Dünən axşam xalqımız Novruz çərşənbələrinin sonuncusunu - el arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" də adlandırılan Torpaq çərşənbəsini qeyd etdi. Əsrlərin o üzündən süzülüb günümüzə gələn qədim irsin sevincini el birliyi ilə yaşadıq, tonqallar çatıb, dərd-sərimizi odda yandırdıq, arzu-diləklərimizin çin olması üçün dua etdik.
İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni Torpaq çərşənbəsidir. Evlərimizdə açılan süfrələrin zənginliyi, cürbəcür yeməklər, bayram şirniyyatları, səmənili xonça da bu təmtərağın əlamətidir.
Hər başlanğıc bir yenilənmədir. Novruz da təbiətin yenilənməsidir. Əski inanclara görə, torpağın oyanması ilə təbiət bütünlüklə yenilənir. Ona görə ki, varlığın əsasını təşkil edən su, od, yel özlərinin təsdiqini torpaqda tapırlar. Bu ünsürlərin torpaqla təması olmasa, yaşam olmaz.
El sözü var: “Torpaq deyir: səndən hərəkət, məndən bərəkət”. Torpaq çərşənbəsi torpağa münasibətin doğmalığı üzərində qurulub. Ona görə də bu çərşənbədə bağ-bağça qaydaya salınır, ağacların dibi bellənir, əkin işlərinə başlanılır.
Torpağımızın bərəkəti əskik olmasın. Artıq sayılı günlər qalan Novruz xalqımıza, hər evə könül xoşluğu gətirsin.








News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar