Bakı Musiqi Akademiyası - 90 
   
    Görkəmli musiqişünas, rəssam və ensiklopediyaçı alim Mir Möhsün Nəvvabın müdrik bir kəlamı var. O yazır: «Elm və hünərdən yadigar qoymaq yaxşıdır, nəinki mal və əmlakdan». Bu yazıda da böyük ustadların qiymətli bir yadigarından, musiqi məbədgahından, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasından söhbət açacağıq.
   
   Bildiyiniz kimi, Bakı Musiqi Akademiyası əvvəllər Azərbaycan Dövlət Konservatoriyası adlanırdı. Yaranma tarixi 1921-ci il avqustun 26-na təsadüf edən bu təhsil ocağının təşkili və faəliyyətində Üzeyir bəyin müstəsna xidmətləri olub. Dahi bəstəkarın rektoru olduğu 1939-1948-ci illər Konservatoriyanın tarixində xüsusi bir mərhələ təşkil edir.
   Konservatoriya yarandığı vaxtdan milli musiqimizin təbliği, tədqiqi, professional musiqimizin inkişafı, klassik musiqi janrlarının milli musiqimizə tətbiqi, milli kadrların yetişməsində tarixi rol oynayıb. İlk çoxsəsli xorun yaradılması, xalq musiqisini toplamaq və tədqiq etmək üçün Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkil edilməsi Konservatoriyanın gələcək fəaliyyətində mühüm zəmin oldu. Peşəkar bəstəkar, musiqişünas və ifaçı nəsli yetişdi. Bəstəkarlardan Asəf Zeynallı, Səid Rüstəmov, pianoçulardan Kövkəb Səfərəliyeva, dirijor Əşrəf Həsənov, musiqişünaslardan Xurşid Ağayeva və başqaları Konservatoriyanın ilk məzunları olublar. Yarandığı vaxtdan Konservatoriyanın tədris prosesində ənənəvi Avropa musiqi təhsili sistemi ilə yanaşı, klassik milli musiqi irsinin öyrənilməsinə də xüsusi diqqət verilib. Burada bəstəkarlıq-nəzəriyyə, fortepiano, orkestr, vokal şöbələri ilə yanaşı, Şərq şöbəsi - xalq çalğı alətləri ifaçılığı şöbəsi də açılmışdı. Sonralar bu sıraya xanəndəlik şöbəsi və Üzeyir Hacıbəylinin işləyib hazırladığı Azərbaycan xalq musiqisinin əsasları kursu da əlavə edildi.
   Məlumdur ki, Azərbaycan Dövlət Konservatoriyası yaradılarkən orada fəaliyyət göstərən pedaqoqların sayı az olub. Üzeyir bəy başda olmaqla vokal sənətimizin görkəmli simaları Bülbül, Şövkət Məmmədova, tarzən Əhməd Bakıxanov, ustad xanəndələr Cabbar Qaryağdıoğlu, Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski və başqaları burada çalışıblar.
   Digər pedaqoqlar isə Moskva və Peterburq Konservatoriyasının yetirmələri olan M.Pressman, Aysberq, B.Karagiçev, İ.Ab, S.Bretanitski, Şaroyev, M.Brenner və başqaları olmuşlar. Onların əksəriyyəti məhz Üzeyir bəyin rektor olduğu zaman dəvət edilmişlər. Bu mənada görkəmli bəstəkarlarımızın yetişməsində xidmətləri olan B.İ.Zeydmanın da adını çəkə bilərik. Beləliklə, Üzeyir bəyin böyük diqqət və qayğısı ilə Azərbaycanda mükəmməl ali musiqi təhsili formalaşıb inkişaf etdi. Bunun nəticəsi olaraq adı milli mədəniyyətimizin iftixarı olan neçə-neçə bəstəkar, musiqişünas və ifaçılar yetişdi ki, onlar da əvvəlki ənənələrə istinad edərək öz ardıcıllarını yetişdirdilər. Ali musiqi tədrisinin inkişafı prosesində Qara Qarayevin (1949-1952-ci illərdə rektor), Cövdət Hacıyevin (1957-1969-cu illərdə rektor), Kövkəb Səfərəliyevanın, Əşrəf Abbasovun (1953-1957-ci illərdə rektor), Elmira Nəzirovanın, Rauf Atakişiyevin, Zakir Bağırovun, Məmmədsaleh İsmayılovun, Bayram Hüseynlinin, Süleyman Ələsgərovun, Cahangir Cahangirovun, Soltan Hacıbəyovun (1969-1974-cü illərdə rektor), Elmira Abbasovanın (1977-1991-ci illərdə rektor), Vasif Adıgözəlovun və başqalarının mühüm xidmətləri var. Bu sənətkarların müasirləri onların yolunu davam etdirərək ali musiqi təhsili prosesini müasir tələblərə uyğun şəkildə inkişaf