Fevralın 22-dən el arasında qışın “Boz ay” adlanan dönəmi başlayıb. Bununla da 22 günlük Kiçik çillə arxada qalıb.
Novruza qədər davam edən Boz ay su, od, yel, torpaq çərşənbələrinin keçirilməsilə yadda qalır. Xalqımızın əski inancına görə, dünyanın yaranması bu dörd ünsürlə bağlıdır. Bu baxımdan babalarımız varlığı əmələ gətirən ünsürləri uca tutaraq bayram ediblər.
Boz ayın ilk çərşənbəsi su ilə bağlıdır. Bu, əski türklərdə suya olan mifik inamdan, yanaşmadan irəli gəlir. Mifoloji dünya modelində su dünyanın özülü, həyatın başlanğıcıdır. Azərbaycan folklorunda su əzəli, əbədi həyat, ölümsüzlük, dirilik rəmzi kimi geniş yer tutur. Xalqımızın inamında suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.
Türklərin əski dünyagörüşündəki suya tapınma ayini öz izlərini bu günəcən qorumaqdadır. İnanca görə, suyun ilkin yaranışda və yaşamdakı rolu onu insanlar üçün əvəzedilməz, bənzərsiz nemətə çevirib.
Düzdür, indi yurdumuzda çərşənbələr, yüz illər öncə olduğu kimi, bütün ənənələrilə qeyd edilmir. Bunun başlıca səbəbi çağdaşlaşma və şəhərləşmə ilə bağlıdır.
Su çərşənbəsi el arasında “əzəl çərşənbə” adıyla da tanınmaqdadır. Bu çərşənbədə su ilə bağlı bir sıra ayinlər icra edilir. Xalqımızın su ilə bağlı inancları və sınamaları çoxdur. Ənənəvi olaraq su çərşənbəsində kəndlərdə adamlar səhər tezdən bulağa gedib su gətirirlər. Bu, evə bərəkətin gəlişi sayılır, ilboyu bolluğun olacağına inam kimi qəbul edilir. Gətirilən sudan bağa, həyətə, otaqlara çilənir.
Eləcə də su çərşənbəsində insanlar axar suda əl-üzlərini yuyur, “azarım-bezarım suya” deyib onun üzərindən atlanır, bulaq başında niyyət edirlər.
Çərşənbələr xalq arasında bir gün öncə - çərşənbə axşamı bayram səviyyəsində qeyd edilir. Bütün çərşənbələrdə Novruzun başlıca rəmzi olan tonqal qalanır.
Ötən gecə yurdumuz ilaxır çərşənbələrdən ilkini qeyd etdi, Novruza üç çərşənbə qaldı...

S.Soltanlı