Heydər Əliyev Fondu tərəfindən keçirilən Qəbələ III Beynəlxalq musiqi festivalında dünya şöhrətli musiqiçilər, bədii kollektivlər, solistlər çıxış edəcək
İyulun 15-də ölkəmizdə növbəti beynəlxalq musiqi bayramına start verilir. Azərbaycanın qədim dövlətçilik və mədəniyyət mərkəzi olmuş Qəbələdə III Beynəlxalq musiqi festivalı başlanır.
Son illər Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafına, dünyada təbliğinə mühüm töhfələr verib.
Heydər Əliyev Fondu tərəfindən 2009-2010-cu illərdə Qəbələdə keçirilmiş I və II Beynəlxalq musiqi festivalları ölkəmizin mədəni həyatında mühüm hadisə olmaqla yanaşı, onun hüdudlarından kənarda da əks-səda doğurub. Mədəniyyətimizin böyük hamisi olan Heydər Əliyev Fondunun təşkil etdiyi bu musiqi bayramında dünya şöhrətli musiqiçilər, bədii kollektivlər, solistlərin, pianoçular, görkəmli dirijorlar iştirak edib. Heydər Əliyev Fondunun növbəti möhtəşəm layihəsi olan Qəbələ III Beynəlxalq musiqi festivalına da dünyaın müxtəlif ölkələrindən tanınmış musiqiçilər dəvət olunub. Mədəniyyət və Turizm Nazirliyi festivala təşkilati dəstək verir.
İyulun 15-dən avqustun 5-dək davam edəcək festival çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi də təşkil olunacaq. Festivalda Rusiya, Böyük Britaniya, İsrail, ABŞ, Norveç, Hollandiya, İtaliya, Fransa, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər - Yuri Başmet və “Yeni Rusiya” simfonik orkestri, Boris Berezovski, Denis Matsuyev, Sergey Krılov, Anna Samuil, Sergey Leyferkus, Oksana Yablonskaya, Dmitri Yablonski, Massimiliano Pisapia və başqaları iştirak edəcəklər. Festival konsertlərində Azərbaycan Dövlət Simfonik Orkestrinin, pianoçular Murad Adıgözəlzadə, Murad Hüseynov və Yeganə Axundovanın, ifaçılar Cavid Səmədov və Azər Rzayevin iştirakı nəzərdə tutulub.
* * *
Qeyd edək ki, iyulun 13-də Qəbələdəki “Qafqaz Resorte” hotelində III Beynəlxalq musiqi festivalına və Pianoçuların Beynəlxalq müsabiqəsinə hazırlıqla bağlı iclas keçirilib. Tədbirə məsul şəxslərin, 11 rayonun mədəniyyət və turizm şöbələrinin müdirlərinin iştirak etdiyi iclasda çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, festival çərçivəsində iyulun 15-dən 22-dək pianoçuların beynəlxalq müsabiqəsi keçiriləcək. Münsiflər heyətinin iştirakı ilə ustad dərsləri də təşkil olunacaq.
İyulun 23-dən isə III Beynəlxalq musiqi festivalının konsertləri təqdim olunacaq. Festivalın proqramının çox zəngin və maraqlı tərtib edildiyini vurğulayan Ə.Vəliyev tədbir çərçivəsində muğam və caz axşamlarının da keçiriləcəyini bildirib. Festivalın proqramına uyğun olaraq Ağdaş və Şəkidə də konsertlərin təşkili nəzərdə tutulur.
İclasda musiqi festivalına və pianoçuların müsabiqəsinə hazırlıqla bağlı texniki məsələlər, səhnələrin hazırlığı, işıq və səs sistemləri, tədbirlər zamanı KİV-in fəaliyyəti, rəsmi qonaqların və musiqiçilərin qarşılanması, yerləşdirilməsi və s. məsələlər müzakirə edilib, konkret tapşırıqlar verilib.
* * *
Qeyd edək ki, iyulun 15-də festival çərçivəsində Pianoçuların II Beynəlxalq müsabiqəsinin açılışı və püşkatma mərasimi keçiriləcək. Həmin gün müsabiqənin birinci turunun dinləmələri başlanacaq. Birinci turun dinləmələri iyulun 16-da davam edəcək. İyulun 17-18-də müsabiqənin ikinci turunun dinləmələri olacaq. Pianoçuların II Beynəlxalq müsabiqəsinin final mərhələsi iyulun 21-22-də keçiriləcək. Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Rauf Abdullayev) və final iştirakçıları çıxış edəcək. İyulun 22-də müsabiqənin nəticələri elan olunacaq.
İyulun 23-də Qəbələ III Beynəlxalq musiqi festivalının konsert proqramları başlanacaq. Festivalın rəsmi açılışı iyulun 30-da olacaq. Konsert proqramları avqustun 5-dək davam edəcək.