Çövkən artıq bəşəriyyətin mirasıdır

(Əvvəli ötən sayımızda)

Azərbaycanda son illər atüstü milli oyunlarımızın həm təbliğat, həm də inkişaf baxımından yeni mərhələyə qədəm qoymasında bu istiqamətdə aparılan dövlət siyasətinin
böyük rolu var. Çövkən, sürpapaq, baharbənd, yaylıq və s. oyunlar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan Azərbaycan qeyri-maddi irs abidələrinin Dövlət Reyestrinin layihəsinə daxil edilib. Onlardan ən çox tanınanı və seviləni isə çövkəndir.


Özünəməxsus oyun qaydaları

2006-cı ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzində Prezident kuboku uğrunda çövkən milli oyunları keçirilir. Bu tədbirlər qeyri-maddi mədəni irsimizin və milli atüstü oyunlarımızın təbliğində böyük önəm kəsb edir. 2006-cı ildə cəmi 8 komandanın iştirak etdiyi yarışmaya sonrakı dövrdə maraq daha da artıb. Bunun nəticəsidir ki, 2013-cü ilin dekabrında gerçəkləşən yarışmada Bakı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağdaş, Bərdə, Yevlax, Qazax, Ağstafa, Ağcabədi, Goranboy və Ağdamdan 20 komanda çövkən, sürpapaq, papaq, atüstü güləş və yaylıq oyunu üzrə qüvvəsini sınayıb.
Qeyd edək ki, çövkənin müəyyən edilmiş qaydaları var. Oyunda iştirak edən hər komandanın tərkibi 7 nəfərdən ibarətdir. Atların sayı isə 6 olmalıdır. Oyun ikihissəli olmaqla 30 dəqiqə davam edir. Komandaların milli geyimdə, papaq, çuxa, arxalıq, qurşaq, xüsusi şalvar, uzunboğaz çəkmə ilə meydançaya çıxması bəlkə də çoxlarının oyun kimi baxdığı çövkənin əslində qeyri-mədəni irsimizin daşıyıcısı olduğunu göstərir.
Oyunçular eyni formada, eyni uzunluqda olan çomaqdan, diametri 38-41 sm olan topdan istifadə edirlər. Oyunlar uzunluğu 90-250, eni 60-120 metrədək olan meydançada keçirilir. Bu oyun üçün futbol meydançasından istifadə etmək olar. Qapının eni 3-7 m, hündürlüyü isə 3 m-dən az olmamalıdır. Çövkən oyunlarının hakimi adətən meydanı at üstündə izləyir. Ona yan xətlərdə duran iki hakim də köməklik göstərir.

Çövkənin UNESCO siyahısına salınması Azərbaycanın mədəni qələbəsidir

2013-cü ilin dekabrında UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında Qarabağın qədim atüstü oyunu olan çövkən qurumun «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı»na daxil edildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mədəniyyət tariximizin bu mühüm hadisəsini eyni zamanda Azərbaycanın diplomatik nailiyyəti kimi dəyərləndirdi: “Azərbaycanın qədim ənənələrində kök salan, bu gün də yaşayan, mədəniyyətimizi və mənəviyyatımızı əks etdirən milli xalq oyunumuz çövkənin UNESCO-nun siyahısına daxil edilməsi böyük uğurdur. Çövkən Qarabağın qədim atüstü oyunu kimi Azərbaycanda çoxdan tanınır. Reallıq ondan ibarətdir ki, bu gün mövcud vəziyyətə görə Azərbaycanda Qarabağ atlarının saxlanılması, Qarabağ atçılıq məktəbinin inkişafı böyük çətinliklə üzləşir. Düşünürəm ki, bu hadisə Azərbaycanın nəinki mədəni nailiyyəti, eyni zamanda diplomatik qələbəsidir. Bu münasibətlə mədəni irsimizin təbliği işinə hər zaman dəstək verən, mədəni irsimizə diqqət və qayğısını əsirgəməyən hörmətli Prezidentimizə və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya təşəkkürümü bildirirəm. Bu gün Azərbaycan hər bir beynəlxalq təşkilatda yüksək səviyyədə qarşılanır və ölkəmiz böyük mövqeyə malikdir». 

 Ta qədimdən xalqımızın mədəni irsində mühüm yer tutan atüstü milli oyunlarımız Novruz şənliklərinə xüsusi rəng qatardı

