Dekabrın 1-dən 10-dək Bakıda Qara Qarayev adına pianoçuların I Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi və pianoçuların “Fortepiano Qara Qarayev yaradıcılığında” I Beynəlxalq elmi-ifaçılıq konfransının keçirilməsi planlaşdırılır.
   
   Müsabiqə və konfransı Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Bəstəkarlar İttifaqının dəstəyi ilə Təhsil Nazirliyi (Bakı Musiqi Akademiyası bazası əsasında) təşkil edir.
   Tədbirlər Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 və akademiyanın orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunub. Dünya təcrübəsində analoqu olmayan bu müsabiqə və konfransların məqsədi Qara Qarayevin fortepiano yaradıcılığının dərindən öyrənilməsi vasitəsilə təbliği, nəzəriyyə və ifaçılıq təcrübəsinin qarşılıqlı vəhdəti, müxtəlif ölkələrin musiqi mədəniyyətinin yaxınlaşdırılmasıdır. Hər bir yaş qrupu üzrə mükafat yerlərini tutan qaliblər “Beynəlxalq müsabiqə laureatı” adına layiq görüləcək.
   Müsabiqə laureatları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında yekun konsertdə iştirak edəcəklər. Müsabiqənin sədri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylidir.