Bakıda beynəlxalq elmi konfrans keçiriləcək

Noyabrın 13-14-də Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ümumtürk kontekstində Qarabağ xalq oyunları və meydan tamaşaları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan bildiriblər ki, konfransda ümumtürk kontekstində xalq oyun və tamaşaları müqayisəli təhlil ediləcək, Qarabağda tarixən icra edilmiş xalq oyunları və meydan tamaşaları, bu oyunların ritual-mifoloji kökləri, mövsüm və mərasimlə bağlı xalq tamaşaları müzakirə olunacaq. Həmçinin xalq oyunlarının musiqi, mədəniyyətin digər sahələri ilə əlaqəsi, bu oyunlardan və meydan tamaşalarından teatr səhnələrində, televiziyada istifadə yolları, uşaq oyunları, kompüterdə xalq oyunlarından və meydan tamaşalarından oyun proqramları hazırlamaq imkanları məsələləri də beynəlxalq konfransın əsas mövzularındandır.
Beynəlxalq elmi konfransda iştirak etmək istəyənlər məruzələri qarabag.tamasha@rambler.ru elektron poçt ünvanına göndərə bilərlər. Müəlliflərin elektron poçt ünvanına sentyabrın 15-dək materiallarının qəbul edilib-edilmədiyi barədə məlumat veriləcək. Məqalələr kitab halında çap olunacaq.
Konfransla bağlı ətraflı məlumatı Folklor İnstitutunun saytından əldə etmək olar.