Sentyabrın 20-də Beynəlxalq Muğam Mərkəzində dahi bəstəkar Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə keçirilən musiqi festivalı çərçivəsində İsveçrənin “Amaltea” ansamblının konserti oldu. Ansamblın tərkibində Eva Schvaar, Silviya Nopper, İzabelle Schnoller, Keyko Yamaguçi və Cudit Gerster iştirak edirdilər.
   
   Konsert proqramında “Violen və violençel” üçün duet, İris Szeghy “Soprano, fleyta və violençel üçün De Profundis”, Jürg Wyttenbach “Soprano və violençel üçün Dörd Kanzon və iki nonsens şeir, epiqram və madriqal”, Daniel Fueterin “Soprano və klavir üçün şansonlar”, Firəngiz Əlizadənin əsəri və digər musiqilər ifa edildi.
   Ansamblın üzvləri jurnalistlərə açıqlamalarında bildirdilər ki, bu, onların Azərbaycana ikinci səfəridir. Azərbaycan mədəniyyəti barədə danışan əcnəbi musiqiçilər bu musiqinin milli ənənələr üzərində qurulduğunu deyiblər: “Bizim qrup səkkiz il əvvəl yaranıb. Biz Azərbaycan musiqisinə sadəcə, heyranıq. Üzeyir Hacıbəyli yaradıcılığına müraciət etməyi arzulayırıq”.
   Qeyd edək ki, “Amaltea” ansamblının ifaçılıq üslubunun əsas səciyyəvi xüsusiyyəti diqqət və hissiyyatdır. Musiqiçilər ifa etdikləri əsərlərin müəllifləri ilə şəxsən əlaqə saxlayır, orijinal əsərlərə görə onlara mükafatlar da təqdim edirlər. Bu ansambl poeziya və incəsənət tədbirlərinin keçirilməsində də yaxından iştirak edir. Ansambl repertuarlarını həm öz ölkələrində, həm də dünyanın müxtəlif qitələrində təbliğ edirlər.   

  Yeganə