurqala, Qalacıq və s.), yaşayış yerləri (Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Əznəbürt, Vayxır, Dəmirçilər və s.), siklop tikililəri, istehkamlar, torpaq və daş qutu qəbirlər, kurqanlar xarakterikdir. Bu mədəniyyətə aid nümunələrə xüsusilə II Kültəpə abidəsində rast gəlinib. II Kültəpə Çəhriçayla Naxçıvançayın birləşdiyi yerdə üç hektara yaxın sahəni tutan arxeoloji abidədir. Araşdırmalar zamanı çiy kərpicdən inşa olunmuş dairəvi formalı binaların qalıqları aşkar olunub. Arxeoloqlar bu təbəqənin eradan əvvəl 3500-2400-cü illərə aid olduğunu qeyd edirlər.
Çoxtəbəqəli abidənin Orta Tunc dövrünə aid hissəsinin qalınlığı 4 metrdən çoxdur. Bu, e.ə. II minillikdə Kültəpə sakinlərinin həyat və məişətini özündə əks etdirən dörd inşaat mərhələsindən ibarətdir. Yaşayış yerinin ətrafında müdafiə divarları çəkilmişdir. Mədəni təbəqədən yaşayış yerlərinin, təsərrüfat binalarının, istehsalat ocaqlarının qalıqları ilə yanaşı, külli miqdarda boyalı qablar, daşdan, sümükdən və tuncdan hazırlanmış əmək alətləri, bəzəklər, silahlar və s. üzə çıxarılıb. Orta Tunc dövründə bu qədim yaşayış yerində dörd inşaat qatı və 4 metrdən artıq mədəni təbəqə burada yaşayışın uzunmüddətli olması haqqında təsəvvür yaradır. Burada rast gəlinən daş gürzlər müxtəlif məqsədlər üçün istifadə olunub.
Yaşayış yerindən dən üyütməkdə istifadə olunan daş alətlər, çaxmaq daşından oraq dişləri, taxıl qalıqları, ev heyvanlarının sümükləri, metal əşyalar, metal tökmək üçün gil buta, əldə, qismən də çarxda hazırlanmış müxtəlif formalı qab-qacaq tapılıb. II Kültəpədə həm monoxrom, həm də polixrom gil qablara təsadüf olunur. Onlar formaca müxtəlif olduğu kimi, naxışları da rəngarəngdir. Onların üzərində həndəsi naxışlarla yanaşı, müəyyən mənaları ifadə edən süjetli rəsmlər də var.
Ümumiyyətlə, “Boyalı qablar mədəniyyəti”nə aid Şortəpə, Nəhəcir, Meydantəpə, Kərki, Əznəbürt, Vayxır, Dəmirçilər qədim yaşayış yerlərindən əldə edilmiş materiallar əhalinin əkinçilik və maldarlıqla yanaşı, sənətkarlıq və ticarətlə də məşğul olduğunu deməyə əsas verir.

Ceyhun Zərbəliyev