Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə dörd ay davam edən “Muğam televiziya müsabiqəsi - 2011” başa çatıb. İyunun 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında müsabiqənin final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
   
   Final axşamı bu möhtəşəm musiqi layihəsinin gerçəkləşməsində, Azərbaycan muğam sənətinin qorunub saxlanılmasında, təbliğində və inkişaf etdirilməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın əvəzsiz xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, muğam sənəti sahəsində yeni istedadların üzə çıxarılmasında Heydər Əliyev Fondunun böyük rolu olub. Bundan əvvəlki televiziya muğam müsabiqəsinin iştirakçılarının sədası indi təkcə Azərbaycanın deyil, dünyanın möhtəşəm səhnələrindən, beynəlxalq musiqi məclislərindən gəlir.
   Diqqətə çatdırılıb ki, “Muğam müsabiqəsi - 2011”-ə bu il fevralın 14-də Beynəlxalq Muğam Mərkəzində startı verilib. Həmin gün “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin bazasında yeni “Mədəniyyət” telekanalının da açılışı, sözün əsl mənasında bayramı bayrama qatıb.
   Müsabiqənin münsiflər heyətinin üzvləri - xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Ağaxan Abdullayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov və Əməkdar incəsənət xadimi Nadir Axundov iştirakçılara təqdim olunduqdan sonra söz muğama verilib.
   Müsabiqənin final mərhələsinə çıxmış 6 gənc ifaçı - Nigar Şabanova, Ariz Hüseynov, Kamilə Nəbiyeva, Məmməd Nəcəfov, Səbinə Ərəbli və Mirələm Mirələmov tamaşaçılar və münsiflər heyəti qarşısında bir daha imtahan veriblər. Onların bir-birindən gözəl ifalarını tamaşaçılar heyranlıqla qarşılayıb.
   Sonra müsabiqənin qaliblərinin adları elan olunub və mükafatlandırma mərasimi keçirilib. “Muğam müsabiqəsi - 2011”-in iştirakçılarından 14 nəfərə diplomlar təqdim edilib. İştirakçılardan Mustafa Mustafayev “Tamaşaçıların rəğbəti” mükafatına layiq görülüb və ona üzərində müsabiqə təşkilatçılarının emblemi olan qaval hədiyyə olunub.
   Müsabiqənin münsiflər heyətinin yekdil qərarı ilə Mirələm Mirələmov və Səbinə Ərəbli birinci, Məmməd Nəcəfov, Kamilə Nəbiyeva ikinci, Ariz Hüseynov və Nigar Şabanova üçüncü yerləri tutublar. Qaliblərə diplomlar və Azərbaycanın musiqi alətlərinin rəmzi simvolları olan qiymətli xatirə hədiyyələri təqdim olunub.
   Münsiflər heyəti adından Xalq artisti Əlibaba Məmmədov çıxış edərək bildirib ki, bu müsabiqə təkcə musiqi yarışması deyil: “Bu müsabiqə Azərbaycan muğamlarına yeni nəfəslər, yeni ifalar gətirir. Belə bir nəcib layihənin reallaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xalqımız qarşısındakı xidmətlərini xüsusi qeyd etmək istəyirəm”.
   Sonra qaliblər və diplomantlar birlikdə “Qarabağ şikəstəsi”ni ifa ediblər. Muğam müsabiqəsinin finalı bütün iştirakçıların ifasında Azərbaycanın dövlət himninin səslənməsi ilə başa çatıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar