Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin mədəniyyət naziri Tariq Masarva ilə görüşüb. Səfirlikdən bildiriblər ki, görüşdə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Bu ilin aprelində keçirilmiş Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya səfərini xatırladan T.Masarva prezident İlham Əliyev ilə görüşü yüksək qiymətləndirib. Nazir respublikamızın sürətli inkişafının, Bakının tarix ilə müasirliyi özündə necə qovuşdurduğunun şahidi olduğunu, səfər zamanı Azərbaycanın zəngin tarixinin və mədəniyyətinin inciləri ilə tanış olduğunu bildirərək bütün bunlardan zövq aldığını vurğulayıb.
Azərbaycana səfəri zamanı hər iki ölkənin mədəniyyət nazirlikləri arasında əməkdaşlıq üzrə üçillik protokolun imzalandığını deyən iordaniyalı nazir sənəddə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb və əməkdaşlıqla bağlı bir sıra konkret məsələlər müzakirə edilib. Cari ilin iyulun sonunda İordaniyada başlayacaq Cəraş Festivalında iştirak etmək üçün Azərbaycandan da musiqiçilərin dəvət olunacağı bildirilib.
T.Masarva səfir E.Araslının həyat yoldaşı Elvira Araslı tərəfindən İordaniya haqqında yazdığı “İordaniya - mənim məhəbbətim” kitabını yüksək qiymətləndirərək nəşrin müxtəlif dillərə tərcümə olunmasını təklif edib.