Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblı Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Yaradıcılığının 15 ilini Həzi Aslanov adına Zabitlər Evində keçirən xalq artisti Zaur Rzayev artıq 8  ilə yaxındır ki, burada bədii rəhbər vəzifəsində çalışır. O, qeyd etdi ki, hərbi nizam-intizama malik olan təşkilatın əsas məqsədindən biri hərbi hissələrdə əsgərlərimizlə mütəmadi görüşlər keçirmək, onlarda vətənpərvərlik ruhunu yüksəltmək, məğrurluq hissini gücləndirməkdir.

Yay mövsümündə bir neçə rayonda hərbi hissələrdə konsert verən Z.Rzayev dedi ki, belə görüşlərdən biri də Beyləqan rayonunda baş tutub: "Bu rayondan Şəmkirə qədər əsgərlər qarşısında konsert proqramı ilə çıxış etdik. Ötən il belə bir tədbir Tərtərdə keçirilmişdi. Onların yanında olarkən istər-istəməz adamda əlinə silah alıb vətənin müdafiəsinə qalxmaq istəyi   yaranır. Hər görüşdə eyni hissi yaşamaq özü bir daha sübut edir ki, bu cür oğulları olan vətən təslim ola bilməz. Qəhrəman övladlarımızla - əsgərlərimizlə görüşüb ünsiyyət qurduqca bir daha əmin oluruq ki, həqiqətən də bu gün bizim çox güclü  ordumuz var. Onların mənəvi dayağa böyük ehtiyacı var. Zəbt olunan torpaqlarımızın azad olunması möhtəşəm ordumuzun qüdrəti  sayəsində mümkün olacaq.  Bu baxımdan efirin rolu böyükdür. Təəssüf ki, bəzi telekanallarda qalmaqallara, yüngül musiqilərə,  gərəksiz şoulara daha çox yer verilir. Fikrimcə, bu gün hərbi hissələri qarış-qarış gəzib mütəmadi görüşlər keçirmək daha vacibdir. Qışın qarında, yayın istisində dağlarda keşik çəkən övladları yad etmək hər birimizin borcudur".

Z.Rzayev Naxçıvan bölgəsində də çox böyük hərbi nizam-intizamın şahidi olduğunu vurğuladı. O bildirdi ki, Naxçıvanda əsgərlərimizə olduqca yüksək şərait yaradılıb: "Naxçıvanda da hərbi hissələri gəzərkən yüksək döyüş qabiliyyətinə malik olan mərd oğullarımızı gördükcə insanın fərəhdən gözləri yaşarır. Milli Ordumuz  güclü əllərdədir.

41-45-ci illər müharibəsi veteranlarının əksəriyyəti yaşlı insanlardır. Onların səhhəti əsgərlərlə görüşməyə imkan verməsə də, hərbi hissələrə getmək istəyənlər çoxdur. Bundan başqa, hər bir hərbi hissənin siyasi işlər üzrə zabitləri şəhidlərimiz, milli qəhrəmanlar haqqında orduda geniş təbliğati işlər aparır".

Z.Rzayev əməkdar artist Fidan Hacıyevanın   Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının solisti olduğunu qeyd etdi. Ansamblın tərkibi haqqında ətraflı məlumat verən müsahibimiz dedi: "Ordunun ansamblına güclü səslə gəlmək lazımdır ki, sənin ifanı hər kəs qəbul etsin. Cəngilər çalınır, muğam, təsnif oxunur. Bunun öhdəsindən hər səs gələ bilməz. Ansamblın rəqs üzrə rəhbəri Etibar Zeynalov, ansamblın rəisi mayor Zöhrab İmamquliyevin xidmətləri danılmazdır. Sənətdə püxtələşmiş sənətkarlar vətənə xidmət etmək anlayışını daha yüksək qiymətləndirirlər".

Z.Rzayev yaradıcılıq planlarını da açıqladı. O, "Koroğlu" operasından Koroğlunun ariyasını ifa edib. Bu ariyanı oxumağa güclü səs tələb olunur. O, "Ana Kür",  "Xarı bülbül", "Bəri bax" mahnılarına da yenidən nəfəs verib: "2000-ci ildə Dağıstanın əməkdar incəsənət xadimi adına layiq görülmüşəm. Sovet dövründə Rəşid Behbudov Dağıstanın  əməkdar artisti olub. 1997-99-cu illərin mayında Dağıstanda üç il - ulu öndərimizin doğum günü  qeyd olunurdu. Bu münasibətlə Dərbənd və Xaçmazda qardaşlaşmış şəhər olaraq konsertlər verilirdi. Orda mən də çıxış etmişəm. Ötən il Əziz Əliyevin 110 illiyi münasibətilə keçirilən geniş tədbirdə mənə, Aftandil İsrafilova, Azər Zeynalova xalq artisti, Bəsti Bəkirovaya isə əməkdar artist adı verildi".
Sonda həmsöhbətimiz Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramında da maraqlı konsert proqramlarının gözlənildiyini vurğuladı.

Şəmsi VÜSAL







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar