III Beynəlxalq musiqi festivalı çərçivəsində pianoçuların II Beynəlxalq müsabiqəsi uğurla davam edir
   
   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə III Beynəlxalq musiqi festivalı keçirilir. Festival çərçivəsində iyulun 15-də pianoçuların II Beynəlxalq müsabiqəsinə start verilib.
  
   “Qafqaz Resorte” hotelində keçirilən müsabiqəyə dünyanın bir çox ölkələrindən (Çin, Ukrayna, Gürcüstan, Türkiyə, Yaponiya və s.) gənc pianoçular qatılıb. Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva Qəbələ festivalı çərçivəsində pianoçuların ilk müsabiqəsinin 2009-cu ildə keçirildiyini bildirdi: “Festival hər il, müsabiqə isə iki ildən bir keçirilir. Budəfəki müsabiqədə nüfuzlu və tanınmış musiqiçilər iştirak edir”.
   Qeyd edək ki, 3 turdan ibarət olan müsabiqədə iştirakçılar dünya və Avropa bəstəkarlarının əsərlərini ifa edirlər. Finala vəsiqə qazanmış qaliblər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcək. Müsabiqə qaliblərinə 1, 2, 3-cü yerlər üzrə mükafatlar təqdim olunacaq. Müsabiqənin şərtlərinə görə, hər bir ifaçı mütləq bir Azərbaycan əsəri ifa etməlidir. Bu il Tofiq Quliyevin “Qaytağı” əsəri ifa olunacaq. Bu əsərin ən yaxşı ifasına görə xüsusi mükafat təqdim ediləcək.
   İyulun 22-də yekunlaşacaq müsabiqədən sonra Qəbələ III Beynəlxalq musiqi festivalının konsert proqramları başlayacaq. Festival isə 2 hissədən ibarətdir. İyulun 23-dən 30-dək Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri həm yerli, həm də əcnəbi ifaçılarla çıxışlar edəcək. İyulun 30-da festivalın rəsmi açılışı olacaq. İyulun 30-dan avqustun 5-dək konsert proqramları isə məşhur musiqiçi Yuri Başmetin rəhbərlik etdiyi “Yeni Rusiya” Dövlət Simfonik Orkestri tərəfindən təqdim olunacaq. Fərəh Əliyeva onu da qeyd etdi ki, III Beynəlxalq musiqi festivalı çərçivəsində “Yay akademiyası” təşkil olunub və burada ustad dərsləri keçiriləcək. Festival çərçivəsində Ağdaş və Şəkidə keçiriləcək iki səyyar konsert də nəzərdə tutulub.
   Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli müsabiqəyə güclü ifaçıların qatıldığını söylədi: “Qəbələdə növbəti dəfə belə bir musiqi bayramının təşkilinə görə Heydər Əliyev Fonduna minnətdaram. Qəbələ III Beynəlxalq musiqi festivalı Azərbaycan mədəniyyətini dünyaya təqdim etmək üçün ən yaxşı fürsətdir. Bu, mədəniyyətimizin inkişafı üçün yaradılmış yüksək şəraitin daha bir təzahürüdür. Bu həm də Azərbaycanın, Azərbaycan musiqisinin təbliğatıdır. Qəbələ festivalı xarici qonaqlara Azərbaycan bəstəkarlarının əsərlərini təqdim etməklə yanaşı, yerli musiqisevərlərə dünyanın klassik sənət inciləri ilə yaxından tanış olmağa imkan yaradır. Müsabiqəyə gəlincə, qeyd etmək istərdim ki, rəqabət güclü olacaq”.
   Münsiflər heyətinin sədri, amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskaya müsabiqənin ədalətli aparılacağını vurğuladı: “Belə möhtəşəm musiqi bayramının keçirilməsinə görə münsiflər heyətinin üzvləri, müsabiqədə iştirak edən 9 ölkənin 15 iştirakçısı adından Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya minnətdarlıq edirik. Mən Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarlarının əsərlərinə yaxşı bələdəm. Mən azərbaycanlılarla təhsil almışam, həmçinin çoxlu azərbaycanlı tələbələrim olub. Onların ifasını dinləmişəm. İştirakçıların bəzilərini tanıyıram. Yüksək səviyyəli müsabiqə olacaq”.
