Novruza doğru

Martın gəlişi ilə yurdumuz minilliklərlə yaşı olan, mədəni irsimizin zəngin səhifələrini yaşadan Novruz havasına köklənməkdədir. Novruzun müjdəçisi olan ilaxır çərşənbələrdən ikisini - Su və Od çərşənbəsini də yaşadıq.

Novruz mərasimləri yaradılışın əsasında dayanan dörd ünsürün - su, od, hava (yel) və torpağın oyanması ilə bilavasitə bağlıdır. Qışın dondurucu soyuğundan xilas olmağa can atan ana təbiət günəşin ilıq nəfəsini səbirsizliklə gözləyir. Bu nigaranlıq dörd həftə, daha doğrusu, dörd çərşənbə sürür və insanlar çərşənbələri təmtəraqlı şəkildə, məxsusi ayin və mərasimlərlə qeyd edirlər. Novruz bayramı ərəfəsində ilk qeyd olunan Su çərşənbəsidir.

Su çərşənbəsi

Baharın ilk müjdəsini verən Su çərşənbəsi xalq arasında həm də “əzəl çərşənbə”, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “gül çərşənbə” və “sular Novruzu” adları ilə də məlumdur. Bu il “əzəl çərşənbə” fevralın 25-nə təsadüf etdi.
Qədim inam və etiqadlara görə, su çərşənbəsində təbiətin dörd ünsüründən biri olan su yenilənir. Bu çərşənbə su ilə, suyun təzələnməsi ilə başlanır. Səhər-səhər dan yeri sökülərkən hamı su üstünə gedir. Əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir və su üstündən atlanırlar. Xalq inamına görə, Su çərşənbəsində suyun üstündən atlananlar ilboyu xəstəlikdən uzaq olarlar. Bu mərasim aşağıdakı nəğmə ilə başa çatar:

Sel çapar, su çapar,
Bir günah işlədim,
Gəl onu tut, apar.
Sel çapar, su çapar,
Gəl apar, gəl apar...

Bu mərasimlə bağlı həm də çoxlu deyimlər, bayatılar, inanclar və fallar var. İnanca görə, süfrəyə suyun dağılması aydınlıqdır. Su içən adamı qəfil vurmazlar və yaxud suyun lal axan yerindən keçməzlər.
Su çərşənbəsi ilə bağlı müxtəlif mif mətnləri də var ki, bu günümüzə qədər gəlib çıxıb. Həmin miflərdən birində deyilir: “Meşədə yaşayan Oğuz oğlu yolda bir qurdla qarşılaşır. Qurd onun qabağına keçib yalvarır: “Ey Oğuz oğlu, gözümün ağı-qarası bir qızım var. Dünən ovçular onu doğram-doğram etdilər. Bircə ümidim sənədir. Sabah sübh tezdən Buz bulağının suyundan götürüb qızımın yaralarına töksən sağalar. Mən də sənə borclu qalmaram. Oğuz nəslinə əbədiyyət verərəm. Oğuz oğlunun ürəyi kövrəlir. Sübh tezdən Buz bulağa gəlir. Su üstündə əl-üzünü yuyur. Bir qab su alıb qurd balasının yanına gedir. Suyu töküb onun yaralarını yuyur. Qurd balası gözlərini açır. Dönüb gözəl bir qız olur... Qurd qızını Oğuzun oğluna verir və deyir:
- Bu izdivac sənə əbədi həyat və qüdrət verəcək. Oğuz oğlu, sənin övladından törəyəcək yeddi oğul yeddi ölkənin qüdrətli xaqanı olacaqdır. Bu, belə də olur...”

Od çərşənbəsi

Od çərşənbəsi (bu il martın 4-nə təsadüf etdi) yeni həyatın, daha doğrusu, baharın gəlişini simvolizə edir. Od çərşənbəsi ilə bahara doğru daha da yaxınlaşmış oluruq. Günəş yavaş-yavaş torpağı qızdırır və ona nəfəs-can verir. Hökmdar-şair Şah İsmayıl Xətai “Dəhnamə” poemasının “Bahariyyə” hissəsində baharın gəlişi zamanı təbiətin canlanmasını və odun “funksiyasını” belə ifadə edir:

Qış getdi, yenə bahar gəldi,
Gül bitdi və laləzar gəldi.
Quşlar qamusu fəğanə düşdü,
Eşq odu yenə bu canə düşdü...


Xalqımız daima odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi müqəddəs hesab edib. Onunla bağlı bir çox deyimlər-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; od haqqı; ocağın qaralmasın; od-ocağa həsrət qalasan və s.
Od çərşənbəsi həm də özünün adət-ənənələri ilə zəngindir. İstiliyin qorunması, yenidən qayıdıb torpağa hopması əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq məhz Od çərşənbəsində öz əksini tapır. Şər qarışanda hər həyətdə, yaxud məhəllədə tonqallar qalanar və tonqal başına toplananların hamısı növbə ilə üç dəfə alovun üstündən tullanarlar. Tonqalın ətrafına toplaşan insanlar odun üzərindən atlanmaqla köhnə ildən qalan əzablarını, ağırlıqlarını sanki arxada qoyur və yeni ildə xoşbəxt, firavan həyat yaşayacaqlarına inanırlar.
Od çərşənbəsinə bəzən “Üzgü çərşənbə”, “Üzgü axşamı” da deyirlər. Od günəşlə, işıqla və gündüzlə əlaqələndirilir. Günəş istisini arzulayan ulu babalarımız böyük bir tonqal qalayıb günəşin çıxmasını gözləyib, odun şərəfinə nəğmələr söyləyiblər.
Od çərşənbəsi haqqında söz açan görkəmli folklorşünas alim, professor Mirəli Seyidov tədqiqatlarında qeyd edir ki, Qam-Şaman mərasimində dəf alətində ifa edilən zaman onun gündoğandan günbatana doğru hərəkəti günəşə inamla bağlıdır. Qamlar dəfə-qavala yaranışın simvolu kimi baxıblar. Miflərə görə, Günəş-Od-Atəşin mənbəyi ağacın gövdəsində yatan istiliklə bağlı olub. Əski türk inamına görə, odu insanlar ilk olaraq ağac gövdəsinin dibindən əldə ediblər. Hələ qədimdən xalqımızın günəşə, oda böyük inamı olub. Bu səbəbdən də odu qoruyub-saxlamaq adətə çevrilib. Ocağın, odun əldə edilməsi bəşər sivilizasiyasında köklü dəyişikliklərin baş verməsinə səbəb olub.
Atəşpərəstlərin etiqadlarına görə, “Müqəddəs od”u insana ağac verib. Ulu babalarımız bunun şərəfinə şənliklər keçiriblər. İnsan bədənində və təbiətin özündə qorunub saxlanan istilik də müqəddəs hesab olunub. Od ilə istinin əsas mənbəyi isə Günəş hesab olunub. Onu çağıran Qodu (Hodu) nəğmələri xalq arasında geniş oxunub və günəşin istiliyi şərəfinə Azərkan şənlikləri düzənlənib.
Deməli, od həm də insanları birliyə, bərabərliyə istiqamətləndirən vacib ünsürlərdən biridir.
Qarşıda iki çərşənbəmiz var - Yel və Torpaq çərşənbəsi. Novruza iki həftə qaldı...

Savalan Fərəcov