Özbəkistanın xəbər saytında məqalə
Özbəkistanın sharh.uz xəbər agentliyinin saytında Azərbaycanın bu ölkədəki səfirliyi və səfirliyin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə tanınmış jurnalist Şərafətdin Tulaqanovun özbək dilində “Xınalıq-açıq səma altında etnoqrafik muzey” sərlövhəli məqaləsi yerləşdirilib.
Yazıda qeyd edilir ki, Azərbaycanın Quba rayonundakı Xınalıq kəndi 5 min illik tarixə malikdir. Kənd dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. Yerli əhali tarixən sənətkarlıq, heyvandarlıq və əkinçiliklə məşğul olur. Buradakı küçələr, kəndarası yollar 100 il əvvəl necə idisə, bu gün də eləcə qalır. Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2007-ci ildə Xınalıq kəndinin tarixi ərazisi Dövlət Tarixi-Arxeologiya və Etnoqrafiya qoruğu elan olunub.
“Xınalıq” türk toponimi haqqında yazan müəllif bildirir ki, Xınalıq dili Qafqaz dil qrupuna daxildir və bu dil yalnız Xınalıqda işlədilir. Materialda Xınalığın zəngin mədəniyyəti, adət-ənənələri və mətbəxi haqqında da məlumat verilir.