Müsabiqənin laureatı olmuş yeniyetmə musiqiçilər maraqlı konsert proqramı ilə çıxış etdilər
   
   Dekabrın 22-də Azərbaycan Dövlət Filarmoniyasında uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi və yekun konserti keçirildi. 
   
   Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, son illər Azərbaycanda milli musiqi sənətinin inkişafı, təbliği sahəsində böyük işlər görülüb, gənc nəsildə bu sahəyə maraq artıb: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət siyasəti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycanın muğam sənəti, aşıq sənəti bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bütün bunlar ölkəmizdə xalq çalğı alətlərinə marağı daha da artırır”.
   Nazir müavini uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində ölkənin müxtəlif regionlarından 600-dək şagirdin iştirak etdiyini vurğuladı, müsabiqə barədə ətraflı məlumat verdi. “Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən müsabiqənin təşkilində məqsəd ölkəmizdə musiqi təhsilinin daha da inkişaf etdirilməsinə nail olmaq, milli musiqi alətlərini təbliğ etmək, xalq çalğı alətləri ilə məşğul olan gənc istedadları üzə çıxarmaqdır. İştirakçıların sayı çoxdur və mən istedadların qiymətləndirilməsi ilə məşğul olan münsiflər heyətinə minnətdarlığımı bildirirəm, valideynləri, müsabiqə qaliblərini, onların müəllimlərini təbrik edirəm”.
   Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Ağaverdi Paşayev artıq ikinci dəfə keçirilən müsabiqənin uğurla başa çatdığını vurğuladı: “Xalq çalğı alətləri üzrə I Respublika müsabiqəsində 300-ə qədər şagird iştirak edirdi. Budəfəki müsabiqədə iştirakçıların sayı iki dəfə artıb. Əlbəttə ki, bütün bunlar Azərbaycanda milli musiqi alətlərinə, milli musiqimizə ildən-ilə artan məhəbbətin göstəricisidir”.
   A.Paşayev gənc ifaçıların bacarıq və istedadlarını yüksək qiymətləndirdi, onlara uğurlar arzuladı: “Biz münsiflər heyəti olaraq çalışmışıq ki, heç kimin əməyi hədər getməsin. Mədəniyyət və Turizm Nazirliyinin bu layihəsi gənc istedadlarda milli musiqi sənətimizə olan sevgini daha da artırır. Buradakı uşaqların, yeniyetmələrin ifaları dünyanın möhtəşəm konsert salonlarında eşidilməyə layiqdir”.
   Tədbirdə müsabiqə qaliblərinə fəxri diplom və pul mükafatları təqdim edildi. Sonra laureatlar geniş konsert proqramı ilə çıxış etdilər.
   Qeyd edək ki, müsabiqənin birinci turu zonalar üzrə Bakı, Gəncə, Naxçıvan, Lənkəran, Sumqayıt, Şəki şəhərlərində və Ağcabədi rayonunda, ikinci turu isə dekabrın 14-15-də Bakı şəhərində keçirilib. Müsabiqədə respublikanın müxtəlif rayon və şəhərlərinin uşaq musiqi və incəsənət məktəblərindən 598 şagird iştirak edib. İki yaş qrupunda tar, kamança, saz, kanon, balaban və qarmon musiqi alətləri üzrə keçirilmiş müsabiqədə münsiflər heyətinin qərarına əsasən, 60 gənc ifaçı laureat adını qazanıb. Münsiflər heyətinin qərarı ilə 12 nəfər - Bakı şəhər G.Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Mircavid Cəfərov, Sədəf Abdullazadə, Bakı şəhər R. Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Əli Məlikov, Bakı şəhər Q. Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirləri Mədinə Şahgəldiyeva, Aygül Həsənova, Elvin Mehmanlı, Bakı şəhər K. Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Həsənağa Qulamov, Bakı şəhər L.və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Ağayar Xanlarov, Cahandar Xanlarov, Bakı şəhər R. Babayev adına 25 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Şəhram Sadıqov, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Kənan Məhərrəmov, Gəncə şəhər Z. Qayıbov adına 5 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdi Müseyib Rzayev I dərəcəli diplomlar və pul mükafatlarına layiq görüldü.
   18 şagird II dərəcəli, 30 nəfər III dərəcəli diplom və pul mükafatları ilə təltif olundular. Bundan əlavə, 12 şagirdə həvəsləndirici mükafat, şagirdləri I dərəcəli diploma layiq görülmüş 12 müəllim və 9 konsertmeysterə Fəxri Fərman və pul mükafatları, 50 şagirdə isə tərifnamələr təqdim olundu.
   
   Ceyhun