Əlamətdar gündə mədəni irsin tədqiqi və idarə edilməsinə dair konfrans, "Milli irs mükafatı"nın növbəti təqdimatı keçiriləcək

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu gün 1983-cü ildə UNESCO yanında Abidələr və tarixi yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS - International Council on Monuments and Sites) təşəbbüsü ilə təsis edilib. Məqsəd cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunun təbliği və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir.

Mədəni irsin tədqiqi və idarə edilməsi sahəsində əməkdaşlıq

UNESCO-nun Dünya İrs Mərkəzinin məşvərətçi orqanı olan və 100-dən çox milli komitəni, 30-dək beynəlxalq elmi komitəni və 12 min nəfərə yaxın fərdi üzvü özündə birləşdirən Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura (İCOMOS) memarlıq və arxeoloji abidələrin mühafizəsi sahəsində elmi-metodoloji yanaşmanın tətbiqi üzrə ixtisaslaşmış yeganə dünya miqyaslı qeyri-hökumət təşkilatıdır.
Əlamətdar gün ənənəvi olaraq ölkəmizdə də qeyd edilir. Budəfəki bayram günündə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tədbirlər nəzərdə tutulub.
Aprelin 18-də "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında İCOMOS-un Azərbaycan Milli Komitəsinin təsis olunması üzrə təşəbbüs toplantısı və "Azərbaycan və İCOMOS: mədəni irsin tədqiqi və səmərəli idarə edilməsi sahəsində əməkdaşlıq" mövzusunda konfrans keçiriləcək. Tədbirdə İCOMOS prezidentinin rəhbərliyi ilə geniş nümayəndə heyətinin iştirakı gözlənilir.

"Milli irs mükafatı" qaliblərə təqdim olunacaq

Aprelin 18-də həmçinin Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş təntənəli bayram mərasimi keçiriləcək. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və "PAŞA Həyat Sığorta" şirkətinin təşkilatçılığı, Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS) dəstəyi ilə gerçəkləşəcək.
Tədbirdə ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işlərin təşviq olunması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Milli irs mükafatı"nın 2014-cü il üzrə nominantlarının mükafatlandırılması keçiriləcək.
"Milli irs" mükafatının təsis edilməsində bu sahədə elmi tədqiqatların aparılması, tarix və mədəniyyət abidələrinin mühafizəsində qabaqcıl standartların tətbiqi, daşınmaz tarix və mədəniyyət abidələrinin orijinal və müasir üsullarla bərpası və konservasiyası, Azərbaycanın mədəni irsinin tanıdılması və təbliği, gənclər arasında milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, ixtisaslı kadrların hazırlanması üzrə əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və bu barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.
Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə aşağıdakı nominasiyalarda verilir:
Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə;
Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə;
Azərbaycanın mədəni irsinin tədqiqindəki xidmətlərə görə.
Mükafat Azərbaycan Respublikasının vətəndaşlarına və əcnəbilərə, yaxud kollektivlərə verilə bilər. Laureatlar mükafatın simvolu və diplomu ilə təltif olunur.
Mükafat hər il 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günündə qaliblərə təqdim olunur.
Budəfəki təntənəli mərasimdə həmçinin Mədəniyyət və Turizm Nazirliyi, "PAŞA Həyat Sığorta" ASC və "İrs" nəşriyyat evinin birgə layihəsi olan "Qobustan - minilliyin kitabı" və "Qədim qalanın yuxuları" kitablarının təqdimatı da olacaq.
Tədbirdə elm və ictimaiyyət nümayəndələrinin, xarici qonaqların iştirakı nəzərdə tutulub.