Azərbaycan tarixən tolerantlıq məkanı kimi tanınıb, xalqımız qonaqpərvərlikdə həmişə örnək sayılıb. Çünki etnik-mədəni düşüncəmizdə qonağa böyük ehtiram göstərilib. Təsadüfi deyil ki, azərbaycanlılar evə qonaq gələrkən ən ləziz yeməkləri hazırlayıb və onu ən qiymətli qab-qacaqda qonağa təqdim etməkdən məmnunluq duyub.

Türk dünyasının möhtəşəm mədəniyyət abidəsi “Kitabi-Dədə Qorqud” dastanında da süfrə açmaq, qonaqlı-qaralı olmaq igidliklə bərabər tutulub: “Könlün uca tutan ərdə dövlət olmaz”, “Ər malına qıymayınca adı çıxmaz”, “Oğul atadan görməyincə süfrə yaymaz”, “Mərd igidlər süfrə açar, ad alar” və s. deyimlər bu günümüzə qədər gəlib çatıb. Dastanda həmçinin Oğuz bəylərinin süfrəsinə düzülən qabların bəzisi haqqında maraqlı məlumatlara rast gəlirik: “Ağzı böyük xümrələr (küpələr) ortalığa düzülmüşdü. Doqquz yerdə badyalar düzülmüşdü. Altun ayaq sürahilər sıralanmışdır. Kafir qızları al şərabı altun ayaqla Qalın Oğuz bəylərinə gəzdirərdilər”.
Qonağın qarşılanmasında xalqımızın göstərdiyi nəzakət dünya poeziyasının günəşi hesab olunan dahi Nizami Gəncəvinin əsərlərində də təsvir edilib. “Yeddi gözəl” poemasında oxuyuruq:

Bağ gülü kimi qonaqsevər idi.
Qönçədəki qızılgültək gülərdi.


Böyük fars şairi Əbülqasım Firdovsi də “Şahnamə” əsərində Turan hökmdarının dəbdəbəli məclisini təsvir edərkən süfrə mədəniyyətimizlə bağlı məqamlara da toxunub:

Görüldü tədarük, çəkildi əmək,
Çiləndi gülablar, səpildi çiçək.
Düzülmüş idi süfrədə çox qədəh,
Ürəklərdə şadlıq, gözəllik, fərəh.


Xalqımızın süfrə mədəniyyətində misdən hazırlanan qabların xüsusi yeri olub. Çünki Azərbaycanda misgərlik sənəti qədim tarixə malikdir. Ölkəmizdə zəngin mis yataqlarına malik olması misgərlik sənətinin inkişaf etməsi üçün böyük zəmin yaradıb. Bu barədə tarixi mənbələrdə, səyyahların qeydlərində maraqlı məlumatlar əksini tapıb. Mənbələrdə qeyd olunur ki, mis qablar əsasən əhalinin orta təbəqəsinin süfrəsində üstünlük təşkil edib.
XIII əsrdə ölkəmizə gələn məşhur italyan səyyah Marko Polo yol qeydlərində Azərbaycanın təbiəti, şəhərləri və insanları haqqında maraqlı məlumatlar verib. Həmçinin süfrə mədəniyyətimizə heyran olduğunu yazıb. Təbriz, Bakı, Şamaxı, Gəncə və s. şəhərləri gəzən səyyah daddığı təamları heyranlıqla təsvir edib. Səyyah Təbriz və Şamaxı şəhərlərində ikən “süfrələrin vəsfəgəlməz gözəlliyi qarşısında insanın bihuş olduğunu” bildirir.
Digər bir italyan səyyahı Katerino Zenonun XV əsr Azərbaycan süfrə mədəniyyəti haqqında verdiyi məlumatlar da olduqca maraqlıdır. Ağqoyunlu hökmdarı Uzun Həsənin qonağı olmuş səyyaha sarayda yer verilir, ona hər gün şah süfrəsində nahar etmək imkanı yaradılır. Gördüklərini möcüzə adlandıran qonaq hər dəfə süfrə arxasında oturarkən yemək əvəzinə buradakı gözəlliyə baxıb “doyduğunu” bildirir. Göründüyü kimi, hələ beş əsr bundan əvvəl süfrə mədəniyyətimizə heyran olan avropalı səyyahın qənaətləri xalqımızın qonaqpərvərliyi ilə yanaşı, zəngin yemək çeşidlərinə malik olduğumuzu da sübut edir.
Süfrələrimiz haqqında maraqlı məlumat verən əcnəbilərdən biri də ingilis diplomatı Antoni Cenkinsondur. O, Şamaxıda gördüyü böyük qonaqpərvərliyə heyran qalır. İngilis səyyahını ən çox heyrətləndirən isə xanın onun şərəfinə açdığı süfrə olub. O, gündəliyində şərəfinə açılan süfrəni belə təsvir edir: “Kral (xan) və onun yaxın adamları çadırda bardaş qurub oturmuşdular. Lakin mənə belə oturmaq çətin olduğunu görcək, əlahəzrət stul verilməsini əmr etdi. Və mənə dedi ki, adət etdiyim qaydada oturum. Nahar vaxtı çatanda yerə süfrələr salındı və müxtəlif cür xörəklər verildi. Bu xörəklər növlərinə görə cərgə ilə düzülmüşdü. Mənim hesabıma görə süfrədə 140 cür xörək vardı. Bu xörəklər yeyildikdən sonra qabları süfrə ilə birlikdə yığışdırıb, təzə süfrələr saldılar. Ortaya 150 növ meyvə və başqa ziyafət yeməkləri gətirildi...”
Araşdırmalarda göstərilir ki, qabların üzərindəki yazılar onların təyinatına uyğun olaraq seçilib. Məsələn, sərpuşlar üzərindəki kitabələr yeməklə, süfrə ilə bağlı, piyalələr üzərindəki yazılar şərab, şərbət, məcməyi və nimçələr üzərində isə bərəkət haqqında kəlamlar olub. Məişət qabları üzərindəki yazıları araşdıran görkəmli epiqrafçı alim, AMEA-nın müxbir üzvü Məşədixanım Nemətova məişət qabları üzərində daha çox dövrün klassiklərinin - Nizami Gəncəvi, Ömər Xəyyam, Sədi Şirazi, Əmir Xosrov Dəhləvi, Hafiz Şirazi kimi şairlərin qəzəl və rübailərinin həkk olunduğunu qeyd edir.
Bu gün də misdən hazırlanan müxtəlif əşyalardan məişətdə istifadə olunur. Evlərin interyerində də ondan dekor kimi yararlanırlar. Eyni zamanda rəssamlar natürmort kimi mis qablardan geniş şəkildə istifadə edirlər. Ümumiyyətlə, mis qablar Azərbaycan xalqının qədim tarixə, yüksək bədii zövqə, zəngin məişət mədəniyyətinə, incə sənətkarlıq qabiliyyətinə malik olmasını göstərən dəyərli nümunələrdir.

Savalan Fərəcov







Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar