Azərbaycan musiqi tarixinin səhifələrinə adı qızıl hərflərlə yazılan bəstəkarlardan biri də Cahangir Cahangirovdur. Erkən yaşlarından musiqiyə olan böyük məhəbbəti onu ömrünün sonuna qədər tərk etməmiş və o, bu məhəbbətini əsərlərinin musiqi dili ilə ifadə etməyə çalışmışdır. Məhz musiqi sənətinə böyük sevgisi sayəsində C.Cahangirov bu sənətin böyük siması ola bilmişdir.
Belə ki, o, uşaq yaşlarından mükəmməl musiqi savadı almağa başlamış, getdikcə bu istiqamətdə öz biliklərini artıraraq bunun sayəsində də musiqinin müxtəlif janrlarında dəyərli sənət əsərləri yazıb-yaratmışdır. Bəstəkarın əsərlərindən danışmaq istərkən nədənsə ilk növbədə onun «Xanəndənin taleyi» operası yadıma düşdü. Müğənni Seyid Mirbabayevin həyat və yaradıcılığına həsr olunan bu əsər Azərbaycan musiqi salnaməsində xüsusi yer tutur.
Cahangir Şirgəşt oğlu Cahangirov 1921-ci ildə iyunun 20-də Bakının Balaxanı kəndində fəhlə ailəsində anadan olub. O, 7 illik musiqi məktəbini qurtardıqdan sonra əvvəlcə Teatr Texnikumunda, 1937-ci ildən isə musiqi məktəbinin nəzəriyyə şöbəsində oxuyub. 1940-cı ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Azərbaycan xalq musiqisi şöbəsinə daxil olaraq burada dahi Üzeyir Hacıbəylinin rəhbərliyi ilə Azərbaycan xalq musiqisinin əsaslarını öyrənir. Cahangir Cahangirov bəstəkarlıq ixtisası üzrə B.İ.Zeydmandan dəsr alır. Bir sözlə musiqi elminin və musiqi sənətinin sirlərinə bələd olan C.Cahangirov musiqinin müxtəlif janrlarına müraciət edərək ciddi yaradıcılıq irsinə qədəm qoyur. O, hələ gənc ikən yazdığı əsərlərinə görə müxtəlif diplom və fəxri fərmanlarla təltif edilib. Buna misal olaraq bəstəkarın 1949-cu ildə yazdığı «Arazın o tayında» vokal simfonik poemasının adını çəkə bilərik. Hansı ki, bu əsər 1950-ci ildə SSRİ Dövlət mükafatına layiq görülüb.
Cahangir Cahangirov öz fərdi üslubu, özünəməxsus yaradıcılıq ideyası olan bəstəkardır. Onun əsərlərinin mövzusu müxtəlif bədii məzmunları ehtiva edir. Bu mənada məhəbbət, vətənpərvərlik, əmək və s. bu kimi mövzularda C.Cahangirov möhtəşəm musiqi əsərləri yaratmışdır. Bəstəkarın özünə xas olan fərdi cəhətlərindən biri Azərbaycan klassik poeziyasını, xüsusən də qəzəl janrını dərindən bilməsidir. Belə ki, o, başqa bəstəkarlara nisbətən poeziya ilə daha sıx təmasda olmuşdur. Bunu təsdiq edən bəstəkarın «Füzuli», «Nəsimi» kantataları, «Sabir», «Hüseyn Cavid-59» oratoriyalarıdır. Klassik poeziyaya, xüsusən də qəzəl janrına maraq bəstəkarda hələ gənc yaşlarından mövcud olub. Belə ki, o, Nizami Gəncəvinin 800 illiyi münasibətilə şairin «Gül camalın» qəzəlinə əsasən romans yazmışdır. Bu da dahi Ü.Hacıbəylinin qəzəl, romans janrının davamı idi. Bəstəkarın qəzəllə muğamı və öz fərdi musiqisini birləşdirən bir neçə əsəri var. Bunların bir qismi xor üçün yazılıb. Bu yerdə onu da qeyd etməliyik ki, Cahangir Cahangirov Azərbaycanda xor musiqisini inkişaf etdirən bəstəkarlardan biridir. Onun müxtəlif məzmunlu xor əsərləri var. Bu musiqi janrına da bəstəkar hələ gənclik illərindən müraciət edib. Belə ki, o, əvvəlcə xalq mahnılarını xor üçün işləməyə başlamış, sonralar isə özü bu janrda müstəqil əsərlər yaratmışdır. Belə əsərlərdən 1956-cı ildə yazdığı «Dostluq nəğməsi» süitası, vokal simfonik əsərlərindəki xor nümunələrini misal göstərə bilərik. Bəstəkarın bu və ya digər xor əsərlərinin əsas mənbəyi xalq musiqisindən rişələnir. Odur ki, C.Cahangirov gözəl melodiyalar yarada bilmişdir. Çünki o, Ü.Hacıbəylinin ənənələrinə sadiq qalan və xalq musiqisinə dərindən bələd olan bəstəkardır. Muğamla professional musiqi janrlarının sintezi onun yaradıcılığında xüsusi ahənglə öz təcəssümünü tapır. Bu mənada bəstəkarın M.İbrahimovun povesti əsasında yazdığı «Azad» operasının adını çəkə bilərik. Hansı ki, burada bəstəkar «Çahargah» xor muğamını yaratmışdır.
