Öz qılınc-qalxan qəhrəmanlıqları, ədalətli əməllər aləmilə tarix yaratmış Türkün növbəti qələm işi...

O “şifahi” qəhrəmanlıqlar, ədalətli əməllər hamımızındır, ayrı-ayrı yazılar isə ayrı-ayrı fərdlərin, qılıncdan kəsərli qələm-yazmanların; qədirbilənlərimizin qəlblərində azman sərkərdələrdən də uca tutulan Mahmud Kaşğari, Bahəddin Ögəl, Yusif Akçura, Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu... kimi nəhənglərin!

Martın 18-də Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilən “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” kitabı da həmin ənənə-mirasın davamı...
Milli Məclis deputatlarının, elmi ictimaiyyət nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində söylənən yüksək fikir, qənaət və rəylərin əsas məğzi bu idi ki, millət vəkili, fəlsəfə doktoru Cavanşir Feyziyevin bu kitabı türk dünyasının problemlərinə yeni elmi-metodoloji yanaşmanın uğurlu nümunəsidir.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bu kitabın təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının həyatında müstəsna yer tutduğunu vurğuladı, söylədi ki, indiki Avropa İttifaqı bir model kimi hazırda quruma üzv olan dövlətlərin siyasətində uzunmüddətli hədəf halına gəlməzdən əvvəl düşüncələrdə təşəkkül tapmış, çeşidli kitablar vasitəsilə cəmiyyətə təqdim olunmuşdu. Türk Birliyi məsələsi isə məhz vahid konsepsiyasızlıqdan zaman-zaman ideoloji fazaya qədəm qoya bilməmiş, nəticə etibarilə türklər, toplum olaraq, dünya düzəninə təsirdən kənar qalmışlar. C.Feyziyevin kitabı məhz bu təsiri aktuallaşdıran, ona yeni və aktiv çalarlar gətirən, cilalayan düşüncənin məhsuludur.
Təqdimat mərasimində söylənilən fikirlər belə bir nüansı vurğuladı ki, müəllif türkçülüyün türk və dünya xalqları üçün həm milli, həm də ümumbəşəri əhəmiyyətini öz düha sələflərinin milli fədakarlıq irsinə əsaslanaraq sistemləşdirmiş, ayrı-ayrı baxışlardan bəhrələnərək müqayisəli təhlilləri ilə vahid ideya platforması yaratmış, bununla da türk xalqları tarixinin, siyasi düşüncə, mədəniyyət və məişət məcmusunun tədrisi prosesi üçün də bir mənbəyə çevirmişdir.
Çox geniş, əhatəli çıxışında sözügedən kitabı “türk dünyasının problemlərinə yeni elmi metodoloji yanaşmanın uğurlu nümunəsi” kimi dəyərləndirən AMEA-nın müxbir üzvü, Dövlət mükafatı laureatı Yaqub Mahmudov “bu gün dünyanı ədalət, beynəlxalq hüquq normaları deyil, ədalətsizlik və güc idarə edir” kimi sübuti-isbati qənaətlərindən sonra mərasim iştirakçılarına xitab etdi: “Bəs qalan xalqlar, o cümlədən yenicə müstəqilliyə qovuşmuş türk dövlətləri üçün çıxış yolu nədədir?!” Bu barədə öz şəxsi arqumentlərini də çatdıran natiq diqqəti bir daha təqdimatına yığışılan nəşrə yönəltdi: “Belə bir taleyüklü sualın - çox ciddi dəlillərə söykənərək - daha elmi əsaslarla cavablandırılması baxımından Cavanşir Feyziyevin böyük məmnuniyyətlə oxuduğum bu əsəri çox qiymətli bir tədqiqat işidir”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov diqqətə çatdırdı ki, müəllifin elmi axtarışlar apararkən müxtəlif dillərdə olan çoxsaylı mənbələri nəzərdən keçirməsi, analitik təhlilləri və gələcəyə istiqamətlənmiş elmi-konseptual nəticələr çıxarması bu kitabın dəyərini daha da artırır.
Kitabın ictimai əhəmiyyətindən, “böyük dünya və böyük etnos” qapsamlı məziyyətlərindən danışan filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva qeyd etdi ki, geniş oxucu və sosial qruplar üçün çap edilmiş digər tədqiqatlardan fərqli olaraq, həm də türk dövlətçilik ənənələrindən bəhs edən bu nəşri hər bir ziyalının yaddaşı üçün hesablanmış düşüncə toplusu da saymaq olar: “Bu, türkün keçmişini özünə qaytaran, bizə öz milli kimliyimizi təlqin edən, “özümüzə qayıdanda güclü oluruq” kimi məşhur deyimləri xatırladan bir kitabdır”.
Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin öz çıxışına müəllifi bu uğurlu işinə görə təbriklə başladı. Qardaş-qonaq kitabda irəli sürülən ideyanın türk xalqları ziyalılarını və siyasətçilərini dərindən-dərin düşündürəcəyini bəyan etdi.
Tədbirdə çıxış edənlərin hər biri, öz fərdi yanaşma və baxışları ilə bahəm, kitabı Avrasiyanın gələcəyinə mükəmməl elmi baxış kimi dəyərləndirdi.
Sonda XX əsr Azərbaycan-Türk ictimai fikrinin görkəmlilər görkəmlisi Əli bəy Hüseynzadənin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi üç saata yaxın davam edən təqdimat mərasiminin milli elm-irfan təntənəsi təsiri bağışladı...

T.Abbaslı