etdirir və yeni musiqi nəsli yetişdirirlər. Hazırda təhsil ocağına dünya şöhrətli sənətkarımız, Xalq artisti, professor Fərhad Bədəlbəyli rəhbərlik edir. Burada görkəmli bəstəkarlar, ifaçılar və musiqişünaslar çalışırlar. Onlardan xalq artistləri, professorlar Arif Məlikov, Xəyyam Mirzəzadə, Fidan və Xuraman Qasımovalar, Azər Rzayev, Ramiz Quliyev, Ramiz Zöhrabov, əməkdar incəsənət xadimləri, professorlar Gülnaz Abdullazadə, Zemfira Qafarova, Səadət Seyidova, Səadət Abdullayeva, Şəhla Həsənova, Ülviyyə Hacıbəyova, Yeganə Axundova, Fərəh Əliyeva, Elnarə Dadaşova və daha neçə-neçə peşəkar musiqiçinin adını çəkə bilərik. Bakı Musiqi Akademiyasında tədqiqatçı, alim, ifaçı və pedaqoq kimi fəaliyyət göstərən bu insanlar yalnız respublikamızda deyil, dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqi mədəniyyətini təbliğ və təmsil edən tanınmış simalardır.
   Qeyd etdiyimiz kimi, 1921-ci ildən Azərbaycan Dövlət Konservatoriyası kimi fəaliyyətə başlayan, 1949-cu ildən Üzeyir Hacıbəylinin adını daşıyan bu təhsil ocağı 1994-cü ildən Bakı Musiqi Akademiyası adlanır. 2000-ci ildən bu Akademiyanın bazası əsasında xalq çalğı alətləri və ifaçılığı şöbəsi ayrılmaqla Azərbaycan Milli Konservatoriyası təşkil edildi.
   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında başqa ali təhsil ocaqlarında olduğu kimi, bakalavr və magistr təhsil pillələri üzrə ifaçılıq, musiqi tarixi və nəzəriyyəsi fakültələrində bəstəkarlıq, musiqişünaslıq, fortepiano, orqan, vokal, dirijorluq, nəfəsli və simli alətlər ifaçılığı ixtisasları üzrə mütəxəssislər yetişir. Eyni zamanda BMA-nın tərkibində Ş.Məmmədova adına Opera studiyası, «Məktəb studiya», «Şifahi ənənəli musiqinin tədqiqi problemləri», «Qədim musiqi alətlərinin bərpası» elmi laboratoriyaları, «Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi» kafedrasının tərkibində «Xalq musiqisi» kabineti və s. elmi yaradıcılıq qurumları fəaliyyət göstərir.
   Bu il Bakı Musiqi Akademiyasının 90 illik yubileyidir. Bu təhsil ocağının fəaliyyəti həm də Üzeyir bəyin musiqi irsinin yaşadılması, dahi bəstəkara sonsuz hörmət və ehtiramın göstəricisidir. Təsadüfi deyil ki, Bakı Musiqi Akademiyasının 90 illik yubileyi də Üzeyir bəyin irsini bir daha öyrənmək, tədqiq və təbliğ etmək üçün daha bir vəsilədir. Mayın 31-dən iyunun 2-dək Təhsil Nazirliyi və Bakı Musiqi Akademiyasının birgə keçirdiyi elmi-praktiki konfrans da buna bariz nümunə idi.
   «Üzeyir Hacıbəyli - 125. Bakı Musiqi Akademiyası - 90» adlı konfransı giriş sözü ilə açan rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyli Üzeyir bəy irsinin əbədiyaşarlığından və Akademiyada onun ənənələrinin layiqincə qorunub saxlanıldığından söhbət açdı. Elmi-praktiki konfransda çıxış edən digər alimlər Üzeyir Hacıbəylinin həyat və yaradıcılığının müxtəlif sahələrini əhatə etdilər. Konfrans bir daha göstərdi ki, milli musiq sənətimizin, Üzeyir bəyin tükənməz irsinin öyrənilməsi, tədqiqi və təbliği uğurla davam edir və Bakı Musiqi Akademiyasının alim-müəllim kollektivi bu işə həmişəkitək öz dəyərli töhfələrini verir.
   Yazını da BMA-nın rektoru, hörmətli sənətkarımız Fərhad Bədəlbəylinin bu fikirləri ilə tamamlayırıq: «Üzeyir Hacıbəyli elə bir dahidir ki, onun irsi daim tədqiqat obyekti olacaq. Əminəm ki, bu işdə BMA-nın professor və müəllim heyəti, eləcə də onların yetirmələri müntəzəm çalışacaqlar».
   Biz də bu yolda onlara uğurlar arzulayırıq.
   
   Səadət Təhmirazqızı,
   musiqişünas






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar