Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un sabiq baş katibi Düsen Kaseinov UNESCO nəzdində Ənənəvi Musiqi və Rəqs üzrə Beynəlxalq Şuranın (ICTMD) ilk səfiri seçilib.
Yeni Zelandiyanın paytaxtı Vellinqtonda keçirilən ICTMD-nin 47-ci Dünya Konfransının ümumi iclasında təşkilatın rəhbər heyətinə, o cümlədən İcraiyyə Şurasına seçkilər keçirilib. Təşkilatın rəhbərlik strukturuna “ICTMD səfiri” statusunun əlavə edilməsi təklifi konfransda iştirak edən 70 ölkənin nümayəndələri tərəfindən təqdirlə qarşılanıb.
Bu fəxri status qurumun məqsədlərinin irəliləməsinə əhəmiyyətli töhfələr verən, mədəni irsin qorunması və tanıdılması üçün çalışan, eləcə də beynəlxalq səviyyədə ICTMD-nin inkişafı üçün gələcək planlar təklif edən üzvlər üçün nəzərdə tutulub.
ICTMD-nin ilk səfiri kimi 2008-2022-ci illərdə TÜRKSOY-un baş katibi olmuş Düsen Kaseinov seçilib. Qeyd edək ki, qazaxıstanlı görkəmli mədəniyyət xadimi, musiqiçi Düsen Kaseinov Lissabon Salva Castelo Branca Universitetinin (Portuqaliya) professorudur, o, 2013-2019-cü illərdə həmşinin ICTMD-nin prezidenti olub.
Tədbirdə çıxış edən ICTMD-nin prezidenti professor Svanibor Pettan Düsen Kaseinovun rəhbərliyi altında TÜRKSOY ilə ICTMD-nin strateji tərəfdaş olduğunu və bir sıra mühüm tədbirlərin təşkilində dəstək verdiyini bildirib.
Kaseinovun namizədliyinin İcraiyyə Şurası və konfrans iştirakçıları tərəfindən yekdilliklə dəstəkləndiyini qeyd edən Svanibor Pettan sabiq baş katibin ICTMD səfiri seçilməsinin TÜRKSOY ölkələrinin mədəniyyət və incəsənət sahəsində beynəlxalq əməkdaşlığının inkişafında mühüm rol oynayacağını deyib.
İCTMD dünya ölkələrinin musiqi və rəqsinin öyrənilməsi, tətbiqi, sənədləşdirilməsi, qorunması və yayılmasını inkişaf etdirmək məqsədi daşıyan akademik təşkilatdır. UNESCO ilə rəsmi məşvərətçi əlaqələri olan qeyri-hökumət təşkilatı kimi geniş beynəlxalq təmsilçiliyi və işçi qruplarının fəaliyyəti ilə Musiqi və Rəqs Ənənələri üzrə Beynəlxalq Şura müxtəlif mədəniyyətlərə malik insanlar arasında əlaqə rolunu oynayır.
D.Kaseinov beynəlxalq mədəni əməkdaşlığın inkişaf etdirilməsi, elmi layihələrin dəstəklənməsi, türk xalqlarının mədəni irsinin qorunub saxlanması və qlobal mədəniyyət sferasında populyarlaşdırılması istiqamətində uzunmüddətli fəaliyyəti ilə qurumun məqsəd və missiyasının təbliğinə mühüm töhfələr verib.
Mehparə Sultanova
Ankara