Cahangir Cahangirovun Azərbaycanda xor musiqisinin inkişafına göstərdiyi xidmətlər onun ictimai fəaliyyəti ilə də bağlıdır. Belə ki, bəstəkar 1940-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasında fəaliyyət göstərən mahnı və rəqs ansamblının xor qrupuna və sazçı qızlar ansamblına rəhbərlik edib. 1944-1960-cı illərdə isə Azərbaycan Radio və Televiziyasında xor kollektivinin bədii rəhbəri olub. Bəstəkar öz pedaqoji fəaliyyətini də bu istiqamətə yönəldərək 1975-ci ildən 1992-ci ilə qədər Azərbaycan Dövlət Konservatoriyasında xor dirijorluğu kafedrasına rəhbərlik edib, xor dirijorluğu üzrə milli kadrların yetişməsində mühüm xidmətlər göstərib. Bu gün Azərbaycanda fəaliyyət göstərən xor dirijorlarının əksəriyyəti onun tələbələri olmuşlar.
Geniş yaradıcılıq irsinə malik olan C.Cahangirov, qeyd etdik ki, musiqinin müxtəlif janrlarına müraciət etmişdir. Hətta elə janrlar var ki, ilk dəfə Azərbaycanda onun əsasını Cahangir Cahangirov qoymuşdur. Bu mənada bəstəkarın 1951-ci ildə yazdığı skripka və simfonik orkestr üçün konsertinin adını çəkə bilərik. Onu da deməliyik ki, bəstəkar müxtəlif alətlər üçün o cümlədən tar ilə xalq çalğı alətləri orkestri üçün də konsertlər yazmışdır.
Bir qədər də Cahangir Cahangirovun səhnə əsərləri üçün yazdığı musiqidən danışaq. Buraya bəstəkarın «Azad» və «Xanəndənin taleyi» operaları, «Təzə gəlin» operettası, «Molla İbrahim Xəlil Kimyagər», «Məlikməmməd» tamaşalarına yazılan musiqilər aiddir. Bundan başqa o, müxtəlif dram tamaşalarına və bir sıra kinofilmlərə də musiqi bəstələyib. Bu filmlərdən «Dəli Kür», «Koroğlu», «Yenilməz batalyon», «Qızıl uçurum» və başqalarının adını çəkə bilərik.
C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük verib və gözəl nəğmələr bəstələyib. Bunlardan «Zəriflik», «Necə əl çəkim», «Zərif gülüşlüm», «Dan ulduzu, bir də mən», «Ana yurdum», «Bahar olsun», «Bakım», «Ana» və başqalarının adını çəkə bilərik. Adlarından da göründüyü kimi bu mahnılar müxtəlif bədii məzmunları əhatə edir və dünən olduğu kimi, bu gün də ifaçıların repertuarında geniş yer tutur.
Əlbəttə, belə bir yaradıcılıq irsinə malik olan bəstəkar haqqında çox danışa bilərik. Amma belə bilirəm ki, bu irsi təsdiq edən və əbədi yaşadan elə bəstəkarın musiqisidir. Təbii ki, onları layiqincə qorumaq və təbliğ etmək biz peşəkarlardan böyük məsuliyyət tələb edir. Bu il 90 illik yubileyi qeyd olunan Cahangir Cahangirovun yaradıcılıq irsi hələ neçə-neçə tədqiqat işlərinin mənbəyi olacaq və bəstəkar haqqında yeni-yeni fikirlər meydana gələcək. Onun ölməz musiqisi səsləndikcə insanların könlü, bəstəkarın isə ruhu şad olacaq. Çünki bu musiqini dinləyən hər kəs deyəcək -Ruhun şad olsun, ustad!
Səadət Təhmirazqızı
Musiqi sənəti üzrə fəlsəfə doktoru