Minilliklərlə tarixi olan, mədəni irsimizin zəngin səhifələrini yaşadan Novruz yurdumuza qədəm qoymaqdadır. Novruzun müjdəçisi olan ilaxır çərşənbələrdən sonuncusu - martın 18-də elliklə qeyd etdiyimiz Torpaq çərşənbəsi müqəddəs bayramı da özü ilə gətirdi. Sabah - martın 20-si Novruzun ilk günüdür.

Ötən yazılarda qeyd etdiyimiz kimi, Novruz mərasimləri yaradılışın əsasında dayanan dörd ünsürün - su, od, hava (yel) və torpağın oyanması ilə bağlıdır. Bu dörd ünsürün təbiətdə rolu, bir-biri ilə əlaqəsi insanları həmişə düşündürüb, müxtəlif inancları ortaya çıxarıb. El inancına görə, təbiət torpağı su ilə isladır, günəşlə isidir və onu əkinə hazırlayır. Buna görə də yaz əkini Torpaq çərşənbəsi günündə başlanır. İlaxır çərşənbə təbiətin oyanışı, gecə-gündüzün bərabərliyi və halal zəhmətlə bağlı həyat tərzini özündə əks etdirir.

Xalq yaddaşından

Ta qədimdən xüsusi təmtəraqla qeyd edilən ilaxır çərşənbədə bağ-bostan, dirrik yerləri əkinə hazırlanar, həyətlərdə tonqallar qalanar. Yaşından asılı olmayaraq, hamı tonqalın üstündən tullanır və bu sözləri deyir: “Ağırlığım odda yansın”. Tonqal heç vaxt su ilə söndürülmür. Özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb evdən kənar bir yerə atırlar. Bu o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi, ağrı-acısı atılan küllə ailədən uzaqlaşdırılır.
Çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir. Hətta ağaclar da başını yerə - axar suya əyib qalxırlar. Bu barədə el arasında müxtəlif əfsanələr dolaşmaqdadır. Məsələn, qədim yurd yerimiz Qarabağda xalq arasında bir əfsanədə belə deyilir: “Qarabağın Cəbrayıl bölgəsində, Araz çayı boyunca sıralanan Diri dağın iç üzündə Diri adında bir yaşayış məntəqəsi (indiki Xudayarlı kəndi - S.F.) olub. Kənd sakinləri hər il bu qədim el bayramını təmtəraqla keçirirmiş. Sonuncu - Torpaq çərşənbəsinin səhəri qız-gəlinlər obaşdan yuxudan qalxıb su üstə gedirmişlər... Elə olur ki, bir gün Cahan adlı bir gəlin dan yeri sökülüb-ağarmamış yuxudan qalxır. Madərşahlıq dövrünün yadigarı “Mazannənə” türbəsinə (pirinə) gedir. Ziyarətgaha yaxınlaşanda görür ki, uca çinar ağacları başını yaxınlıqda çağlayan bulağın suyuna əyib. İstəyir dönüb kənd camaatına xəbər versin. Bir anlıq dayanır. Fikirləşir ki, mən qayıdınca ağaclar başın qaldıracaq. Onda mənim sözlərimə heç kim inanmayacaq. Tez başından kəlağayısını açıb çinar ağacının budağına bağlayır. Qayıdır kəndə, gördüklərini camaata danışır. Ancaq gəlinin sözlərinə inanan olmur. O, bir daha bildirir ki, mən kəlağayımı çinar ağacının budağına bağlamışam. İnanmırsız, gedin, baxın! Kənd camaatı yığılıb ziyarətgaha gəlir. Gözlərinə-gördüklərinə inanmırlar. Gəlinin kəlağayısı, doğrudan da, çinar ağacının budağında yellənirmiş...”.

Şəkərbura, paxlava
Bəzək verir xonçaya...

Novruz bayramında sonuncu qeyd olunan Torpaq çərşənbəsi özünəməxsus əlamətlərinə və bayrama yaxın olduğuna görə insanlar tərəfindən daha çox sevilir. Bu səbəbdən də torpağın insanlara bəxş etdiyi nemətlər heç vaxt unudulmur.
Torpaq çərşənbəsində süfrələrimiz Novruzun bəzəyi olan paxlava, şəkərbura, qoğal və bir çox şirniyyatlarla zəngin olan bayram xonçası ilə bəzədilir. Qoğal günəşin və istiliyin simvolu kimi süfrəyə gətirilir. Şəkərburanın da kənarındakı və üzərindəki naxışlarının da günəş şüalarını xatırlatdığı qeyd olunur. Paxlava isə ortasına qoyulmuş fındıqla yaranışın mifik mənasını özündə əks etdirir. Şirniyyatların süfrəyə qoyulması bütün ilin bərəkətli, ruzili və həmişə şirin keçməsini mənalandırır. Bununla yanaşı, qoz, fındıq, badam və bir çox çərəz növləri də süfrələri bəzəyir. Novruzun rəmzi hesab olunan səməni isə öz yaşıl görkəmi və “belinə” bağlanmış qırmızı lentlə daha çox diqqət cəlb edir. Həmin gün hamı deyir-gülür və xoş sözlər danışırlar. Torpaqla, əkinlə bağlı əski inamlardan söhbət salırlar:

Torpaq deyər: öldür məni, dirildim səni.
Yer kimindi, oturanın, söz kimindi, götürənin.
Yerin də qulağı var.
Yaz əkinçi, qış dilənçi.

Torpaq çərşənbəsində qədim inanclara dayanan, əslində isə birliyi, humanizmi, qənaəti xarakterizə edən aşağıdakı deyim-duyumlar da işlənir:

Axır çərşənbədə paltar tikmək olmaz.
Axır çərşənbədə qəlbə dəymək olmaz.
Axır çərşənbədə səfərə çıxmaq olmaz.
Axır çərşənbədə yerə isti su tökmək olmaz.

Elin inamına görə, Torpaq çərşənbəsində Su, Od, Yel öz işlərini bitirmiş olur və yerlərini Torpağa verirlər. Torpaq isə insanları hərəkətə, fəaliyyətə, ruzi toplamağa səsləyir. Yerlər şumlanır, toxumlar səpilir. Yazın gəlişi ilə bağ-bağçada da işgüzarlıq özünü göstərir. Həmin gün axşam vaxtı yenə də tonqallar çatılır. Ancaq bu çərşənbənin tonqalları digərlərindən fərqlənir. Çünki həmin gün tonqallara daha çox maraq olur və hamı od ətrafına yığışır. Onun istisinə qızınmağa can atırlar.
Axır çərşənbədə təkcə ev-eşik yox, insanların qəlbi də təzələnir. Küsülülər barışır, hamı xoş sözlər deyir, bir-birinin könlünü alır. Qulaq falına da məhz Torpaq çərşənbəsində çıxırlar. Qulaq yaxşı söz eşitsin deyə hamı xoş sözlər söyləyir. Çərşənbə axşamı söyüş, qarğış və könül qıran söz söyləməzlər.
Xalqımıza hər zaman könül xoşluğu, bar-bərəkətli illər, əmin-aman çağlar arzulayırıq. Bayramınız mübarək!

Savalan Fərəcov