Yeni nəşr Qobustan qayalarının açılmamış sirlərindən bəhs edir

Tariximizin bir parçası, qədimdən-qədim Qobustan qayalarına həsr edilmiş növbəti dəyərli əsər “Qobustan-minilliklərin kitabı” adlanır. Nəfis tərtibatlı kitab Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə dəstəyi ilə Azərbaycan və ingilis dillərində hazırlanaraq “İRS Publishing House” çap evində nəşr edilib.

Layihənin baş məsləhətçisi mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, rəhbəri və baş redaktoru Musa Mərcanlı, elmi məsləhətçiləri isə tarix elmləri doktoru, professorlar Vəli Əliyev, Qüdrət İsmayılzadə, Kamil İbrahimov, tarix elmləri namizədləri Firuzə Muradova və İdris Əliyevdir.
UNESCO tərəfindən Dünya Mədəni İrs Siyahısına salınmış Qobustana həsr edilən nəşrin əsas məqsədi Xəzər dənizinin sahillərində bəşər sivilizasiyasının iyirmi min illik tarixinə işıq salmaqdır.
Nəşrin “Ocaqlar və zaman” adlı giriş yazısında çoxsaylı qayaüstü rəsmlərlə zəngin olan Qobustan nadir daş kitab kimi təsvir edilir. Bu abidə dünya sivilizasiyası ocaqlarından birinin qayalara həkk olunmuş salnaməsidir. Yazıda Abşeron yarımadasında yerləşən Qobustan Milli Tarixi-Bədii Qoruğu barədə geniş məlumat verilir və bildirilir ki, buradakı abidələr yuxarı paleolitdən son orta əsrlərə qədər uzanan böyük tarixi dövrü əhatə edir. Dünyada belə bir uzunmüddətli tarixi dövrü əks etdirən ikinci qayaüstü rəsmlər toplusu mövcud deyil. Sahəsi dörd min hektardan artıq olan qoruğun ərazisində arxeoloqlar tərəfindən altı mindən çox qayaüstü rəsm, dayanacaq yerləri, kurqanlar, vaxtı ilə insanların yaşadıqları mağaralar, meqalitik tikililər, yaşayış məskənləri aşkar edilib.
Topluda Milli Azərbaycan Tarixi Muzeyində və Qobustan Milli Tarixi-Bədii Qoruğunda saxlanılan nadir eksponatların fotoşəkillərindən istifadə olunub. “Xəzərin sahillərində”, “İlk insanlar”, “Qədimlərin dünyası”, “Mis və tunc dövrü”, “Təcavüz və cavab” və “Keçmişə aparan yollar” sərlövhəli altı bölmənin hər biri oxucunu Qobustan qayaları ilə daha yaxından tanış edir.
Azərbaycan və ingilisdilli geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qobustan - minilliklərin kitabı” daşlaşmış tarixi keçmişimizin, mədəniyyətimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından olduqca dəyərli vasitədir.