Atüstü oyunlara maraq ildən-ilə artır

Mədəniyyət və Turizm Nazirliyi Aparat rəhbərinin müavini Cavanşir Cəfərov Azərbaycanda atçılığın mədəni irsin tərkib hissəsi kimi inkişafına xüsusi diqqət verildiyini deyir: «Prezident İlham Əliyev ölkəmizdə sosial-iqtisadi, mədəni sahədə həyata keçirilən geniş quruculuq işləri ilə yanaşı, milli dəyərlərimizin dirçəldilməsinə, mədəni irsimizin inkişafına da xüsusi qayğı göstərir.
Onu da qeyd edim ki, nazirimiz Əbülfəs Qarayevin təşəbbüsü və xüsusi diqqəti sayəsində 2006-cı ildən keçirilən Prezident Kuboku uğrunda milli çövkən oyunları artıq xoş bir ənənə halını alıb. Xalqımızın qeyri-maddi irsinin qorunub saxlanılması, qədim oyun ənənələrinin bərpası məqsədini daşıyan yarışmaya maraq ilbəil yerlərdə də artır. İştirakçı komandalar da artıq peşəkarlaşıb. Azərbaycanın müxtəlif bölgələrində ənənələrin bərpası, həmçinin turizmin inkişafı sahəsində atçılığın rolu prioritetlər sırasındadır. Buna görə də çalışmalıyıq ki, ənənə halını almış çövkən yarışması daha geniş vüsət alsın».
Nazirlik rəsmisi qeyd etdi ki, çövkən adətən Qarabağ atları ilə oynanılan bir oyundur. Ölkəmizin bu bölgəsi işğal altındadır, oradakı atçılıq zavodları dağılıb: «Bu oyunun UNESCO-nun «Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı»na salınmasında əsas məqsəd çövkəni, onunla bağlı adət-ənənələri qorumaqdır. Ona görə də hesab edirəm ki, çövkən oyunlarının əhatə dairəsi genişlənməli, bu oyunlar daha tez-tez keçirilməlidir. Çünki çövkən, təkcə Qarabağda deyil, ölkəmizin demək olar ki, bütün bölgələrində oynanılıb. Qarabağ atçılıq ənənələrinin saxlanılması istiqamətində lazımi işlər görülməli, atçılıq zavodlarının fəaliyyəti bərpa olunmalıdır. Çövkən oyununu ildə bir neçə dəfə müxtəlif rayonlarda keçirmək olar. Bu yarışlar Qarabağ torpağında - Ağdamın, Füzulinin işğal altında olmayan ərazilərində, Bərdədə, Qəbələdəki atçılıq mərkəzində də təşkil edilə bilər. Çövkənin UNESCO siyahısına daxil edilməsi üzərimizə əlavə məsuliyyət qoyur. Bu fakt çövkənin dünyada daha da tanınmasına səbəb olacaq. Bu o deməkdir ki, çövkən oyununun taleyi həm də UNESCO-nun qayğılarından biridir, o artıq bəşəriyyətin mirasıdır».
Cavanşir Cəfərov onu da qeyd etdi ki, may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş növbəti milli atüstü oyunlar festivalı keçiriləcək. Çövkən, papaq, sürpapaq və yaylıq oyunları üzrə festivalda 16-20 komandanın iştirakı nəzərdə tutulur.

Yeni atüstü turizm marşrutları yaradılır

Respublika Atçılıq Turizm Mərkəzi son vaxtlar Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə atçılıq turizminin inkişaf etdirilməsi ilə bağlı müxtəlif layihələr həyata keçirir. Mərkəzin direktoru Elman Qədirovun sözlərinə görə, atçılıq turizmi ekstremal turizm növü olmaqla, dünyada maraq kəsb edən istiqamətlərdən biridir. Bu sahənin inkişaf etdirilməsi üçün mərkəzin mütəxəssisləri tərəfindən atüstü turizm marşrutları müəyyənləşdirilir: «Bunlar əsasən Şəki-Balakən-Zaqatala-Qax, Oğuz-Qəbələ zonaları istiqamətindədir. Yaxın perspektivdə isə Quba-Qusar istiqamətində marşrut hazırlamaq nəzərdə tutulur. Digər bir marşrutu Gəncəbasar və Lənkəran zonalarında yaratmaq istəyirik. Məncə, bu ərazilərdə atüstü turizm marşrutlarının işlənib hazırlanması yüksək effekt verərdi. Hazırda Şəki rayonu ərazisində birgünlük və üçgünlük marşrutlar var. Şəki, Şamaxı, Quba, Xaçmaz zonasına yeni marşrut işləyib hazırlamaq niyyətindəyik. Bu marşrut üzrə turistin gün ərzində 30-35 kilometr məsafə qət etməsini nəzərdə tuturuq. Əvvəlki illərlə müqayisədə atüstü turizmə maraq göstərənlər çoxdur və ildən-ilə də belə insanların sayı artır. Xüsusilə turizm sərgilərində iştirak etdikdən sonra bu maraq daha da çoxalıb. Mərkəzə gəlib qiymətlərlə maraqlanırlar. Deməli, bu oyun həm də cəlbedici turizm məhsuludur”.
* * *
Beləliklə, mədəni irsimizin yaddaş saxlancı olan Novruz ərəfəsində bu irsin mühüm səhifələrindən olan atüstü milli oyunlarımızın tarixinə qısa da olsa nəzər saldıq. Çövkən sağlamlıq, təbiətə sevgi, asudə vaxtın gözəl təşkili deməkdir. Vaxtınız hər zaman xoş, sağlamlığınız möhkəm, istirahətiniz mənalı olsun.

Fəxriyyə Abdullayeva