Üzeyir Hacıbəylinin 125 illiyinə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində Musiqi Mədəniyyəti Dövlət Muzeyində skripkaçı Nana Babayevanın konserti olub. Pianoçu Nərminə Əfəndiyevanın müşayiəti ilə gerçəkləşən konsertdə Azərbaycan bəstəkarları ilə yanaşı, xarici bəstəkarların da əsərləri - İ.S.Baxın "Çakona", E.İzainin "Skripka üçün Sonata №2", F.Əmirovun Skripka və fortepiano üçün "Muğam - Poema", A.Rzayevin "Skripka və fortepiano üçün Sonatina", M.Mirzəyevin "Skertso" əsərləri səslənib. Məlumat üçün bildirək ki, Nana Spartak qızı Babayeva 1980-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Müsabiqəsində Qran-Pri, Henrix Şerinq adına Beynəlxalq Müsabiqədə 4-cü yeri, Urgenc şəhərində (Özbəkistan) keçirilən Beynəlxalq Müsabiqədə 1-ci yeri qazanıb. Rusiya və Almaniyada qastrollarda çıxış edib. 1993-cü ildən Meksikada yaşayır. Hal-hazırda Mexiko ştatının Enrike Batisin rəhbərliyi altında Simfonik orkestrdə konsertmeyster köməkçisi vəzifəsində çalışır.