Azərbaycan xalqının milli dəyərlər kodeksində Novruz bayramının xüsusi yeri var. Xalqın tarixi keçmişi, mədəniyyəti, onun təxəyyüllünün məhsulu olan müxtəlif yaradıcılıq formaları bu bayramın əsas xəttini təşkil edir. Mütəxəssis rəylərinə əsaslandıqda görürük ki, xalqımız bu bayrama xoş ovqat, yeni həyatın başlanğıcı kimi yanaşıb.

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Vahid Ömərovun fikrincə, Novruz bayramının keçirilməsi həm də cəmiyyətin, insanların mənəvi-psixoloji halətini əks etdirir: “Novruz təsərrüfat, iqtisadi təməl, əkinçilik - insanın torpaqla təmas bayramıdır. Onun nəğmə və şərqilərində, ayinlərində əməyə çağırış, bərəkət və bolluq təşnəsi ifadə olunur. Novruz fəlsəfəsində həyat haqqında konsepsiya, sevinc və xoşbəxtlik barəsində ideal öz əksini tapıb. Təbiətin, torpağın oyanışı insanın oyanışı deməkdir. Günəşə, suya, işığa müraciət əsasında yaranmış şərqi və şeirlər göstərir ki, Novruz idrak anlamıdır, rəmz bayramıdır. Səməni dirçəliş, təzələnmə rəmzidir!
Novruzda qalibiyyət təntənəsi var: yaz qışa qalib gəlir, isti soyuğu məğlub edir, insanın qanı istilənir, o, qan yaddaşının enerjisi ilə təbiətlə ünsiyyətə girir, ona qovuşur. Bu bayram insansevərlik, humanizmi ifadə etdiyinə görə insanın milli ruhunu dustaq edən, onun əzəli arzularını buxovlayan totalitar total ideologiya onu qadağan edə bilmədi”.
Novruz ayinlərində və mərasimlərində əslə, kökə qayıdış, milli mənliyi uca saxlamaq qayəsi xalq ruhunun ən ibtidai və təbii formasıdır: “Novruz göstəriləri içərisində igidlik, cəngavərlik rəmzi olan cıdır tamaşaları fərqlənir. Mərhum folklorşünas, AMEA-nın müxbir üzvü Azad Nəbiyev göstərir ki, cıdır tamaşalarının icraçıları əsasən igid və cəngavər cavanlar olardı. Cavanlar arasında yaxşı at çapmaq igidlik hesab edilərdi. Yaxşı at çapanların baxışına elat çıxardı. Cıdırda qalib gələnə böyük ehtiram bəslənərdi. Novruz günlərində təşkil olunan cıdırlar daha təmtəraqlı, zurna, nağara sədası altında, əsl el şənliyi kimi keçirilərdi. Sonralar xalqın bir sıra mərasimləri - adqoyma, bəylikvermə, qızseçmə və s. cıdır tamaşaları ilə sıx əlaqələndirilmiş, cıdır xalq məişətini geniş lövhələrdə əks etdirən kütləvi meydan tamaşasına çevrilmişdir”.
Həmsöhbətim Novruz tamaşalarının ən kütləvisinin zorxana tamaşaları olduğunu deyir: “Bayram günlərində zorxanalar daha təmtəraqlı görünərdi. Zorxanalar səməni, bayram xonçaları, rəngli yumurtalarla bəzədilər, qırmızı parçalardan pəncərələrə və taxçalara örtüklər salınardı. Yüngül geyimdə meydana çıxan cavanlar bir-birinin əlindən qılıncı düşənə qədər döyüşərdilər. Qılıncoynatma döyüşlərinə də qabaqcadan hazırlıq görülərdi. Qılıncoynadanların qılıncından qırmızı asılar, qalibə Novruz xonçaları verilərdi”.
Vahid Ömərovun sözlərinə görə, Novruz tamaşalarının bu günə qədər geniş şəkildə yayılıb və xalq arasında yaşamaqda olanı əl üstdə gəzmədir: “Əl üstdə gəzmə müəyyən əşyaları yerdən dişlə götürmək, onu başqa yerə aparıb qoymaq, əl üstündə yüyürməkdən ibarət idi. Zorxanalarda daşlarla oynayan pəhləvanlara da maraq çox idi. Novruz şənlikləri içərisində “daşqaldırma” adı ilə tanınan bu nümayişlər böyük güc və fiziki sağlamlıq tələb edirdi. Bütün bu tamaşalar Novruz şənliklərinə xüsusi təravət verər, onların daha təntənəli və şən keçməsinə səbəb olardı. Bu ayinlərin bir çoxu bu gün də icra olunmaqdadır”.
Novruz bayramı bütün ayin və oyunlarında məhz birliyi, bərabərliyi təlqin edir ki, bunun da bariz nümunəsi müxtəlif rəqslərdir: “Bu bayramda daha çox oynanılan “Yallı” rəqsidir. Bu da xalqın birliyi deməkdir. Novruz - yeniləşmə, gözəllik, barış bayramıdır. Bu vaxt təbiətdə olan bu dirçəliş mövcud olan bütün varlıqlara təsir göstərir və bu təsir yeni həyatın yaranmasına gətirib çıxarır. İnsanlar arasında əlaqə genişlənir, küsülülər barışır. Təbiət və eləcə də, insanlar dəyişir, gözəlləşir. İl boyu həyatda, təbiətdə gördüyümüz gözəllik, məhz baharda - Novruzda öz yüksək səviyyəsinə çatır”.

Həmidə Nizamiqızı







News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar