Novruz öncəsi ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsi gəlib çatdı. Yel bizi əhatə edən, içində yaşadığımız hava mühitinin önəmli tərkib hissəsidir. Təbiət hadisəsi kimi o hər zaman gərəklidir, ancaq Novruzqabağı yel daha böyük anlam daşıyır. Belə ki, Novruz yelini ulularımız təbiətdə yeni nəfəs, köhnəlikləri silib aparan, gəlişiylə dünyaya yeni düzən verən ruh kimi qəbul ediblər.

Yel ruh kimi gözə görünmür, o həm zərif, həm sərtdir, gözlənilməz və güzəştsizdir. Həm də o, gəlişiylə təbiəti yenidən oyandırır, nizamlayır, qarşıdakı mərhələyə hazırlayır, adladır. Yelin yaradıcı, müqəddəs kimi mənalandırılması, dəyərləndirilməsi onun dünyada, insan həyatında əvəzsiz varlıq olmasıyla bağlıdır. Onun qarşısını kəsən hansısa güc yoxdur, bütün təbiət onun istəyinə uyğunlaşır. Bu sayaq yel qışın çətinliyini, əzab-əziyyətini aparmaq üçün çox gərəklidir. Beləliklə, yel insanın arzuladığı, lakin gücünün yetmədiyi istəklərini yerinə yetirmiş olur.
Azərbaycan türklərinin əski inanclarında yel yaradıcı varlıq olaraq qəbul edilib. Bu baxımdan yelə “Tanrının nəfəsi” kimi inanılması təsadüfi deyil. Ulularımız yelin doğmalığını, onlar üçün əvəzsizliyini “Yel baba” deyimi ilə folklor yaddaşımıza yazıblar. Yaz yeli Novruzdan ən doğma soraqdır.
Yel çərşənbəsində qadınlar evi silib-süpürər, xalça-palazı, pərdələri yuyar, yorğan-döşəyi günə verərlər. Eləcə də evin görkəmində əsaslı, gözəçarpan dəyişikliklər edər, otaqlara yelin dəyməsi üçün qapı-pəncərəni açıq qoyarlar.
Çərşənbə axşamı bayram süfrəsi açılar, ortaya çeşidli Novruz nemətləri qoyular, həyətlərdə tonqal qalanar.
Yel çərşənbəniz kutlu olsun!

S.Soltanlı