   Münsiflərdən gürcüstanlı Manana Doijaşvili də Azərbaycanın dilbər guşəsində keçirilən musiqi bayramını xoş hisslərlə qiymətləndirdi: “İlk dəfədir burdayam. Təbiət, yaradılan şərait festival və müsabiqə keçirmək üçün çox gözəl məkandır. Ümid edirəm ki, müsabiqənin səviyyəsi də yüksək olacaq. Bütün iştirakçılara uğurlar diləyirəm. Bu festivala isə uzunömürlü olmağı arzulayıram. Onun dünyada məşhur festivala çevrilməsini istərdim”.
   ***
   İyulun 15-16-da müsabiqənin ilk turu keçirilib. Birinci turda 9 ölkədən 15 pianoçu - Andrey Yaroşinski (Rusiya), Yelena Smirnova (ABŞ), Van Lin (Çin), Abdiel Yarquez (Meksika), Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Toğrul Adiloğlu (Azərbaycan-Türkiyə), Eren Yahsı, Eren Aydoğan (Türkiyə), Fatimə Əliyeva (Rusiya-Azərbaycan), Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani, Daniel Kontuaşvili (Gürcüstan) və Aleksandr Samoilov (Ukrayna) bacarıqlarını nümayiş etdiriblər.
   Müsabiqə iştirakçılarının hər biri ümumilikdə 20 dəqiqə olmaqla 3 əsər ifa edib. Gənc pianoçular dünya şöhrətli bəstəkarlardan İ.S.Baxın “Prelüd və Fuqa” əsərini, V.M.Motsart və Y.Haydnın “Sonata”sını, F.Şopenin “Virtuoz etüdü”nü səsləndiriblər.
   İfalardan sonra amerikalı pianoçu, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın rəhbərliyi ilə münsiflər heyətinin qərarı açıqlanıb. İlk turda 15 nəfərdən 4-ü müsabiqəni tərk edib. Azərbaycanlı pianoçular Nərgiz Kəngərli və Fatimə Əliyeva da ikinci turda iştirak hüququ qazanan 11 gənc pianoçu sırasında yer alıblar.
   ***
   İyulun 17-18-də müsabiqənin ikinci turu keçirilib. Bu turda 7 ölkədən 11 pianoçu - Andrey Yaroşinski (Rusiya), Abdiel Yarquez (Meksika), Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Fatimə Əliyeva (Rusiya-Azərbaycan), Daniel Kontuaşvili, Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani (Gürcüstan), Aleksandr Samoilov (Ukrayna) və Eren Aydoğan (Türkiyə) müsabiqənin finalına çıxmaq uğrunda mübarizə aparıblar.
   Proqrama əsasən, bu mərhələdə gənc pianoçuların hər biri ümumilikdə 50 dəqiqə ərzində 4 əsər ifa edib. Pianoçular dünya şöhrətli bəstəkarlardan L.V.Bethovenin sonatasını, F.Listin etüdünü, Tofiq Quliyevin “Qaytağı” əsərini, eləcə də öz seçimləri ilə İ.Brams, R.Şuman və ya S.Raxmaninovun bir romantik əsərini ifa ediblər.
  
   Finalçılar məlum oldu
  
   İyulun 18-də müsabiqənin ikinci turu başa çatdıqdan sonra finala vəsiqə qazanmış ifaçıların adları elan olunub. Professor Oksana Yablonskayanın rəhbərlik etdiyi 11 nəfərdən ibarət münsiflər heyətinin açıqladığı yekun qərara əsasən, Andrey Yaroşinski (Rusiya), Nərgiz Kəngərli (Azərbaycan), Mizuho Nakada (Yaponiya), Ketevan Cakarataşvili, Aleksandr Vaşadze, Anna Kipiani (Gürcüstan), Aleksandr Samoilov (Ukrayna) bu turda uğurla çıxış edərək finalda iştirak etmək hüququ qazanıblar.
   Daniel Kontuaşvili (Gürcüstan), Abdiel Yarquez (Meksika), Fatimə Əliyeva (Rusiya-Azərbaycan) və Eren Aydoğan (Türkiyə) müsabiqəni tərk etməli olublar.
   Finala vəsiqə qazanmış 7 pianoçu iyulun 21-22-də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə konsert verəcək.  

  Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar