Xəbər verdiyimiz kimi, Şuşa musiqi məktəblərinin bir qrup şagirdi 1 iyun - Beynəlxalq uşaqları müdafiə gününə həsr olunmuş tədbirlər proqramı çərçivəsində İtaliyada konsert proqramları ilə çıxış ediblər. Azərbaycan musiqisinin, doğma Qarabağın sənət irsinin təbliği baxımdan əlamətdar hadisə olan bu səfərlə bağlı təfərrüatları öyrənmək üçün Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovla görüşdük.
   
   Öyrəndik ki, səfər “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin və ölkəmizin İtaliyadakı səfirliyinin təşəbbüsü ilə baş tutub. Şuşa musiqi məktəblərinin şagirdləri İtaliyanın tanınmış musiqiçilərinin, ekspertlərin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin qarşısında maraqlı konsert proqramları təqdim ediblər.
   Z.Abbasov deyir ki, səfərə yüksək səviyyədə hazırlıq görülmüş, milli musiqilərimiz, habelə İtaliya bəstəkarlarının əsərlərindən nömrələr proqrama daxil edilmişdi: “Proqram Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə hazırlanmışdı. Şuşalı yeniyetmə ifaçılardan ibarət “Şuşanın dağları” xalq çalğı alətləri ansamblı iyunun 7-də Milanda, ayın 9-10-da isə Romada konsert proqramı ilə çıxış etdi. Konsertlərdə xalq mahnıları və muğamlar, Şuşa haqqında mahnılar, klassik əsərlər ifa olundu. Onu da deyim ki, şuşalı yeniyetmə ifaçıların çıxışları böyük maraq doğurduğundan konsertin proqramına əlavə musiqi nömrələri daxil edilmişdi”.
   Qeyd edək ki, dünyada klassik musiqinin vətəni, dahi musiqiçilər ölkəsi kimi tanınan İtaliyada ölkəmizi “Qafqazın konservatoriyası” kimi tanınan Şuşanın yeniyetmə musiqiçilərinin təmsil etməsi özlüyündə çox mühüm faktdır. Bu, eyni zamanda, tarixi yurd yerimiz, əzəli torpağımız olan Qarabağın Avropada, İtaliyada bir daha tanıdılması, bu yurdun mədəniyyət və incəsənətinin təbliği deməkdir.
   İtaliyaya gedən heyətdə 16 şagird yer alıb. Şuşalı musiqiçilər ilk konserti Milanda veriblər. Konsertdən əvvəl qrupun rəhbəri, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin əlaqələndirmə şurasının sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mehdi Abdullayev ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından, onların qabiliyyət və istedadının inkişaf etdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışıb. Qeyd olunub ki, Azərbaycanda mədəniyyətin inkişafı daima dövlətin diqqət mərkəzindədir. Şuşalı gənc musiqiçilərin İtaliyaya səfəri də Azərbaycan prezidentinin mədəniyyətə, yaradıcı gənclərə diqqət və qayğısının bir nümunəsidir.
   Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov isə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışıb, bu müharibədən ən çox qaçqın uşaqların əziyyət çəkdiyini vurğulayıb. İtaliyanın “Dünya Gəncləri Assosiasiyası” təşkilatının katibi Marina Sessa uşaq hüquqlarının müdafiəsi problemləri və bu sahədə mövcud olan beynəlxalq hüquq normalarının tətbiqi haqqında söhbət açıb.
   Sonra konsert proqramı təqdim olunub. İlk təqdim olunan ifa “Qarabağ şikəstəsi” olub. Səidə Babışova, Leyla Əliyeva, İlahə Əlizadə, Ayxan İmanovun ifaları, skripkada Toğrul Əlilinin ifasında “Sarı gəlin”, Faiq Sücəddinovun “Vətən haqqında ballada”sı, balaca musiqiçilərin ifasında Tofiq Quliyevin “Qaytağı”, Azərbaycanın xalq mahnılarından “Gül açdı”, “Ay dilbər”, “Heyratı” ritmik muğamı, Əyyub Şırlanlının ifasında “Qarabağ, dərdinə qurban olum mən” alqışlarla qarşılanıb.
   
   * * *
   Şuşalı məktəblilər İtaliyada ikinci konsert proqramı ilə Roma şəhərində çıxış ediblər. “Şuşanın dağları” ansamblının bədii rəhbəri İntiqam Abbasov səfərin maraqlı məqamlarla, xoş təəssüratlarla yadda qaldığını deyir: “Orada Qarabağın balaca musiqiçilərinin ifasına çox maraqla qulaq asırdılar. Proqramı ansamblın 15 yaşadək olan üzvləri təqdim edirdi. Konsertimiz maraqla qarşılandı. Tədbirdə konservatoriyanın müəllim və tələbə heyəti, yerli sakinlər də iştirak edirdi. Onlara çox maraqlı gəlirdi ki, azyaşlı şagirdlər İtaliya musiqilərini necə məharətlə ifa edirlər. Konsertlərdən sonra bizə yaxınlaşıb Azərbaycanla bağlı suallar verirdilər, şəkil çəkdirirdilər. Bizə dedilər ki, sizi yenə dəvət edəcəyik. Əlbəttə ki, İtaliyada Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağımızın musiqisinin səslənməsi çox xoşdur. Tədbir vaxtı tarixi həqiqətlərimiz, işğal faktları iştirakçıların diqqətinə çatdırıldı. Sevinirik ki, Şuşanın, Qarabağın mədəni irsi ölkəmizdən kənarda layiqincə təmsil olundu. Konsert proqramları o qədər uğurlu oldu ki, balaca ifaçılarımız iyunun 10-da daha bir konsert verdilər”.
   
   * * *
   Söhbət zamanı Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov onu da bildirdi ki, qədim musiqi şəhərimizin işğal altında olmasına baxmayaraq Şuşanın mədəni irsi yaşadılır, musiqi sənəti inkişaf edir. Son illər məktəblərin, mədəniyyət müəssisələrinin yeni avadanlıqlarla təmin olunması, maddi-texniki bazanın möhkəmləndirilməsi yeni uğurların əldə olunmasına zəmin yaradır: “Təkcə son iki ildə 4 ansambl yaratmışıq. Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində “Suşa”, uşaqlardan ibarət “Şuşanın dağları”, Mədəniyyət evinin nəzdində “Yeni Şuşa” vokal ansamblları fəaliyyət göstərir. Şuşalı qızlardan ibarət “Humay” ansamblı da yeni yaradılıb.
   Şuşa Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Vüsalə Fətəliyeva isə deyir ki, mədəniyyət, sənət beşiyi olan Şuşanın mədəni ənənələrinin qorunması istiqamətində böyük işlər görülür: “Biz bu gün zəngin musiqi ənənələrimizi qorumalıyıq. Dövlət qayğısı ilə görülən bu işlərin fonunda məqsədimiz Şuşanın mədəniyyətini qorumaq, dünya miqyasında təbliğ etməkdir”. Vüsalə Fətəliyeva bu gün mədəniyyətimizin təbliğində çox böyük təşkilatlanmanın olduğunu, keçirilən müxtəlif miqyaslı tədbirlərdə gənc istedadların üzə çıxdığını bildirdi: “İtaliyada balaca musiqiçilərin uğurla konsertlər verməsi hər birimizin uğurudur. Biz çalışırıq ki, mədəniyyətimiz geniş təbliğ olunsun. Bu gün Şuşa müvəqqəti işğal altındadır. Buna baxmayaraq mədəniyyət müəssisələrimizdə ansambllar, xor və rəqs kollektivləri fəaliyyət göstərir. İki ildə 4 ansambl yaradılıb. Xalq çalğı alətləri orkestri yaratmağı planlaşdırırıq. Bütün bunlar həm də Qarabağ musiqisinin tanınması, təbliği deməkdir”.
   
   * * *
   Qeyd edək ki, İtaliyada təşkil olunan konsertlər zamanı Qarabağ həqiqətlərini əks etdirən sərgilər də təşkil olunub. Şuşa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasovun sözlərinə görə, sərgilərdə Şuşanın dağıdılmış, yandırılmış abidələrinin fotoları yer alıb: “İngilis dilində təqdim olunan bu məlumatlar Şuşanın işğaldan əvvəlki və sonrakı vəziyyəti, erməni qəsbkarlarının törətdikləri vəhşiliklər haqqında italiyalı tamaşaçılarda müəyyən təəssürat yaradırdı. Bu gün Şuşanın Azərbaycanın mədəniyyət beşiyi, dünyada musiqi şəhəri kimi tanınması üçün dövlət səviyyəsində mühüm işlər görülür. Şuşalı yeniyetmə musiqiçilərin İtaliyada uğurlu çıxışları da bu qəbildən əhəmiyyətli hadisədir”.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar