(Əvvəli keçən sayımızda)
Dediyim kimi, Namiq müəllim çox təvazökar adam idi. Hələ bir dəfə də olsun görmədim ki, o, öz yüksək savadı, biliyi, bir sözlə intellekti ilə öyünsün, bunu kiminsə gözünə soxsun. Bir faktı da açıqlayım ki, pulsuz günlərində təzə yazdığı hekayələrini amansızcasına (bunu başqa cür ifadə edə bilmədim) satırdı. Nə az-nə çox - 40 manata. Yenə əvvəlki sözümə qayıdıram. O böyüklükdə istedad sahibi özünü sadəlövh uşaq kimi aparırdı. Yalnız bir dəfə...
V hekayət
Bir gün Namiq müəllim yenə də yanlarını basa-basa əzəmətli gövdəsi ilə televiziya çayxanasının qapısında göründü. Bizim oturduğumuz stola yaxınlaşdı. Yerini rahatlayıb siqaret sümürə-sümürə söhbətə başladı. Birdən söhbətini qəfil kəsib qayıtdı ki, siz Allah, məni bağışlayın, deyəsən, bir az çox danışdım. Bilirsiz, vallah, bu gün-sabah ölüb gedəcəyəm. Onda da heyifisilənəcəksiniz, niyə vaxtında onun söhbətlərinə doyunca qulaq asmadıq. Axı mən bunları yüzlərlə kitab-jurnallardan oxumuşam, hayıfdır.
Əslində, biz onun söhbətlərindən doymurduq. Daha doğrusu, mütaliə elədiyi bədii və elmi ədəbiyyatların təkcə elə adlarının siqləti bizi onun söhbətlərinin qabağında lal-dinməz eləyərdi. Onda qalmışdı ki, hələ bir danışaq.
* * *
Bədəncə olduğu kimi, təfəkkür cəhətdən də nəhəng idi. «Davası» da nəhənglərlə olardı - Allah, Zaman, Kainat və Ölümlə. Ona görə də söhbət elm, bilik müstəvisinə adlayanda Namiq müəllim müsahibində heyrət doğururdu. Şüvəlanda - yazıçıların Yaradıcılıq Evində Kiyev, Sankt-Peterburq və moskvalı həmkarlarının onun söhbətlərinin necə heyranlıqla dinlədiklərinin şahidi olmuşam və N.Abdullayevin bizim xalqın övladı olduğu üçün sevinmişəm.
VI hekayət
Bir payız gecəsi Yaradıcılıq Evinin həyətindəki kafedə 4 nəfər - Namiq müəllim, mən və Ukraynadan gələn ər-arvad «möhkəm məclis qurmuşdu». Ədəbiyyat və incəsənətdən başlayan söhbətimiz (Edqar Po, Eynşteyn, Dostoyevski, Hemunquey, Salvador Dali, R.Bredberi, A.Əzimov və b.) ulduzlar, qalaktika mövzusuna gəlib çıxdı. Qalaktika sanki Azərbaycanın fiziki xəritəsi idi, Namiq müəllim də coğrafiya müəllimi. O elə bil ki, qarşısında açılmış bu xəritəyə baxa-baxa danışırdı. Adam özünü sanki ulduzların içində hiss eləyirdi.
Qonaqlar söhbətdən xumarlanmışdı və ulduzlar aləminin sehrində üzürdülər. Gözləri heyrətdən alacalanmış qonaq birdən Namiq müəllimin qolundan tutub həyəcanla dilləndi:
- Zaberi moyu jenu, na noç naslajdaysya (Götür mənim arvadımı bir gecə rahatlan).
Bizim üçün əxlaqi çərçivələrə sığmayan bu sözlərdə, əslində çox təmiz və əxlaqlı bir adamın Namiq müəllimin yüksək savad və biliyinin qarşısında öz minnətdarlığını tam ifadə edə bilməmək qorxusundan başqa bir şey yox idi.
* * *
Oxucu düşünməsin ki, mən Namiq müəllimi ilahiləşdirmək istəyirəm. Yox, tanıyanlar bilir ki, o, iradəcə zəif və özünə qarşı laqeyd idi. Mən də bunu danmıram. Ancaq bununla yanaşı, bir fərd olaraq heç kimə bənzəmirdi, bəzək-düzəksiz danışırdı, öz xarakteri, öz siması var idi. Onun bu xüsusiyyətləri qalan çatışmazlıqlarını ört-basdır edərdi. İnsan onunla oturanda, söhbət edəndə heç vaxt darıxmazdı. Yeri düşmüşkən, rəhmətlik Eldar Baxış deyirdi ki, balam, bu Namiq müəllimə baxırsan, qarın çıxıb qabağa, paltar tökülür, burun da ki, yekə. Ancaq adam istəyir ki, köksünü paralayıb onu qoysun düz ürəyinin içinə.
Bir dəfə məndən soruşdu: «Bilirsən, dünyanın ən axmaq adamı kimdir?» Və cavabını gözləmədən (həmişə belə idi) dedi: «Danışanda özünü çox ağıllı göstərmək istəyən adam». Belə adamlardan kimsə təsadüfən bizim çay stoluna oturanda və yerli-yersiz söhbətə müdaxilə edəndə Namiq müəllim onun çürük qoz olduğunu anındaca sübut eləyərdi. Həmin adama əməlli «dərs» keçərdi. Mən sonradan onun amansızlığına işarə edəndə deyərdi: «O, elə bilirdi ki, üst-başım it günündə olduğu üçün bu da ağzına gələni danışa bilər. Mən onu mütləq darmadağın etməliydim, yoxsa ürəyim partlayardı». «Darmadağın etmək» - onun çox sevdiyi ifadə idi.
Bayaq dediyim kimi, Namiq müəllim hərəkət və sözlərində səmimi idi. İndi isə sizə danışacağım bu hekayəti 35 il AzTV-nin uşaq verilişləri redaksiyasının baş redaktoru işləmiş nəcib insan, Namiq müəllimin xeyirxahı Kamran İbrahimovdan eşitmişəm.
VII hekayət
Son illər demək olar ki, Namiq müəllim həmişə işə gecikərdi, bəzən heç gəlmirdi. Söz-söhbət gedib Teleradio Verilişləri Komitəsinin sədri Elşad Quliyevin qulağına çatır. E.Quliyev Allahçünə Namiq müəllimə intellektinə görə çox hörmət eləyərdi, onu həmişə qoruyardı. Sovet dövrü idi, partiya, komsomol, əmək intizamı... Bir sözlə, Namiq müəllimin işə bu münasibəti komitədə artıq və lazımsız söz-söhbətə səbəb olurdu. Bir gün sədr Namiq müəllimi yanına çağırır və ona ştatdankənar işləməyi təklif edir. Namiq müəllim həmin dəqiqə razılaşır. Xatırlatmaq istəyirəm ki, o dövrdə AzTV-də ştatda olan və ştatdankənar işçi eyni hüquqa malik idi. Fərq ondaydı ki, ştatdankənar əməkdaşa maaş verilmir, ancaq o, limitsiz qonorar ala bilirdi. Bu cür işləmək də Namiq müəllimə sərf edirdi. Həmin gündən o, vaxtlı-vaxtında işə gəlib-getməyə başlayırdı. Xəbəri sədrə çatdırırlar. Və bir gün həyətdə E.Quliyev Namiq müəllimi görür və deyir ki, eşitdiyimə görə, hamıdan tez işə gəlirsən, gəl, səni qaytarım ştata. Namiq müəllim razılaşmır, deyir ki, əgər ştatda olsam, yenə işə gəlməyəcəyəm. Qoy, elə ştatdankənar işləyim. Sədr çox israr etsə də, nəticəsi olmur.
Bəlkə də onunla yüz dəfədən çox bir süfrə arxasında əyləşmişəm. Heç vaxt da dilindən qəlbə dəyəsi bir söz eşitmədim. Lakin ən çox əsəbiləşdiyi və hər söz düşəndə yana-yana danışdığı bir məsələni diqqətə çatdırmağa özümə borc bilirəm. Namiq Abdullayevin «Gecələr uzanaydı» kitabı, səhv etmirəmsə, 80-ci illərin əvvəllərində çap olunmuşdu. Düzü, bu kitabı çayxanada tanımadığım bir adamın əlində görmüşdüm. Sonralar Yaradıcılıq Evində Namiq müəllimdən o kitabı istəyəndə, «Birinci, məndə o kitab yoxdur, ikincisi də o kitabı oxuma» - dedi. Səbəbini soruşanda məlum oldu ki, onun qələmə aldığı povestin («Gecələr uzanaydı») qəhrəmanı sonda ölsə də, o kitabın redaktoru - xahiş edirəm, təəccüblənməyin - son səhifələrində düzəliş aparır və qəhrəmanı dirildir. Yəni sosrealizm prinsiplərinə uyğun olaraq, əsər «xoşbəxt» sonluqla bitir - redaktor qəhrəmanı ölməyə qoymur. Hər yadına düşəndə Namiq müəllim o redaktorun qanmaz hərəkətinə çox əsəbləşərdi.
Bu məsələni xatırlamaqda isə bir məqsədim var: gələcəkdə N.Abdullayevin yaradıcılığını tədqiq eləyənlər bu məqamı unutmasınlar. Səviyyəli oxucu isə bu povestin sonluğuna görə müəllifi qınamasın. Yazıçı dostumun bu povestindən söz düşmüşkən, onun evsiz-eşiksiz günləri ilə bağlı yazdığı və sonralar it-bata düşən «İt» (avtoportret) adlı bir hekayəsi barədə də beş-on kəlmə yazmaq istəyirəm.
Namiq müəllim danışırdı ki, bulvardakı oturacaqda gecələdiyi günlərin birində milis gəlib onu yuxudan oyadır ki, burda yatmaq qadağandır. O görür ki, qarşıdakı oturacağın altında bir səllimi it şirin-şirin yumrulanıb yatır. Deyirdi ki, o gecə hara getdiyim yadımda deyil. Ancaq «İt» hekayəsi elə o günlərdə yazılıb. Hekayənin qısa məzmunu təxminən belədir: Bir yiyəsiz it zibillikdə, soyuq zirzəmidə, yeməkxanalar ətrafında, bir sözlə, təsadüfi yerlərdə gecələməkdən cana doyur. O qovur, bu vurur. Bir gün Allaha yalvarır ki, bu əzablardan qurtarmaq üçün onu insana döndərsin. Allah onun bu istəyini yerinə yetirir. İnsana çevrilən it acından ölməmək üçün işə düzəlmək istəyir. Lakin hara gedirsə, daimi Bakı qeydiyyatı olmadığı üçün onu işə götürmürlər. Nəhayət, o, yataqxanası olan bir iş yeri tapır; ordan arayış, burdan arayış, jek, pasport stol, süründürmələr və bu cür böyük əziyyətlərdən sonra işə düzəlir. Adamları yaxından tanıdıqca it-insan məyus olur. Bir gün hardasa tanış olduğu bir adam onu restorana bir məclisə dəvət edir. Masa arxasında gördüyü adamlar, onların var-dövlətlə bağlı söhbətləri, acgözlüklə yeməyə girişmələri, bir sözlə, bütün davranışları it-insanı adamlardan lap iyrəndirir. Süjet bu cür bir neçə hadisənin təsviri ilə davam edir. Axırı it - əsərin qəhrəmanı insanlardan gördüyü riyakarlığa, ikiüzlülüyə, yalana, çeşid-çeşid iyrəncliklərə dözə bilmir və bulvardakı əvvəlki yerinə qayıdır. Tanış oturacağın altına girir, təzədən Allaha yalvarır ki, onu yenə itə döndərsin. Çünki rahat yaşamaq istəyir...
* * *
O, söhbət elədiyi adamın yadında mütləq qalmalıydı. O adam Namiq müəllimlə yenidən görüşmək marağında olardı. İstedadı ilə yanaşı, onun təbiiliyi, danışıq tərzi həmin adamı mütləq özünə cəlb edirdi. Sözsüz ki, saxta adamlardan söhbət getmir.
VIII hekayət
Alçanın, gilasın nübar vaxtları idi. Metronun “N.Nərimanov” stansiyasının yaxınlığındakı gözəl və səliqəli kitab mağazasından çıxanda Moskvada yaşayan alim Abuzər Bağırovla rastlaşdım. Onu da 1988-ci ilin yayından Yazıçılar Evindən tanıyırdım. Hal-əhvaldan sonra az qala yalvarırmış kimi soruşdu: «Başına dönüm, Yazıçılar Evində bir yazıçı vardı ha... Namiq müəllim, o necə oldu?» Cavabımdan sevindi. Deyəsən, 1991-ci ilin mayı idi. «Məni onun yanına apar» - dedi. 15 dəqiqədən sonra Namiq müəllimin evinin qabağında idik. Taxta qapını döydüm. Qapı açıldı, o, əvvəl Abuzəri tanımadı, handan-hana yadına saldı. Qucaqlaşdılar, 20 dəqiqə sonra isə yaxınlıqda olan parkdakı restoranda oturmuşduq. Abuzər Namiq müəllimin povest və hekayələrinin Moskvada çap olunmasının zəruriliyindən, bu işdə əlindən gələni əsirgəməyəcəyindən danışırdı. O, doğrudan da sözündə çox səmimi idi və o vaxt kitab çapı indiki kimi xərc istəmirdi. Ancaq Namiq müəllimi həyat yormuşdu. Daha onda kitab həvəsi yox idi. Etika xatirinə Abuzərə dalbadal «sağ ol» deyirdi. Ancaq bilirdi ki, artıq «qatar gedib».
Qocaldığını, daha doğrusu, həyatdan yorulduğunu və paltarının nimdaş olduğunu görən A.Bağırov hörmət əlaməti olaraq, yaxşılıq etmək fikri ilə Namiq müəllimə pul vermək istədi. Həmin an da Namiq müəllimin rəngi dəyişdi:
- Yanıma gəlmisən, çox sağ ol. Ancaq heç vaxt belə şey eləmə.
A.Bağırov pis oldu. Namiq müəllim tez də Moskvadan söz saldı, yazıçı Çingiz Hüseynovu soruşdu... O, mənim gözümdə bir daha yüksəldi. Hansı ki, A.Bağırovdan ayrılandan sonra o, mənə çox rahat şəkildə, - pulun varsa, get ordan mənə iki paçka siqaret al, deyəsiydi. Yaxud başqa nəsə...
1992-ci il oktyabrın 22-də Lənkərandan - ezamiyyətdən qayıtmışdım. Həyətə girən kimi balaca qızım Aysel - «Ata, Namiq müəllim, - səsi titrədi, ağlamağa başladı, - dünən axşam televizorda göstərdilər», - dedi və kədərli-kədərli üzümə baxıbdı. Sarsıldım. Sonra da Aysel balaca əlini həyətdəki böyük taxta stola tərəf uzatdı: «Həmişə burda oturardı». - O daha danışa bilmədi. 7 yaşlı Aysel Namiq müəllimlə çörək yediyimiz bu taxta stolla mətbəx arasındakı 7-8 metrlik yolda üç il sərasət bizim dəyişməz çaparımız olmuşdu.
* * *
Bu nəhəng adamın dünyadan zərrə qədər umacağı yox idi - bu Günəş, bu dünya işığı… bəs eləyir mənə. Allah insana daha nə verməlidir, - deyərdi.
Cəmi 4 kitabı çapdan çıxmışdı. Başqa ölkədə yaşasaydı, sözsüz, bu kitabların sayı 40-dan artıq olacaqdı.
Doğrusu, Namiq Abdullayev yazıçı kimi bir o qədər tanınmırdı. Şöhrət sevən sənət adamlarının əksinə olaraq, o, bundan darılmazdı. F.Qoca, Elçin, M.Aslan, M.Yaqub, R.Rövşən, M.Süleymanlı, K.Vəliyev, E.Baxış, V.Cəbrayılzadə kimi istedadlı qələm sahibləri Namiq müəllimə böyük hörmətlə yanaşırdılar. Ona da elə bu bəs eləyirdi! Görürdün ki, sıxıla-sıxıla pıçıldadı:
- Yəqin mən də nəsə yaza bilirəm, yoxsa bunlara nə düşüb mənə hörmət eləsinlər? Belə baxanda sir-sifətdən heyvərəyə oxşayıram («heyvərə» - özü haqqında çox işlətdiyi söz).
Bu sözləri deyəndə yorğun çöhrəsinə qəribə bir işıq gələrdi. Ömrünü ehtiyac içində keçirən Namiq müəllimi sınmağa qoymayan, yaşadan da görünür, elə bu «nəsə yaza bilirəm»in işığı idi.
Qorxmaz Şıxalıoğlu