Oda inam insanın təbiətə olan inamından irəli gəlir. İnsan dünyada onu yaşamağa ruhlandıran, inandıran təbiət hadisələrinə inanmağa özünü borclu bilir. Belə olmasa, o, dünyada yaşaya bilməz. Bu baxımdan ulularımızın tapındığı dörd müqəddəs ünsür - su, od, yel, torpaq və bunların birliyindən, qarşılıqlı münasibətlərindən yaranan canlı aləm, təbiət insanın əbədi inam qaynağıdır.
Novruza sayılı günlər qalır. Ötən axşam (3 mart) qeyd etdiyimiz ilaxır çərşənbələrdən ikincisi od çərşənbəsi idi.
Od insan üçün sirli, cazibəli varlıqdır. O, insanı ofsunlayır, özünə çəkir, mənəvi və maddi baxımdan onun həyatında qaçılmaz yer tutur. Odun əldə edilməsi insanlar üçün çox böyük tapıntı, yaşamın indiki duruma gəlib çıxmasında əvəzsiz bir vasitə olub.
Türklərin əski dünyagörüşündə odun ayrıca, bənzərsiz yeri var. Babalarımız oda inamı müqəddəslik səviyyəsinə qaldırmış, mənalandırmışlar. Türk düşüncəsində odun başlıca olaraq işıq və istilik keyfiyyətləri uca tutulub. Əski azərbaycanlıların düşüncəsində od işıq qaynağı olaraq qaranlığı yarır, insanı aydınlığa çıxarırdı. İndiki texniki imkanların olmadığı çağlarda günəşin hər gün doğması insanları uzun gecələrin cansıxıcı əzabından, qaranlığından qurtarır, yaşama daha da inandırırdı.
Odun istilik mahiyyəti də insan üçün qaçılmaz olub, indi də belədir. Bu gün də kainatda yaşamımız üçün təbii işıq və istiliyin başlıca qaynağı olan günəşin hər gün doğmasını, bizi aydınlığa çıxarmasını, isindirməsini istəmirikmi? Ən çağdaş texnoloji imkanlar şəraitində belə qışın sərt soyuğundan bezib günəşli günlər arzulamırıqmı?
Novruz adət-ənənələrinə görə, od çərşənbəsində insanlar ölənlərinin qəbri üzərinə gedərək şam yandırıblar. Hər bir evdə odun rəmzi olan bayram tonqalı qalanıb. Çərşənbələrdə və Novruz bayramında qalanan tonqalların üzərindən hər bir insanın atlanması vacib sayılıb. Bununla insanlar inanıblar ki, odun üstündən atlanarkən onlardakı bütün pisliklər, uğursuzluqlar, bəxtsizliklər - hamısı odda yanaraq yox olur, içəridən daha da arınır, qıvraqlaşırlar. Beləliklə, əzəldən insanın oda olan inamı, sevgisi başlıca olaraq qaranlığı qovan, yoxa çıxaran işığa, aydın səmaya olan inamdır.
S.Soltanlı