Hazırda ölkəmizdə “Azərbaycan”, “Ulduz”, “Mütərcim”, “Bayatı”, “9 İqlim”, “Alatoran” “Dünya ədəbiyyatı”, “Qobustan” və s. ədəbi jurnallar nəşr olunur. Həmin jurnallar fərqli zövqə malik oxucular tərəfindən oxunduğuna görə müxtəlif universitet, texnikumların ədəbiyyatla maraqlanan tələbələrinə sərlövhəmizdəki sualla müraciət etdik.
  
   Ülviyyə Heydərova ( Bakı Slavyan Universitetinin “yaradıcılıq fakültəsinin I kurs tələbəsi): Ədəbi prosesi izləmək üçün “Ulduz”, “Azərbaycan” jurnallarını müntəzəm oxuyuram. Hər iki jurnallarda çap olunan şeirlər, hekayələrlə gəncləri tanımaq imkanımız olur. Amma çox təəssüflənirəm ki, tərcümə əsərlərinə az yer ayrlır.
   Humay Qurbanova (Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin II kurs tələbəsi): Bu gün ölkəmizdə ədəbi orqanlar çoxdur və təbii ki, onların hamısını izləmək qeyri-mümkündür. Ən çox “Ulduz”, “Azərbaycan” və “ 9 İqlim” jurnallarını oxuyuram. Bu jurnallarda çap olunan şeirlər məzmun baxımından o qədər maraqlı olmasa da, nəsr əsərləri nisbətən normaldır.
   Təranə Musayeva (Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin II kurs tələbəsi): Mütəmadi olaraq “9 İqlim” və “Bayatı” jurnallarını izləyirəm. Bu jurnallarda müxtəlif zövqlü oxucuları əhatə edən ədəbi nümunələrə rast gəlmək olur. Bəzən də “Ulduz” və “Azərbaycan” jurnallarına nəzər salıram. Demək olar ki, həmişə eyni müəlliflərlə rastlaşırsan. Təbii ki, bu da bezdirici təsir bağışlayır.
   Əsəd Nəsirli (Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsinin II kurs tələbəsi): Ədəbi jurnallardan söz düşəndə adamın ürəyi ağrıyır. İstedadlı adamların bəziləri, demək olar ki, bu jurnallara yazı vermirlər. Müstəqil şəkildə çıxan jurnalların aqibəti daha faciəlidir, maliyyə çətinliyinə görə bəzən ildə bir dəfə nəşr olunurlar. Ən çox oxuduğum jurnallar ”9 İqlim”, “Alatoran” kimi jurnallardır ki, məhz bu cür jurnallar yalançı əxlaq maskasından uzaqdırlar.
   Rövşən Tağıyev (Bakı Dövlət Universitetinin gömrük işinin təşkili fakültəsinin III kurs tələbəsi): Ən çox oxuduğum jurnallar “Ulduz”, “Azərbaycan” “Alatoran” “Mütərcim”dir. Mən dünya ədəbiyyatından ədəbi nümunələr oxumağı daha çox xoşlayıram. Çox istəyərdim ki, böyük formatlı, müntəzəm çıxa bilən, tərcümə əsərləri çap edən bir neçə ədəbi jurnal nəşr olunsun.
   Raqib Məmmədov (Sumqayıt Tibb Texnikomunun stomatologiya fakültəsinin II kurs tələbəsi): Ən çox oxuduğum “Mütərcim” jurnalıdır, hər nömrəsini alıram. Hazırda həmin jurnalda F.M. Dostoyevskinin iki romanı - “Karamazov qardaşları” və “Şeytanlar” romanı nəşr olunur. Həmin romanlar Azərbaycan dilinə ilk dəfə tərcümə olunduğundan çalışırm ki, jurnalın hər nömrəsini alım. “Ulduz” və “Azərbaycan” jurnallarında tərcümə əsərləri az olur ona görə bəzən dost-tanışdan almalı oluram.
   Rahim Məmmədov: ( Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin II kurs tələbəsi): Mütəmadi olaraq izlədiyim üç jurnal var - “Ulduz”, “Azərbaycan”, “Mütərcim”. Hər üç jurnalı oxuyuram. Amma “Mütərcim”i tərcümə əsərlərinə görə daim oxuyur və nüsxələri də saxlayıram. Ədəbi jurnallarda gənclər az çap olunur. Çox istərdim ki, gənclərin müstəqil jurnalları olsun.
   Fərhad Feyzullayev (Memarlıq və İnşaat Universitetinin III kurs tələbəsi): “Ulduz”, “Azərbaycan” jurnallarını oxuyuram. Amma həmişə almıram. Almamışdan əvvəl baxıram, vərəqləyirəm, maraqlı müəlliflər varsa alıram, yoxdusa qalır. İxtisasım ədəbiyyatla bağlı deyil, amma ədəbi qəzet və jurnallarla maraqlanıram.
   Etibar Lətifov ( ADMİU-nin sənətşünaslıq fakültəsinin III kurs tələbəsi): Ən çox oxuduğum jurnal “Mütərcim”, “Alatoran”, “Ulduz” jurnallarıdır. Jurnallarda əsasən gəncləri oxuyuram. Yaşlı nəsildənsə, adətən, tanınmış imzaları daha çox diqqətimi çəkir. Jurnallar daim eyni cür çap olunur. Çox istəyərdim ki, jurnallar bir az fərqli dizaynda və yaxşı kağızda çap olunsun.
  
   Fərid Hüseyn