“Avazı yaxşı gəlir, oxuduğu mahnı olsa”. Məşhur el məsəlini bu cür dəyişdirərək təqdim etməyimiz səbəbsiz deyil. Bu yazıda söhbət açacağımız problem həqiqətən bu el məsələnin ibrətamiz mahiyyətinə çox uyğundur.
  
   Söhbət uşaqların tərbiyəsində musiqinin rolundan, balacaların musiqiyə marağının, bu yöndə mədəni təfəkkürünün formalaşmasından gedir. Bu bir gerçəkdir ki, balacalar uşaqlar üçün yazılmış mahnılardan daha çox küçələrdə addımbaşı eşidilən, radio kanallarında səslənən və bir çox hallarda bayağı təsir bağışlayan mahnıları, musiqi parçalarını əzbər bilirlər. İndiki uşaqların çoxu “Kukla”, “Cücələrim” kimi öz yaşına, yaş psixologiyasına uyğun olan mahnıları bilmirlər. Bu gün teleməkana nəzər yetirsək, görərik əsasən AzTV-dəki uşaq verilişlərində uşaq mahnıları, uşaq musiqi kollektivlərinin çıxışları tez-tez səsləndirilir və musiqinin tərbiyəedici funksiyası, yaş və psixoloji məqamlar gözlənilir. Amma bu verilişin də müasir uşağın intellektinə və zövqünə tam cavab verməməsi onun seyrçi auditoriyasını azaldır. Digər kanallarda isə uşaqlar üçün hazırlanan proqramlarda balacaların böyüklər üçün olan mahnıları oxumasının fərqinə varmırlar. Bir faktı nəzərə almaq lazımdır ki, uşağın qulağını hansı musiqi ilə doldursan, onu da öyrənib oxuyacaq.
   Böyük Üzeyir bəydən başlayaraq Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Şəfiqə Axundova kimi gözəl bəstəkarlarımız uşaqlar üçün musiqilər yazıblar. Bu gün də Sevda İbrahimova, Oqtay Rəcəbov, Məryəm Əlibəyli və başqaları uşaqlar üçün mahnı bəstələyirlər. Lakin bu mahnılar uşaq kollektivlərində az ifa olunur, məktəb, bağça proqramlarında az yer alır.
   Uşağın musiqi tərbiyəsini düzgün qurmaq lazımdır ki, gələcəkdə o, ən azı dinləyici kimi musiqidə yaxşını pisdən ayıra bilsin. Əgər kimsə düşünür ki, orta məktəbdə musiqi dərsi axırıncı yerlərdən birindədir, yanılır. Musiqi müəllimi yüksək intellekt sahibi olmalıdır ki, öz dərsini ədəbiyyat, tarix, coğrafiya fənləri ilə əlaqələndirə bilsin, musiqinin gücü ilə uşaqlarda vətənpərvərlik hisslərini artırsın, onlarda xeyirxah duyğular tərbiyə etsin.
   Hər bir sinif üzrə musiqi dərslərində aşağıdakı əsas musiqi fəaliyyətləri yerinə yetirilir: musiqi dinlənilməsi, onun qavranması, mahnı oxumaq, not savadına yiyələnmək, musiqili - ritmik hərəkətləri yerinə yetirmək, sadə musiqi alətlərində ifa etmək, improvizasiya və s. Musiqi dərsləri məktəblilərin və yetişməkdə olan gənc nəslin hərtərəfli inkişafına təsir göstərir, onlarda Vətənə, ictimai - faydalı əməyə və təlimə məhəbbət hissi tərbiyə edir.
   Məktəblilərin musiqi dünyagörüşünün genişlənməsində musiqi dinləmə böyük əhəmiyyətə malikdir. Bu məqsədlə lap birinci sinifdən başlayaraq musiqi sənətinin emosional məzmunu və musiqi ifadə vasitələri arasında əlaqə yaratmaq nəzərdə tutulur. Bunun üçün dinamika, registr, melodiya, ritm, musiqi janrları və quruluşları, səslərin və musiqi alətlərinin, xor və orkestrin tembri haqqında məlumatlara yiyələnməyin əhəmiyyəti böyükdür.
   Ancaq əfsus ki, indi bəzi məktəblərdə fənn müəllimləri dərs çatışmazlığı nəticəsində musiqi dərsini tədris edirlər. Bu da yetişməkdə olan gənc nəslin musiqi duyumunun zəif inkişafına gətirib çıxarır. Çünki bir çox «musiqi müəllimlərimiz» hətta proqramda olan bəzi mahnıları özləri bilmirlər.
   İlk baxışda elə görünə bilər ki, uşaq mahnılarını çap etdirmək, lentə aldırmaq izafi xərcdir. Halbuki marketinq qaydaları gözlənilməklə bu işi də elə qurmaq olar ki, həm maddi qazanc əldə edərlər, həm də böyük bir savab iş görməklə mənəvi rahatlıq taparlar. Çünki heç inanmıram ki, kimsə uşaq mahnılarının pirat nüsxələrini çoxaldıb küçələrdə satmaq həvəsinə düşər. Lakin reklam yaxşı qurulduqda birinci sinfə getmək münasibətilə, «Əlifba» bayramı, lap elə ad günü münasibəti ilə sinif yoldaşına, qohum uşağına hədiyyə kimi belə bir mahnı çələngi hədiyyə etmək olar. Üstəlik bir dəfə yazılmış lenti dəfələrlə təkrar tiraj kimi satışa çıxarmaq mümkündür.
   Belə olduğu halda nəsil dəyişdikcə yaxşı uşaq mahnısının dinləyicisi və ifaçısı da olacaq. Yaddan çıxarmayaq ki, bu gün Azərbaycan musiqisini bütün dünyada ləyaqətlə təmsil edən, səhnəmizin canlı korifeyi olan Zeynəb Xanlarova, tanınmış müğənnilər Nisə Qasımova, Firuzə İbadova vaxtilə görkəmli bəstəkar Əfsər Cavanşirovun rəhbərlik etdiyi «Bənövşə» uşaq xorunun yetirmələri olub.
  
   Müjkan Məmmədzadə,
   Mədəniyyətşünaslıq üzrə EMM bölmə müdiri, AzDBTIA-nın magistrantı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar