Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi təkcə muzeylərimizdə saxlanılan maddi mədəniyyət nümunələrinin bərpası və konservasiyası ilə kifayətlənmir, bu nümunələrin qorunması və saxlanılmasına dair vaxtaşırı paytaxt və bölgələrdə mühazirə, sərgi və regional treninq-seminarlar keçirir.
11-13 noyabr tarixində Yevlax şəhərində Mingəçevir, Bərdə, Ağdaş, Yevlax, Goranboy, Naftalan və Tərtər rayonlarında çalışan muzey əməkdaşları üçün “Xilas olunmuş gözəllik” adlı regional sərgi-seminar təşkil olunub.
Mərkəzin direktoru Zərifə Məlikovanın giriş sözündən sonra seminarda “Xalça milli sərvətimizdir” və “Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi” adlı filmlər, eləcə də interaktiv olaraq bərpa və konservasiya üsulları nümayiş etdirilib.
Seminarda maddi sərvətlərin qorunmasına, muzeylərin fond otaqları və ekspozisiya zallarında rütubətliliyə qarşı tədbirlər, muzey ziyanvericiləri ilə mübarizə üsullarına dair məruzələr dinlənilib, bu barədə muzey əməkdaşlarına tövsiyələr verilib.
Seminardan sonra iştirakçılar mərkəzin bərpaçı-rəssamları tərəfindən bərpa olunmuş muzey eksponatları, onların bərpadan əvvəl və sonrakı vəziyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

Lalə